Məhkəmə qərarları › İş №3(073)-95/2024

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-95/2024

08.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-95/2024 08.02.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İnzibati xəta törədən şəxs Şəxs, Zərərçəkmiş şəxs X2 iştirakı ilə, Şəxs – xx.xx.1982-cı ildə Cəlilabad rayonu, Göytəpə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad rayon X4 Polis Bölməsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: 08 fevral 2024-cü il tarixli, MN 18476617 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə həyat yoldaşı X3 ilə yaşadıqları evdə baş vermiş mübahisə zamanı onu döymüşdür. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahat verərək bildirdi ki, arvadı Zərərçəkmiş şəxs ilə 2005-ci ildə ailə qurmuşlar, birgə nigahlarından iki övladları vadır. xx.xx.2023-cü il tarixdə, saat 19:0 radələrində evdə birlikdə şam yeməyindən sonra Şəfa ona bildirmişdir ki, azyaşlı övladları Əlinin çarpayısını öz yataq otaqlarına gətirmişdir. O, Şəfaya etraz etmişdir ki, uşaqların öz yataq otaqları var. Bu zəmində aralarında mübahisə yaranmış, cavab qaytardığı üçün əsəbləşib Şəfaya sol sifət nahiyyəsinə bir sillə - «Qadınsan, özünü evinxanımı kimi apar» demişdir. Etdiyi əməlindən peşmandır. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahat verərək bildirdi ki, Şəxslə 2005-ci ildə ailə qurmuşlar, birgə nikahlarından iki övladları vardır. Evləndikdən bir müddət sonra əri Nuridin onunla səbəbisz yerə evdə mübahisələr yaratmağa və onu söyüb təhqir etməyə başlamışdır. Uşaqlarına görə Nuridin hərəkətlərinə dözmüşdür. Son 1-2 ayı azyaşlı uşaqları ilə birlikdə Bakı şəhərində valideyinlərinin yanında yaşamış və xx.xx.2023-cü il tarixdə Göytəpə şəhərinə öz evinə qayıtmışdır. xx.xx.2023-cü il tarixdə, saat 19:20 radələrində isə yaşadıqları evdə əri Nurid yenə də onu söyüb təhqir etmiş, şillə ilə sol sifət nahiyyəsinə vuraraq onu döymüşdür. Hadisəni azyaşlı övladları Əli və Jalə görmüşdür. Hadisə ilə bağlı Cəlilabad rayon X6 Polis Bölməsinə gələrək Şəxs barəsində şikayət ərizəsi ilə müraciət etmişdir. Əvvəlki vaxtlarda onu səbəbsiz yerə dəfələrlə döyüb təhqir etmişdir. Ona görə də Şəxs barəsində inzibati qaydada həbslə bağlı qərar qəbul edilməsini xahiş etdi. Şəxs əməli inzibati xəta haqqında protokolla, özünün və zərərçəkmiş şəxsin izahatı, eləcə də, işin digər materialları ilə tam təsdiq edilmişdir. Şəxs törətdiyi əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. İşə əlavə edilmiş Cəlilabad MTE və PA şöbəsinin xx.xx.2023-cü il tarixli, 908 saylı rəyinin surətindən görünür ki, X1 said nahiyəsində cızıqlar və sol diz oynağı nahiyyəsinin arxa səthində qançır müəyyən olunmuş xəsarətlər sol said nahiyyəsindəki cızıqlar iti kənarlı əşyanın yüngül təsirindən, sol diz oynağı nahiyyəsinin arxa səthində qançır isə bərk küt əşyanın təsirindən törənmiş, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilməmişdir. İş materiallarına əlavə edilmiş Cəlilabad rayon X5 Bölməsinin 09 sentyabr 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Şəxs törətdiyi əməlində cinayət məsuliyyətinə səbəb olmadığı üçün həmin xüsusat üzrə cinayət işi başlanılması rədd edilmiş və onun əməlində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin tərkibi olduğundan o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmasından ötrü barəsində qəbul edilmiş qərar Cəlilabad rayon Polis Şöbəsinin İTB-yə göndərilmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114-117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respulikası İXM-in 157-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətində həbs edilsin. İnzibati həbsetmənin əvvəli 08 fevral 2024-cü il tarixdən, saat 17:00-dan hesablansın. Qərarın surəti tərəflərə təqdim edilsin. Qərarın icrası Cəlilabad rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar