Məhkəmə qərarları › İş №3(073)-941/2024

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-941/2024

25.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-941/2024 25.10.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1977-ci ildə Cəlilabad rayonunun Çünzəli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Cəlilabad rayonunun Çünzəli kəndində qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə Şəxs Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(073)-1984/2021 saylı və Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(073)-2080/2023 saylı icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. Məhkəmə iclasında Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X5 verdiyi izahatında göstərmişdir ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli, 2(073)-1984/2021 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs 3770 manat pul və 30 manat dövlət rüsumu alınıb iddiaçı X4 və Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(073)-2080/2023 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs cəmi 480.70 manat borc, 30 manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat xidmət haqqı alınıb iddiaçı "xxxx" QSC-nə verilməlidir. İcra vərəqələri Cəlilabad rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul olunmuş və tələbin 10 gün müddətində könüllü icrası ilə bağlı borcluya bildiriş göndərilmişdir. Borclu icra sənədi üzrə borcunu ödəməkdən yayınmış və qaçıb gizlənmişdir, barəsində axtarış elan edilmiş və polisin köməkliyi ilə tapılmışdır. Buna görə də barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Şəxs 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü ona istinad olunan inzibati xətanı törətməkdə təqsirli bilərək verdiyi izahatında göstərmişdir ki, yaranmış borcunu bir dəfəyə ödəmək iqtidarında deyildir, borcunu ancaq hissə-hissə ödəyə bilər. Bir neçə dəfə tələbkar X4 ola borcunu ödəmək üçün poçt şöbəsinə ödəniş etmiş və tələbkardan pulu götürməsini xahiş etmişdir, lakin tələbkar bütün borcun bir dəfəyə ödənilməsini tələb edərək pulu qəbul etməmişdir, o da məcbur olub gedib poçt şöbəsindən pulunu geri götürmüşdür. Digər icra sənədindən məlumatsızdır. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən barəsində daha yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə işə zərərçəkmiş şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün və icra məmurunun izahatları ilə yanaşı işdə olan sənədlərlə tam təsdiq edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını, yaranmış borcların mülki-hüquqi əqdlərdən irəli gəldiyini, daha əvvəl də eyni icra sənədlərinə münasibətdə inzibati tənbeh edildiyini, həmçinin onun yaşını və səhhətini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş cərimə cəzasının nisbətən yuxarı həddə tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdən təqsirli bilinsin və o, 700 (yeddi yüz) manat məbləğində cərimə edilsin. Elan edilmiş qərarın surəti tərəflərə təqdim edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar