Məhkəmə qərarları › İş №3(073)-914/2023

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-914/2023

13.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-914/2023 13.09.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, İcra məmuru X3, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə Şəxs – xx.xx.1976-cı il tarixdə Cəlilabad rayonu Abışabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Cəlilabad rayonu Abışabad kəndində qeydiyyatda olan, barəsində Cəlilabad Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinin 27 mart 2018-ci il tarixli, 2(073)-903/2018 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs xx.xx.2018-ci il tarixdən başlayaraq xx.xx.2010-cu ildə doğulmuş X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 100(bir yüz) manat sabit pul məbləğində aliment alınaraq iddiaçı X1 verilməsi qət edilmişdir. Həmçinin Cəlilabad rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 2(073)-968/2021 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs 571.98 manat məbləğində pul və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı X4 verilməsi qət edilmişdir. Borclu Şəxs qeyd olunan icra sənədlərinin icra müddəti ərzində icrasını təmin etməmiş və borcunu ödəməmişdir. Borcun ödənilməsi tələb edildikdə isə, o imkanının olmadığını bəhanə edərək məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da o, Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında icra məmuru Elşən Əsədov inzibati xəta haqqında protokolu əsaslandıraraq göstərmişdir ki, borclu Şəxs icra vərəqələrinin icra müddəti ərzində icralarını tam təmin etməmiş, Cəlilabad Rayon Məhkəməsinin 27 mart 2018-ci il tarixli, 2(073)-903/2018 saylı icra vərəqəsi üzrə 6700 manat aliment borcunu və 14 aprel 2021-ci il tarixli, 2(073)-968/2021 saylı icra vərəqəsi üzrə isə 602 manat borcunu ödəməmişdir. Şəxs yaranmış borcu hər iki icra vərəqələri üzrə cəmi 7302 (yeddi min üç yüz iki) manat təşkil edir. Bu borcun ödənilməsi ondan tələb olunsa da, o, icra vərəqələrinin icrasından qəsdən yayınmışdır. Odur ki, onun Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. İnzibati xəta törədən Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, onun Cəlilabad Rayon Məhkəməsinin 27 mart 2018-ci il tarixli, 2(073)-903/2018 saylı icra vərəqəsi üzrə iddiaçı X1 6700 manat aliment borcu və 14 aprel 2021-ci il tarixli, 2(073)- 968/2021 saylı icra vərəqəsi üzrə isə tələbkar X4 602 manat borcu vardır. Maddi imkanı olmadığı üçün borcunu ödəyə bilməmişdir. Əməlindən peşmandır, səhvini başa düşür, gələcəkdə bir daha belə səhvlərə yol verməyəcəkdir. Odur ki, məhkəmədən ona köməklik edilməsini xahiş edir. İş materiallarında olan Cəlilabad İcra və Probasiya Şöbəsinin 13 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, Şəxs barəsində olan Cəlilabad rayon məhkəməsinin 27 mart 2018-ci il tarixli, 2(073)-903/2018 saylı və 14 aprel 2021-ci il tarixli, 2(073)-968/2021 saylı icra vərəqələri ümumi icraatda birləşdirilmişdir. İş materiallarında olan Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin 15 aprel 2019cu il tarixli qərarının surətindən görünür ki, Cəlilabad Rayon Məhkəməsinin 27 mart 2018ci il tarixli, 2(073)-903/2018 saylı icra vərəqəsi üzrə Şəxs barəsində Azərbaycan Respublikası daxilində axtarış elan edilməsi qərara alınmışdır. Şəxs törətmiş olduğu inzibati xəta onun özünün etirafı, Cəlilabad rayon məhkəməsinin 27 mart 2018-ci il tarixli, 2(073)-903/2018 saylı və 14 aprel 2021-ci il tarixli, 2(073)-968/2021 saylı icra vərəqələri, icra məmuru Elşən Əsədovun izahatı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam təsdiq edilmişdir. Məhkəmə Şəxs əməlindən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Onun məsuliyyətini ağırlaşdıran hal yoxdur. Məhkəmə inzibati xəta törədən Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alaraq Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114-115, 117 və 128, 130-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı : İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respulikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 13 sentyabr 2023-cü il tarixdən, saat 13:15-dən hesablansın. Elan edilmiş qərarın surəti tərəflərə təqdim edilsin. Qərarın icrası Cəlilabad Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar