Məhkəmə qərarları › İş №3(073)-917/2023

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-917/2023

13.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-917/2023 13.09.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və onun qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə Şəxs – xx xxxxxxxx 1990-cı il tarixdə Cəlilabad rayon Sabirabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Cəlilabad rayon Sabirabad kəndində qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə barəsində Cəlilabad Rayon Polis Şöbəsindən Cəlilabad Rayon Məhkəməsinə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Şəxs 05 iyul 2023-cü il tarixdə gecə saat 04 radələrində Cəlilabad rayon Sabirabad kəndi ərazisində həmkəndlisi Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə aralarında yaranmış mübahisə zamanı sonuncuları döyərək onlara dərəcələri təyin olunmayan xəsarətlər yetirmişdir. Bununla da, o, Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında işin məhkəmə baxışı zamanı inzibati xəta törətmiş Şəxs məhkəməyə izahat verərək Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə olan inzibati material üzrə özünü təqsirli bildiyini, Cəlilabad rayon Sabirabad kəndində ailəsi ilə birlikdə yaşadığını, xx.xx.2023-cü il tarixdə təxminin saat 04 radələrində dayısı Ruslanın qızı onun mobil telfonuna zəng vuraraq ərzaq mağazalarının yandığını bildirmişdir. O da dərhal hazırlaşaraq atası Mehman və anası Rəsmiyyəni götürüb idarə etdiyi avtomobil ilə Ruslangilə yollanmışdır. Onlar Ruslangilin evlərinə təxminin 100-120 metr qalmış küçələrinin giriş hissəsində olarkən həmkəndlisi Dadaş və Murad idarə etdiyi avtomobilin qarşısını kəsmişlər. Atası Mehman onlara kənara çəkilmələrini bildirsə də, onlar əhəmiyyət verməyərək avtomobilin qarşısından çəkilməmiş və nalayiq ifadələr işlətmişlər. Həmin vaxt o qəzəblənərək avtomobildən yerə düşmüş Dadaşın sol qol və burun nahiyyəsinə yumruq, sağ ayaq nahiyyəsinə təpik zərbələri və həmçinin Muradın boynunun sağ nahiyyəsinə yumruq və sağ baldır nahiyyəsinə təpik zərbələri vuraraq onları döymüşdür. Onlar sərxoş vəziyyətdə olduqları üçün ona müqavimət göstərə bilməmişlər. Əməlindən səmimi peşman olduğunu, gələcəkdə də hər hansı belə hərəkətlərə yol verməyəcəyini bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəməyə izahat verərək göstərdi ki, Şəxs onun həmkəndlisidir. xx.xx.2023-cü il tarixdə təxminin saat 3-4 radələrində bibisi oğlu Muradla Cəlilabad rayon Sabirabad kəndi ərazisində yolun kənarında olduqları vaxt həmkəndlisi Rauf idarə etdiyi avtomobillə onlara yaxınlaşara yoldan çəkilməsini bildirərək mübahisə etmiş, onların ünvanına nalayiq ifadələr işlədərək üzərinə gəlmiş yumruq və təpiklə onlara xəsarətlər yetirmişdir. Şəxsla barışmamışdır. Odur ki, onun barəsində qanuni tədbir görülməsini xahiş etdi. Zərərçəkmiş şəxs1 məhkəməyə izahat verərək göstərdi ki, o Cəlilabad rayon Sabirabad kəndində yaşayan dayısı oğlu Dadaşgilə qonaq gəldiyini, xx.xx.2023-cü il tarixdə gecə vaxtı təxminin saat 3-4 radələrində dayısı oğlu Dadaşla kənd ərzisində yolun kənarında olduqları vaxt həmkəndlisi Rauf idarə etdiyi avtomobillə onlara yaxınlaşaraq yoldan kənara çəkilməsini bildirərək mübahisə etmiş və onların ünvanına nalayiq ifadələr işlətmişdir. Daha sonra üzərinə gələrək onlara yumruq və təpiklə xəsarətlər yetirmişdir. Şəxsla barışmamışdır. Odur ki, onun barəsində qanuni tədbir görülməsini xahiş etdi. Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafı, zərərçəkmiş şəxslərin izahatı, MN ******* saylı inzibati xəta haqqında protokol, sübutların qiymətləndirilməsi barədə qərarla və inzibati xəta haqqında işin digər materialları ilə tam təsdiq edilmişdir. Materiala əlavə olunmuş 13 avqust 2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi məhkəmə-tibbi ekspertiza və Pataloji Anatomiya birliyinin Cəlilabad rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 615 nömrəli rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs2 sol bazu oynağı nahiyyəsində qançır, burun nahiyyəsində və sağ ayaq pəncəsinin üst hissəsində şişkinlik və qançır müəyyən olundu. Müəyyən olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi məhkəmə-tibbi ekspertiza və Pataloji Anatomiya birliyinin Cəlilabad rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 616 nömrəli rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs1 boyunun sağ yan səthində, sağ körpücükaltı və sağ baldır nahiyyəsində sıyrıqlar müəyyən olundu. Müəyyən olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlindən səmimi peşman olması Azərbaycan Respublikasının İXM-nin 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı inzibati xəta törədən Şəxs Azərbaycan Respulikası İXMnin 30.2-ci maddəsində müəyyən edilmiş şəxslərin, yəni barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsi qadağan olunmuş şəxslərin kateqoriyasına daxil olması müəyyən edilməmişdir. İnzibati xəta törədən Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, ailə vəziyyətini, məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq hesab edirəm ki, inzibati tənbehin məqsədlərinə nail olmaq baxımından onun barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114-115, 117 və 128, 130-cı maddələrini rəhbər tutaraq qərara aldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Elan edilmiş qərarın surəti tərəflərə təqdim edilsin. Qərarın icrası Cəlilabad Rayon İcra Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar