Məhkəmə qərarları › İş №3(073)-914/2024

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-914/2024

07.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-914/2024 07.11.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik leytenatı Elvin Abduləlizadə tərəfindən tərtib olunmuş 06 oktyabr 2024-cü il tarixli, EQ 24008336 saylı inzibati xəta haqqında protokola əsasən qəbul olunmuş 06 oktyabr 2024-cü il tarixli qərardan X3 tərəfindən verilmiş şikayətə Cəlilabad Rayon Məhkəməsində, məhkəmə iclas zalında baxaraq, Müəyyən etdi: X3 Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik leytenatı Elvin Abduləlizadə tərəfindən tərtib olunmuş 06 oktyabr 2024-cü il tarixli, EQ 24008336 saylı inzibati xəta haqqında qərarın ləğv edilməsini və başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X1 ərizəsinində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə mülkiyyətində olan “HYUNADİ ELANTRA MİNİK” markalı, **-ZS-*** dövlət nömrə nişanlı avtomobili ilə Bakı şəhərindən Cəlilabad şəhəri istiqamətində 96 km/saat surətlə (yolda icazə verilən sürət həddini göstərən, 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” nişanı olan 90 yazılan nişan quraşdırıldığından avtomobilimdə olan “AVTOPİLOT” sistemindən istifadə edərək standart 96 km/saat surətlə hərəkət etmişəm.) hərəkətdə olarkən, Bakı-Ələt-Qazax- Gürcüstan yolunun 29-cu km-də yolda icazə verilən sürət həddini göstərən, 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” nişanı olan 70 yazılan nişan quraşdırıldığını görən kimi dərhal tormozdan istifadə edərək surət həddini 70 km/saata endirmişdir. Bakı- Ələt-Qazax-Gürcüstan yolunun 29-cu km-də yolda dövlət tərəfindən quraşdırılmış radar var və o, həmin radarın altından keçərkən surət həddini aşmadığına görə barəsində elektron qərar tərtib edilməmişdir. Lakin elektron qərarda adı qeyd edilməyən YPX inspektoru 70 yazılan nişanın yaxınlığında, daş arakəsmə hasarın arxasında görünməz halda dayanaraq avtomobilini qeyri-qanuni şəkildə çəkərək barəsində elektron qaydada müvafiq protokol tərtib etməklə “Yol-patrul xidməti haqqında” təlimatın 4.3-cü bəndinin tələbini kobud şəkildə pozmuşdur. Belə ki, “Yol-patrul xidməti haqqında” təlimatın 4.3-cü bəndinin tələbində deyilir ki, patrul avtomobili və YPX inspektoru yol hərəkəti iştirakçıları üçün kifayət edəcək məsafədən görünən olmalıdır. YPX avtomobillərinin görüntünü məhdudlaşdıran hər hansı bir maneələrin (ağaclar, bina və qurğular, reklam lövhələri və s.) arxasında, o cümlədən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə dayanma, durma və parklanmanın qadağan edildiyi yerlərdə yerləşdirilməsi qadağandır. Bundan əlavə, “Yol-patrul xidməti haqqında” təlimatın 1.2-ci bəndinin tələbində deyilir ki, YPX öz fəaliyyətində Azərbaycan Respublikasının “Polis haqqında”, “Yol hərəkəti haqqında” və digər qanunlarını, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsini, Azərbaycan Respublikası Prezidentinin aktlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (bundan sonra-DİN) kollegiya qərarlarını, qərarlarını, əmr və göstərişlərini, eləcə də bu Təlimatı rəhbər tutur. O, yolda icazə verilən sürət həddini göstərən, 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” nişanı olan 90 yazılan nişan quraşdırıldığından avtomobilində olan “AVTOPİLOT” sistemindən istifadə edərək standart 96 km/saat surətlə hərəkət olarkən 70 yazılan nişanı görən kimi əyləcdən istifadə etməyi nəticəsində avtomobilinin sürət həddini 96 km/saat surətdən 82 km/saat surətə endirmişdir və YPX inspektoru 70 yazılan nişanın yaxınlığında, görüntünü məhdudlaşdıran daş arakəsmə hasarın arxasında dayanmaqla qeyri-qanuni xidmət aparması nəticəsində barəsində protokol tərtib etmişdir. Halbu ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci (Əsas anlayışlar) maddəsində deyilir ki, yol hərəkətinin təhlükəsizliyi – yol hərəkəti iştirakçılarının və cəmiyyətin yol-nəqliyyat hadisələrindən və onların nəticələrindən müdafiə olunma dərəcəsini göstərən yol hərəkəti vəziyyətidir. Burdan belə ehtimala gəlmək olar ki, YPX inspektoru ya “Yol-patrul xidməti haqqında” təlimatdan xəbərsizdir, ya da “Yol-patrul xidməti haqqında” təlimatın tələbləri ona aid deyil kimi davranaraq patrul avtomobilini kifayət edəcək məsafədən görünən yerdə deyil, daş arakəsmə hasarın arxasında saxlayaraq təlimatdan kənar xidmət aparmışdır. Hesab edir ki, barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında elektron qərar qanunsuz və əsassızdır ona görə ki, elektron qərar hüquq və vəzifələri pozulmaqla qəbul edilmişdir. Qeyd olunana əsasən Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik leytenatı Elvin Abduləlizadə tərəfindən tərtib olunmuş 06 oktyabr 2024-cü il tarixli, EQ 24008336 saylı inzibati xəta haqqında qərarın ləğv edilməsi və başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq X1 və Azərbaycan Respublikası DİN BDYPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə X1 və Azərbaycan Respublikası DİN BDYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə olan sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik leytenatı Elvin Abduləlizadə tərəfindən tərtib olunmuş 06 oktyabr 2024-cü il tarixli, EQ 24008336 nömrəli “inzibati xəta haqqında protokol”un surətində göstərilir ki, 06 oktyabr 2024-cü il tarixdə saat 13:10-də X3 idarə etdiyi “HYUNADİ ELANTRA MİNİK” markalı, **-ZS-*** dövlət nömrə nişanlı avtomobilli idarə edərkən yolda müəyyən edilmş hərəkət sürətini 10-20 km/saat həddində aşmasına görə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmin protokol əsasında qəbul olunmuş xx.xx.2024-cü il tarixli qərarla X3 inzibati məsuliyyətə cəlb edilərək 328.1-ci maddəsinə əsasən 10 (on) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 122.3.1-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə) göstərilir. Göründüyü kimi, inzibati tənbeh vermə haqqında qərardan xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə) inzibati xəta haqqında protokola əlavə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 131.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 137.2-ci addəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130-cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər. Göstərilənlərə əsasən, X2 barəsində 06 oktyabr 2024-cü il tarixli, EQ 24008336 saylı protokol əsasında Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik leytenatı Elvin Abduləlizadə tərəfindən tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati qərarın ləğv edilməsinə dair şikayət əsassız olduğundan təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 115, 117, 126,128,130,131 və 137-ci maddələrini rəhbər tutaraq məhkəmə… Qərara aldı: X2 barəsində 06 oktyabr 2024-cü il tarixli, EQ 24008336 saylı protokol əsasında Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik leytenatı Elvin Abduləlizadə tərəfindən tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati qərarın ləğv edilməsinə dair şikayət əsassız olduğundan təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində şikayət və ya protest həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar