Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-888/2023 28.09.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, Şikayət verən şəxs X1, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, Şikayət verən vəzifəli şəxs X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən barəsində Azərbaycan Respublikası İXM-nin 541.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair 18 avqust 2023-cü il tarixdə tərtib edilmiş MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şikayət verən şəxs X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin "İnzibati tənbeh vermə haqqında" 18 avqust 2023-cü il tarixdə tərtib edilmiş MN ******* nömrəli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət verən vəzifəli şəxs X5 məhkəmə iclasında izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin "İnzibati tənbeh vermə haqqında" 18 avqust 2023-cü il tarixdə tərtib edilmiş MN ******* nömrəli qərarı ilə Cəlilabad rayon Muğan bələdiyyəsinin sədri X5 vəzifəli şəxs qismində 3000 (üç min) manat miqdarında cərimə edilmişdir. "İnzibati tənbeh vermə haqqında" 18 avqust 2023-cü il tarixdə tərtib edilmiş MN ******* nömrəli qərar belə əsaslandırılmışdır ki, Cəlilabad rayon Muğan bələdiyyəsi tərəfindən sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməmişdir. "İnzibati tənbeh vermə haqqında" qərarı qanunsuz və əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi "İnzibati tənbeh vermə haqqında" 18 avqust 2023-cü il tarixli, MN- ******* nömrəli qərarı ilə Cəlilabad rayon Muğan bələdiyyəsinin sədri X5 vəzifəli şəxs qismində cərimə edilsə də, ümumiyyətlə qərarda hansı əsasla sırf bələdiyyə sədrinin cərimə olunması qeyd edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 21 aprel tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş "Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydalarının" 1.4-cü bəndinə əsasən, bu Qaydalarda aidiyyəti qurumlar dedikdə "Tullantıların idarə edilməsi sahəsində əlavə tədbirlər və "Məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 avqust tarixli 2983 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 2 iyul tarixli 1735 nömrəli Fərmanı ilə müəyyən edilən inzibati ərazi vahidlərində həmin Fərman ilə müəyyən edilmiş səlahiyyətlərinə uyğun olaraq "xxxx" Açıq Səhmdar Cəmiyyəti, digər hallarda isə yerli icra hakimiyyəti orqanlarının kommunal-təsərrüfat qurumları nəzərdə tutulur. Digər bir tərəfdən tullantıların aşkar olunduğu torpaq sahəsi ümumiyyətlə Cəlilabad rayon Muğan bələdiyyəsinin mülkiyyətinə aid olan torpaq sahəsi deyildir. Həmin torpaq sahəsi dövlət mülkiyyəti olmaqla, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansındadır. Yəni, bələdiyyənin qeyd olunan torpaq sahəsi ilə əlaqəsi yoxdur. Şikayət verən vəzifəli şəxs X5 şikayət ərizəsini müdafiə edərək ona uyğun izahat verərək şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı inzibati tənbeh vermə haqqında qərar qəbul edən orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X6 izahatında göstərdi ki, 04 avqust 2023-cü il tarixdə Cəlilabad rayonu Muğan kəndində müəyyən olunmamış yerdə sənaye və məişət tullantılarının qalaqlanması Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən aşkar edilmiş və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 541.1-ci maddəsi ilə 18 avqust 2023-cü il tarixdə tərtib edilmiş MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmişdir. Vəzifəli şəxs X5 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 541.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı işə baxılması 04 avqust 2023-cü-ci il tarixə təyin edilmiş və bu barədə vəzifəli şəxsə bildiriş göndərilmişdir. İnzibati xəta haqqında işə həmin tarixdə baxılmış və eyni tarixdə vəzifəli şəxs X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 541.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X4 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarla barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan vəzifəli şəxs inzibati xəta haqqında işə baxılmasında iştirak etmişdir. Qanuna müvafiq qaydada qərar qəbul edilərək qəbul edilmiş qərarın qüvvədə saxlanılmasını, şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə şikayət verən vəzifəli şəxs X1 şikayətini, iş materiallarını araşdıraraq, iş üzə toplanmış sənədlərə hüquqi qiymət verərək, tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, X7 həmin vaxt ona istinad olunan inzibati xəta hadisəsini törətmədiyindən onun barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən baxılan inzibati xətalar haqqında işlər üzrə inzibati tənbehin tətbiq edilməsi haqqında 20 iyul 2023-cü il tarixli, MN ******* saylı qərar ləğv edilməli və X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 541.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 04 avqust 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Muğan bələdiyyəsinin sədri X7 barəsində sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl etmədiyinə görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 541.1-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X8 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında MN seryalı ******* nömrəli 18 avqust 2023-cü il tarixli qərardan görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xəta Məcəlləsinin 541.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 3000 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin tələblərindən aydın olur ki, yerli ekoloji proqramların məqsədi dövlətin həyata keçirdiyi ekoloji proqramlarda nəzərdə tutulmayan və ya onlara əlavə olaraq yerli əhəmiyyətli ekoloji təmizlik məsələlərinin həllinə yerli əhalinin hamılıqla cəlb edilməsidir. Həmin proqramlara yerli şəraitdə mövcud olan ekoloji tarazlığın qorunub saxlanılması, bələdiyyə ərazisinin yaxşılaşdırılması və abadlaşdırılması, məişət tullantılarının yığılması, nəql edilməsi, zərərsizləşdirilməsi, emalı və bu sahədə başqa məsələlərin həlli üçün tədbirlər görülməsi, suyun, havanın, torpağın hər cür çirklənmədən qorunması, qonşu bələdiyyələrlə birgə ekoloji tədbirlərin həyata keçirilməsi və yerli əhəmiyyətli digər tədbirlər daxil edilə bilər. Bələdiyyələr dövlətin ekoloji proqramları ilə yerli ekoloji proqramların əlaqələndirilməsinə, müəyyən hallarda birgə tədbirlərin həyata keçirilməsinə yardım göstərirlər. Qanunvericiliyin qeyd edilən tələblərindən aydın olur ki, dövlətin həyata keçirdiyi ekoloji proqramlarda nəzərdə tutulmayan və ya onlara əlavə olaraq yerli əhəmiyyətli ekoloji təmizlik məsələləri ilə bağlı yerli ekoloji proqramlar bələdiyyələrin maliyyə imkanlarına uyğun olaraq nəzərdə tutula bilər, məişət tullantıllarının yığılması, nəql edilməsi, yerləşdirilməsi və zərərsizləşdirilməsinin həyata keçirilməsi bələdiyyələrin vəzifəsi deyil, hüququdur. Bildirilir ki, “şəhərlər və digər yaşayış məntəqələri ərazisinin təmizlənmə və yığışdırılma sistemi məişət tullantılarının (yaşayış sahələrinin ərazisində toplanmış təsərrüfat-məişət, həmçinin yaşayış və ictimai binaların, ticarət müəssisələrinin, ictimai iaşə və mədəni-məişət sahələrinin tullantılarının, küçə tullantılarının, süpürüntülərinin və digər məişət tullantılarının) məqsədyönlü yerləşdirilməsi, tezliklə kənar edilməsi, zərərsizləşdirilməsi və utilizə edilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi barədə Qaydaları” ilə tənzimlənir. “Tullantıların idarə edilməsi sahəsində əlavə tədbirlər və “Məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 avqust tarixli 2983 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 2 iyul tarixli 1735 nömrəli Fərmanı ilə müəyyən edilən inzibati ərazi vahidlərində aidiyyəti qurumlar dedikdə həmin Fərman ilə müəyyən edilmiş səlahiyyətlərinə uyğun olaraq "xxxx" Açıq Səhmdar Cəmiyyəti, digər hallarda isə yerli icra hakimiyyəti orqanlarının kommunal-təsərrüfat qurumları nəzərdə tutulur. Qeyd olunur ki, “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 3.9-cu bəndinə əsasən istehsalat və məişət tullantılarının yığılması və daşınması işinin təşkil edilməsi, icazəsiz tullantı yerlərinin ləğv edilməsi üçün tədbirlərin görülməsi və tullantılarla davranma qaydaları barədə şəxslərin məlumatlandırılmasının təmin edilməsi yerli icra hakimiyyəti başçısının vəzifələri kimi göstərilmişdir. həmçinin bələdiyyələrin vəzifəli şəxslərinin inzibati məsuliyyətə cəlb edilməsi ilə əlaqədar əsassız inzibati xəta haqqında protokolların tərtib edilməsi hallarında onların ləğv edilməsi üçün inzibati və ya məhkəmə qaydasında müraciət edilməsi tövsiyə olunur. İnzibati Xətalar Məcəlləsinin 53.2-ci hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, Cəlilabad rayon Muğan bələdiyyəsinin sədri X7 həmin vaxt ona istinad olunan inzibati xəta hadisəsini törətmədiyindən onun barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən baxılan inzibati xətalar haqqında işlər üzrə inzibati tənbehin tətbiq edilməsi haqqında 20 iyul 2023-cü il tarixli, MN ******* saylı qərar ləğv edilməli və X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 541.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən baxılan inzibati xətalar haqqında işlər üzrə inzibati tənbehin tətbiq edilməsi haqqında 20 iyul 2023-cü il tarixli, MN ******* saylı qərar ləğv edilsin. Cəlilabad rayon Muğan bələdiyyəsinin sədri X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 541.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(073)-888/2023
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-888/2023
28.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver