Məhkəmə qərarları › İş №3(073)-844/2025

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-844/2025

30.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-844/2025 30.07.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Abbasbəyli Abbas Mehdi oğlunun katibliyi, Şikayət vermiş şəxs X3 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti X1 xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X5 tərəfindən verilmiş şikayətə Cəlilabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizəyə əsasən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti X1 xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə qərarı ilə şikayətçi X5 Azərbaycan Respublikası İXM-nin 192.5-ci maddəsi ilə təqsirli bilinərək 1500 manat məbləğində cərimə edilmişdir. Cərimə edilməsinin səbəbi guya onun tərəfindən X11 2024-2025-ci illər üçün əmək məzuniyyəti verilən zaman Əmək Məcəlləsinin 114-cü maddəsinin 6-cı bəndinin tələblərinin pozulmasıdır. Məzuniyyət əmri onun tərəfindən verilməmişdir. Həmin vaxtı o özü də məzuniyyətdə olmuşdur. Barəsində tərtib edilmiş cərimə ilə razılaşmır və hesab edir ki, cərimə əsassız yazılıb. Qeyd olunanların nəzərə alınaraq şikayətin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X5 şikayəti müdafiə edərək verdiyi izahatında göstərmişdir ki, işçinin hər hansı məzuniyyət hüququ pozulmadığı halda 1500 manat cərimə edilməsi əsassızdır. Müfəttişlik xidməti inzibati araşdırma aparan zaman yalnız tabeldəki imza ilə kifayətlənib və elə hesab edib ki, guya biz işçini məzuniyyətinin bitməsinə 1 gün qalmış işə çağırmışıq və onun məzuniyyət hüququnu pozmuşuq. Halbuki işçi məzuniyyət əmri ilə nəzərdə tutulduğu kimi 18 mart 2025-ci ildə işə çıxıb, inzibati orqan isə həmin tarixi 17 mart kimi qəbul edərək inzibati protokol tərtib ediblər. Hətta işçiyə məzuniyyət verildiyi tarixdə o özü məzuniyyətdə olub və əmri o verməyib. İşçi özü isə 20 ilə yaxındır ki, həmin müəssisədə işləyir, bu müddət ərzində hər hansı problem yaşanmayıb, hətta işçi bir neçə dəfə əmək intizamını pozsa da ona güzəştlər edilib. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında inzibati orqanın nümayəndəsi X14 verdiyi izahatında işçinin məzuniyyət hüququnun pozulduğunu bildirmişdir. 18 mart 2025-ci il tarixdə işdə olmalı olduğu halda əmək haqqı tabelində 17 mart tarixinin qarşısında işçinin işdə olması ilə bağlı qeyd aparılmışdır, bu da o deməkdir ki, işçi 17 mart 2025-ci il tarixdə artıq faktiki işdə olub, habelə işçinin vaxtından əvvəl geri çağırılması barədə işəgötürən tərəfindən hər hansı əmr verilməyib. Tərtib edilmiş protokol və qəbul edilmiş inzibati tənbeh qərarı tam əsaslıdır. Qeyd edilənlərin nəzərə alınaraq şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında şahid kimi izahatı alınmış işçi X16 bildirmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cəlilabad Rayon Gigiyena və Epidemiologiya Mərkəzində dezinfektor vəzifəsində işləyir. xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə kimi 43 gün əmək məzuniyyətində olub. Əmək haqqı karta az oturduğundan o da şikayət məqsədilə yox, öyrənmək məqsədilə Milli Məclisə sorğu ilə müraciət etmişdir. Həmin müraciəti əslində o özü yox, atası etmişdir. Faktiki olaraq 18 mart 2025-ci il tarixdə işə qayıdıb, hər hansı hüququ pozulmayıb. Etiraf edir ki, hətta özü tərəfindən intizam xətaları olsa da işəgötürən həmişə ona güzəştlər etmişdir. Milli Məclisə müraciət etmələrinin səbəbi o olmuşdur ki, 8 mart bayramı onun məzuniyyət günlərinin sırasına düşmüşdür, o da az əmək haqqı almışdır. Sonradan bu barədə işəgötürən müəssisənin mühasibi ilə dəqiqləşmə aparmış və hər şey ona aydın olmuşdur. Hazırda hər hansı şikayət və tələbi yoxdur. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, şikayət əsaslıdır. İşdə olan: - 16 may 2025-ci il inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 tərəfindən X6 2024-2025-ci il üçün əmək məzuniyyəti verilməsi zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 114-cü maddəsinin 6-cı bəndinin tələbləri pozulmuşdur, buna görə də işəgötürən İXM-in 192.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1500 manat inzibati qaydada cərimə edilmişdir; - 07 iyul 2025-ci il tarixli 136 nömrəli Aktdan görünür ki, X16 xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci ilə kimi 43 gün əmək məzuniyyətində olub, xx.xx.2025-ci il tarixdə işə qayıdıb. Akt təsərrüfat müdiri X12, dezinfektor təlimatçı X7, dezinfektor təlimatçı X4, dezinfektor X8, mülki müdafiə üzrə mütəxəssis X9 və işçi (dezinfektor) X6 özü tərəfindən imzalanmaqla işəgötürənin möhürü ilə təsdiq edilmişdir; - işçi X6 Cəlilabad Rayon Məhkəməsinə əlyazma formasında təqdim etdiyi xx.xx.2025-ci il tarixli Ərizəsindən görünür ki, o, xx.xx.2025-ci ildən 42 gün + 1 gün də 8 mart bayram günü olmaqla cəmi 43 gün əmək məzuniyyətində olmuşdur, 18 mart 2025-ci il tarixdə işə qayıtmışdır. Ərizə işçi tərəfindən imzalanmışdır; - xx.xx.2025-ci il tarixli 4 saylı əmrdən çıxarışdan görünür ki, X16 növbəti əmək məzuniyyət vaxtı çatdığı üçün 2025-ci iş ilinin hesabına 03 fevral 2025-ci il tarixdən etibarən əsas məzuniyyət – 30 gün, zərərli sahəyə görə - 6 gün və 1 bayram günü olmaqla cəmi 43 təqvim günü müddətinə əmək məzuniyyətinə buraxılmışdır. İşə başlama tarixi 17 mart 2025-ci il müəyyən edilmişdir; - xx.xx.2025-ci il tarixli 1-K saylı “R.Z.Ağayevin əsas məzuniyyətinin verilməsi haqqında” əmrdən görünür ki, X11 03 fevral 2025-ci il tarixdən etibarən əsas məzuniyyət – 30 gün, zərərli sahəyə görə - 6 gün əmək məzuniyyətinə buraxılmışdır, 18 mart 2025-ci il tarixdə işdə olmalı olması müəyyən edilmişdir; - işəgötürən üzrə 2025-ci il il mart ayı üçün “Əmək haqqı tabeli”nin surətindən görünür ki, 17 mart 2025-ci il tarix üçün işçi Ramin Ağayevin adının qarşısında “7” yazısı, ondan əvvəlki günlərin qarşısında isə “Məzuniyyət” sözü yazılmışdır. Beləliklə, müəyyən edilmişdir ki, işçi 2025-ci ilin mart ayı üçün əmək haqqısının az ödənilməsi ilə bağlı Milli Məclisə müraciət etmişdir, müraciət araşdırılması üçün aidiyyəti üzrə inzibati orqana yönləndirilmişdir, inzibati orqan tərəfindən işəgötürəndən bəzi sənədlər əldə edilmiş və əmək haqqı tabelində 17 mart 2025-ci il tarix üçün işçinin adının qarşısında işəgötürən tərəfindən qeyd aparılması faktı aşkar edilmiş, habelə işəgötürən tərəfindən işçinin vaxtından əvvəl geri çağırılması ilə bağlı əmr verilmədiyi müəyyən edilmiş və bununla da işəgötürən tərəfindən inzibati xəta törədildiyi qənaətinə gəlinmişdir. Halbuki işçinin həqiqətən də əmək məzuniyyəti hüququ pozulmaqla işə vaxtından əvvəl tez qayıtması halı işçinin özünün izahatı, işəgötürən müəssisədə çalışan işçilər tərəfindən tərtib edilmiş akt, işçinin özünün məhkəməyə təqdim etdiyi yazılı ərizə və işəgötürənin izahatı ilə təkzib edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında məhkəmə tərəfindən inzibati orqanın nümayəndəsinə işçiyə mart üçün nə qədər əmək haqqı ödənilməsi və 17 mart 2025-ci il tarix üçün əmək haqqı ödənilib-ödənilmədiyi ilə bağlı araşdırma aparmaları barədə verilmiş sualına cavab olaraq nümayəndə həmin hissədən məlumatsız olduğunu, araşdırma aparılmadığını bildirmişdir. Beləliklə, məhkəmə hesab edir ki, yalnız əmək haqqı tabelində işçinin adının qarşısında hər hansı qeyd aparılması əsası ilə inzibati xəta hadisəsinin mövcudluğu barədə qənaətə gəlməklə inzibati orqan şikayət vermiş şəxsi əsassız olaraq inzibati məsuliyyətə cəlb etmişdir. Həmin hal, yəni işçinin 17 mart 2025-ci il tarixdə işdə olması faktı isə işin bütün digər halları ilə təkzib edilmişdir. Belə olan halda, həmin tabeldə işçinin adının qarşısında aparılmış müvafiq qeyd inzibati xəta əməlinin törədilməsi ilə bağlı şübhə olaraq qalır ki, bu halda məhkəmə İXM-in 8-ci maddəsini tətbiq etməklə həmin şübhənin işəgötürənin xeyrinə həll edilməli olması qənaətinə gəlir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinın bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar, inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar imperativ olaraq araşdırılmalıdır. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, X3 İXM-in 192.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmamışdır, inzibati orqan tərəfindən həmin şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün yetərli olacaq hər hansı birbaşa sübut təqdim edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, şikayət vermiş şəxsin əməlində İXM-nin 192.5-ci maddəsinin tərkib əlamətləri mövcud deyildir, beləliklə də inzibati xəta haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nın 105.1-ci maddəsinə görə həmin Məcəllənin 53cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməli, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.5-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Azərbaycan Respublikasın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin X1 xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.5-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Azərbaycan Respublikasın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin X1 xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Göstərilən müddətdə şikayət verilmədikdə, həmin müddət bitdikdən sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar