Məhkəmə qərarları › İş №3(073)-903/2025

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-903/2025

11.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-903/2025 11.08.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi Qasımov Elvin Yusif oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1980-ci il tarixdə Cəlilabad rayonu Alar kəndində anadan olmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, Cəlilabad rayonu Alar kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 368-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən daxil olmuş 18 iyul 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs mobil telefon cihazının qeydiyyatının aparılmasından yayınmaq üçün cihazın İMEİ nömrəsini dəyişdirmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 368-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib edən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəməyə vəsatət göndərərək göstərmişdir ki, Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin icraatında olan 3-33/1-010668/2025 nömrəli iş üzrə Şəxs barəsində aparılan araşdırma ilə “Poçt və ekspres daşımalar" gömrük postunda Malayziyadan beynəlxalq poçt göndərişləri vasitəsilə gələn, üzərində alıcının ünvanı AZ1512, Azerbaijan, Alar Jalilabad (mob nöm:+**********09), adı isə Şəxs kimi göstərilmiş, RC212277661MY izlənmə kodlu poçt göndərişinə dair məlumatların təhlili və barəsində həyata keçirilən gömrük nəzarəti əsnasında bir neçə risk hallarının mövcudluğuna dair şübhələr müəyyən edilmişdir. 17 mart 2025-ci il tarixində həmin beynəlxalq poçt göndərişinin yoxlanılması zamanı, göndərənin adı PMK1617, SPU X2 Hub Jalan KLİA S1.64000 SEPANG SELANGOR MALAYSİA kimi qeyd olunmuş, çəkisi 0.526 kq olan poçt bağlamasının içərisində üzərində markası qeyd olunmamış qutunun içərisində 1 (bir) ədəd mobil telefon aşkar edilmiş, protokol əsasında götürülmüşdür. Eyni zamanda, sözügedən mal “Smart Customs” tətbiqində vətəndaş tərəfindən **********863 qeydiyyat nömrəli Elektron ticarət bəyannaməsi ilə ümumi gömrük dəyəri 63 ABŞ dolları olaraq (invoys dəyəri 43 ABŞ dolları, daşınma xərci 20 ABŞ dolları) bəyan edilmişdir. Lakin, həmin mobil cihaza məxsus İMEİ kodların müvafiq Elektron ticarət bəyannaməsində qeydiyyata alınması prosesində bu kodların artıq digər bir bəyannamədə (**********872 qeydiyyat nömrəli sadələşdirilmiş bəyannamə-Sərnişin Gömrük bəyannaməsi) daxil edildiyi haqqında sistem tərəfindən bildiriş verilmişdir. Dövlət Gömrük Komitəsindən daxil olan 2025-ci il 7 iyul tarixli 3-33/2- 010874/2025 nömrəli məktubla təqdim edilən materiallar əsasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozulması halı müəyyən edilmiş və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 368-1.1-ci maddəsinin tələblərinin pozulmasına (mobil cihazın İMEİ nömrəsinin dəyişdirilməsi və ya surətinin köçürülməsinə) dair MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 368-1.1-ci maddəsinə əsasən mobil cihazın qeydiyyatının aparılmasından yayınmaq məqsədilə mobil cihazın İMEİ nömrəsinin dəyişdirilməsinə və ya surətinin köçürülməsinə yönəlmiş əməl müvafiq inzibati məsuliyyətə səbəb olur. Qeyd edilənləri nəzərə alaraq, İnzibati Xətalar Məcəlləsinin 368-1.1-ci maddəsi əsasən inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsi xahiş edilmişdir. İnzibati xəta haqqında protokolu tərtib edən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə 11 avqust 2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını və aidiyyatı üzrə inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında özünü barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 368-1.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə təqsirli bilməyərək göstərdi ki, mobil telefon almaq məqsədilə istifadəsində olan mobil telefonla “Alibaba.com” saytına daxil olmuşdur. Saytda axtarış etdiyi zaman qarşısına “Samsung S24 Ultra” markalı mobil telefon çıxmışdır. Cihazın qiyməti ucuz olduğu üçün almağa qərar vermiş və bəzi məsələlərin dəqiqləşdirilməsi məqsədilə satıcıya sayt üzərindən onlayn qaydada müraciət ünvanlamışdır. Müraciəti sözügedən mobil telefonun ölkə ərazisində işləyibişləməsi, həmçinin daşıma məsələri ilə əlaqədar olmuşdur. Satıcı öz növbəsində bununla bağlı ona ətraflı məlumat vermiş, həmçinin mobil telefonun orijinal olmadığını və “Samsung S24 Ultra" markalı mobil telefona oxşar telefon olduğu bildirmişdir. O, xx.xx.2025- ci il tarixdə plastik kartla mobil telefonu sayt üzərindən sifariş etmişdir. xx.xx.2025-ci il tarixdə istifadəsində olan mobil nömrəyə tərəfindən şəxsiyyətini təsdiq edən vəsiqəni təqdim etməklə bağlamanı götürə biləcəyi barədə sms bildiriş göndərilmişdir. Bu məqsədlə Bakı şəhərinə, "xxxx" MMC-nin yerləşdiyi ünvana yollanmışdır. Orada gömrük əməkdaşları tərəfindən ona bildirilmişdir ki, sifariş etdiyi mobil telefonun İMEİ kodları daha əvvəl başqa bir mobil telefon üzərindən qeydiyyatdan keçirilmişdir. Məsələ ilə bağlı oradaca sayt üzərindən satıcı ilə əlaqə saxlamış və mövcud vəziyyəti ona izah etmiş, lakin satıcı belə bir halın baş verməsinin mümkünsüz olduğunu bildirərək əlavə məlumat verməkdən imtina etmişdir. O, sifariş etdiyi telefonu fiziki olaraq təhvil almamış, həmin telefonun İMEİ kodlarının daha əvvəl başqa bir mobil telefon üzərindən qeydiyyatdan keçirilməsi ilə bağlı heç bir məlumatı olmamış və bununla bağlı onun tərəfindən heç bir texniki əməliyyat aparılmamışdır. Həmin İMEİ kodlarla daha əvvəl Ayaz Bayramov ad soyadlı şəxs tərəfindən “Samsung S24 Ultra” markalı mobil telefonun müvəqqəti olaraq ölkə ərazisinə idxal olunmasından məlumatı olmamış və ümumiyyətlə Ayaz Bayramov ad soyadlı şəxsi tanımır. Qeyd etdiklərinin nəzərə alınaraq, məhkəmədən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 368-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 18 mart 2025-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 1 ədəd qara rəngli mobil telefon narıncı rəngli qutunun içərisinə enerji yükləyicisi və **********41427/**********41422 İMEİ kodları qeyd olunmuş kağız parçası ilə birlikdə yerləşdirilmişdir.Cihaz aktivləşdirildikdən sonra “parametrlər” bölməsində olan “telefon haqqında” məlumatlar altbölməsində telefonun modeli “S24 Ultra”, seriya nömrəsi: “R5CX14AHJ0P”, İMEİ kodları müvafiq olaraq **********41427/**********41422 olması barədə məlumatların əks olunduğu müşahidə edilmişdir. - 29 noyabr 2024-cü il tarixli “Fiziki şəxslər tərəfindən gömrük orqanına təqdim edilən sadələşdirilmiş bəyannamə” dən görünür ki, X1 Azərbaycan Respublikası ərazisinə gələn Gürcüstan Respublikası vətəndaşı Ayaz Bayramov adlı şəxs tərəfindən müvəqqəti olaraq gətirilmiş “Samsung S24 Ultra markalı” mobil cihazın İMEİ kodları müvafiq olaraq **********41427/**********41422 qeyd edilmişdir. - “Elektron ticarət bəyannaməsindən” görünür ki, “Smart Customs” tətbiqində vətəndaş Şəxs tərəfindən sifariş edilən məhsulun ümumi gömrük dəyəri 63 ABŞ dolları olaraq (invoys dəyəri 43 ABŞ dolları, daşınma xərci 20 ABŞ dolları) bəyan edilmişdir. - RC212277661MY izlənmə kodlu poçt göndərişində Malayziyadan beynəlxalq poçt göndərişləri vasitəsilə gələn, üzərində alıcının ünvanı AZ1512, Azerbaijan, Alar Jalilabad (mob nöm:+**********09), adı isə Şəxs kimi, göndərənin adı isə PMK1617, SPU X2 Hub Jalan KLİA S1.64000 SEPANG SELANGOR MALAYSİA, və çəkisi 0.53 kq, dəyəri 40 dollar olan üzərində markası qeyd olunmamış 1 (bir) ədəd mobil telefon qeyd edilmişdir. - Onlayn platforma üzərindən yazışmalardan görünür ki, satıcı tərəfindən alıcı Şəxs mobil telefonla bağlı ətraflı məlumat verilmiş, həmçinin mobil telefonun orijinal olmadığını və “Samsung S24 Ultra" markalı mobil telefona oxşar telefon olduğu bildirmişdir. - Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinə təqdim edilmiş xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, sorğu olunan İMEİ nömrələri “Galaxy S24 Ultra” modelinə məxsusdur və mobil cihazların qeydiyyat sistemində qeydiyyatda deyildir. - Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinin 10 aprel 2025-ci il tarixli, 67 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2025-ci il tarixli qərara əsasən 1 (bir) ədəd 1 TB yaddaş tutumuna malik “samsung S24 Ultra” markalı mobil telefon saxtadır və mobil telefonun xx.xx.2025-ci il tarixinə bazar qiyməti 120 (bir yüz iyirmi) manat müəyyən edilmişdir. - Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinə təqdim edilmiş məktubdan görünür ki, materialların araşdırılması zamanı keçirilmiş müvafiq istintaqəməliyyat tədbirləri nəticəsində qeyd olunan mobil cihazların İMEİ nömrələrinin dəyişdirilməsi əməllərinin baş idarədə istintaqı aparılan242990094 nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, eləcə də barələrində cinayət təqibi aparılan şəxslərə aidiyyatı olmadığı müəyyən edilmiş və material araşdırmanın davam etdirilməsi məqsədilə Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinə qaytarılmışdır. - 07 iyul 2025-ci il tarixli “Materialın aidiyyatı üzrə göndərilməsi barədə” qərardaddan görünür ki, 3-33/1-010668/2025 nömrəli material üzrə Azərbaycan Respublikası vətəndaşı Şəxs barəsində Azərbaycan respublikası İnzibati Xətalar məcəlləsinin 448-ci maddəsində nəzərədə tutulmuş inzibati xəta haqqında işin başlanması həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən rədd edilmiş və Şəxs tərəfindən www.alibaba.com onlayn ticarət platforması tərəfindən sifariş edilmiş “Samsung Galaxy S24 Ultra markalı” mobil telefona vizual və funksional baxımdan bənzər saxta mobil cihazının ölkə ərazisinə BƏƏ-dən Azərbaycan Respublikası ərazisinə gələn Gürcüstan Respublikası vətəndaşı Ayaz Bayramov adlı şəxs tərəfindən müvəqqəti olaraq gətirilmiş “Samsung Galaxy S24 Ultra markalı” mobil cihazın İMEİ kodları ilə eynilik təşkil etməsi faktına əsasən toplanmış material hüquqi qimət verilməsi üçün Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi həmin Məcəllədən ibarətdir. - 1.3-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. - 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. - 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. - 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 368-1.1-ci maddəsinə əsasən mobil cihazın qeydiyyatının aparılmasından yayınmaq məqsədilə mobil cihazın İMEİ nömrəsinin dəyişdirilməsinə və ya surətinin köçürülməsinə görə - fiziki şəxslər üç yüz manatdan dörd yüz manatadək, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. “Telekommunikasiya haqqında" Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən, sellular (mobil ) xidmətlərdən istifadə ilə əlaqədar, mobil cihazların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qeydiyyatı aparılmalıdır. Mobil cihazın qeydiyyatının aparılmasından yayınmaq məqsədi ilə mobil cihazların İMEİ nömrəsinin (tək və bənzərsiz olaraq yaradılmış beynəlxalq identifikasiyanı (eyniləşdirməni) göstərən nömrə) dəyişdirilməsi və ya sürətinin köçürülməsi, habelə mobil operatorlar tərəfindən İMEİ nömrələri mobil cihazların qeydiyyat sisteminin qara səhifəsində olan mobil cihazlara (İMEİ nömrələri uyğunlaşdırılmış ağ səhifədə olan mobil cihazlar istisna olmaqla) telekommunikasiya xidmətlərinin göstərilməsi qadağandır. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 28 dekabr tarixli 212 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”nın 1-ci bəndinə əsasən bu qayda “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq Azərbaycan Respublikasında mobil cihazların qeydiyyata alınması qaydasını və onlara telekommunikasiya şəbəkələrində xidmət göstərilməsinin xüsusiyyətlərini tənzimləyir. Həmin qaydanın 2.1-ci bəndinə uyğun olaraq mobil cihazların qeydiyyat sistemi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (Nazirlik) tərəfindən qurulur. Nazirliyin müəyyən etdiyi texniki şərtlərə uyğun fəaliyyət göstərir və göstərilən xidmətlər və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir. Həmin qaydanın 4.4-1-ci bəndinə əsasən, satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə hüquqi və fiziki şəxslər tərəfindən idxal olunarkən gömrük rüsumu və əlavə dəyər vergisi tutulmaqla rəsmiləşdirilmiş mobil cihazlar istisna olmaqla, fiziki şəxs tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilir. Həmin qaydanın 6.7-ci bəndinə əsasən, mobil cihazın qeydiyyatının aparılmasından yayınmaq məqsədilə mobil cihazın İMEİ nömrəsinin dəyişdirilməsi və ya surətinin köçürülməsi, habelə İMEİ nömrələri MCQS-nin qara səhifəsində olan mobil cihazlara (İMEİ nömrələri uyğunlaşdırılmış ağ səhifədə olan mobil cihazlar istisna olmaqla) telekommunikasiya xidmətlərinin göstərilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati məsuliyyətə səbəb olur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs mobil telefon almaq məqsədilə istifadəsində olan mobil telefonla “Alibaba.com” saytından “Samsung S24 Ultra” markalı mobil telefona vizual və funksional baxımdan bənzər mobil telefon sifariş etmişdir. Satıcı tərəfindən həmin telefonla bağlı alıcıya ətraflı məlumat verilmiş, həmçinin mobil telefonun orijinal olmadığını və “Samsung S24 Ultra" markalı mobil telefona oxşar telefon olduğu bildirmişdir. Lakin həmin mobil cihaza məxsus İMEİ kodların müvafiq Elektron ticarət bəyannaməsində qeydiyyata alınması prosesində isə bu kodların artıq digər bir bəyannamədə (**********872 qeydiyyat nömrəli sadələşdirilmiş bəyannamə- Sərnişin Gömrük bəyannaməsi) daxil edildiyi məlum olmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin 07 iyul 2025-ci il tarixli “Materialın aidiyyatı üzrə göndərilməsi barədə” qərardadı ilə 3-33/1-010668/2025 nömrəli material üzrə Azərbaycan Respublikası vətəndaşı Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar məcəlləsinin 448-ci maddəsində nəzərədə tutulmuş inzibati xəta haqqında işin başlanılması rədd edilmiş və toplanmış material hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə göndərilmişdir. İş üzrə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozulması halı müəyyən edilmiş və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 368-1.1-ci maddəsinin tələblərinin pozulmasına (mobil cihazın İMEİ nömrəsinin dəyişdirilməsi və ya surətinin köçürülməsinə) dair MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında sifariş etdiyi telefonu fiziki olaraq təhvil almadığı, həmin telefonun İMEİ kodlarının daha əvvəl başqa bir mobil telefon üzərindən qeydiyyatdan keçirilməsi ilə bağlı heç bir məlumatının olmadığını və bununla bağlı onun tərəfindən heç bir texniki əməliyyatın aparılmadığını bildirmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirli olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, sifariş edilən mobil cihazın İMEİ nömrəsinin dəyişdirilməsi və ya surətinin köçürülməsi halı mövcud olsa da, qeyd edilən inzibati xətanın həqiqətən də Şəxs tərəfindən törədilməsi işdə olan sənədlərlə sübuta yetirilmir və bununla bağlı protokolu tərtib etmiş orqan tərəfindən də məhkəməyə heç bir sübut təqdim olunmamışdır. İnzibati xəta əlamətlərinin formal mövcudluğu şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün yetərli deyil və həmin xətanın törədilməsində Şəxs təqsirli olması müəyyən edilmir. Təqsirsiz olaraq və ya şəxsin iradəsindən asılı olmayaraq baş vermiş nöqsan, şəxsin inzibati məsuliyyətinə səbəb ola bilməz. Belə olan halda isə, mövcud şübhələr və ziddiyyətli məqamlar şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 368-1.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar