Məhkəmə qərarları › İş №3(073)-943/2024

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-943/2024

07.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-943/2024 07.11.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi ilə, Şəxs – xx.xx.1962-ci il tarixdə Masallı rayonu Yeddioymaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Masallı rayonu Yeddioymaq kəndində qeydiyyatda olan və yaşayan, barəsində Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayı tərəfindən Cəlilabad Rayon Məhkəməsinə daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Şəxs 08 oktyabr 2024-cü il tarixdə, saat 20:10 idarə etdiyi VAZ 21070 markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobillə Ələt-Astara-İran sərhədi avtomobil yolunun Cəlilabad rayonu ərazisindən keçən 140-cı kilometrliyində yolun sağ zolağı ilə hərəkətdə olarkən qarşı yolla əks istiqamətdə hərəkətdə olan yük avtomobilinin işığı onun gözünə düşdüyü üçün yolu görə bilmədiyindən idarə etməni itirmiş və avtomobil yoldan çıxaraq körpüdən aşmış, nəticədə sürücü Şəxs və həmin avtomobildə sərnişin qismində əyləşmiş Masallı rayonu Qasımlı kənd sakini Zərərçəkmiş şəxs Kamil qızı xəsarət almışlar. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında özünü barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə təqsirli bildiyini, Zərərçəkmiş şəxs Kamil qızı ilə barışdığını, zərərçəkmişin ondan heç bir şikayət və tələbinin olmadığını bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Şəxs törətmiş olduğu inzibati xəta işdə olan İXP ******* nömrəli inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam təsdiq edilmişdir. Belə ki, iş materiallarında olan 25 oktyabr 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 08.10.202-cü il tarixdə, saat 20:10 radələrində idarə etdiyi VAZ 21070 markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Cəlilabad Rayon Polis Şöbəsinin 24 oktyabr 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, Şəxs barəsində toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmiş, barəsində İXM-nin 327.8-ci maddəsi ilə inzibati tənbeh görülməsi üçün qərarın surəti BDYPİ-nin YPXA-nın 11-ci tağımına göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 851 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs Kamil qızında üst dodaq nahiyəsində əzilmiş yara, alın hər iki gözaltı, burun və sağ said nahiyəsində qançır müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk əşyanın (əşyaların) təsirindən törənmiş, yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər. Törənmə müddəti qərarda qeyd olunan xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan hadisə nəticəsində Zərərçəkmiş şəxs izahatından görünür ki, o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlindən səmimi peşman olması Azərbaycan Respublikasının İXM-nin 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, ailə vəziyyətini, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq baxımından onun barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114-115, 117 və 128, 130-ci maddələrini rəhbər tutaraq qərara aldım: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respulikasının İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Elan olunmuş qərarın surəti tərəflərə təqdim edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar