Məhkəmə qərarları › İş №3(074)-100/2022

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-100/2022

08.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-100/2022 08.04.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs Piriyeva (Sadıqova) Aynura Ramiz qızının, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1981-ci ildə Şamaxı rayonu, Adnalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, Şamaxı rayonu, Adnalı kəndində qeydiyyatda olan və yaşayan. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şamaxı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon İcra və Probasiya Şöbəsində tərtib olunmuş 30.03.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 izahat verib bildirdi ki, Şamaxı rayon Məhkəməsinin 22.09.2016-cı il tarixli, 2(074)-1619/2016 saylı icra sənədinə əsasən cavabdehlər Şəxs və X3 müştərək qaydada DəmirBank ASC-nin xeyrinə 24 dekabr 2014cü il tarixli kredit müqaviləsi üzrə 7654,12 ABŞ dolları əsas, 1056,21 ABŞ dolları faiz borcu və 10 ABŞ dolları cərimə olmaqla cəmi 8720,33 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) borc və 30 manat ödənilmiş dövlət rüsumu tutulmalıdır. Eyni zamanda Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 14.06.2021ci il tarixli, 2(004)-2030/2021 saylı icra sənədinə əsasən 12.09.2009-cu il təvəllüdlü X2 və 14 mart 2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 12.02.2021-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 175 manat, cəmi 350 manat sabit pul məbləğində aliment Şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. İcra sənədləri şöbənin icraatına daxil olduqdan sonra icraata başlanılmış və icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası üçün dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu icra sənədlərində göstərilmiş tələbi icra etməmişdir. Borclu müəyyən aralarla ödənişlər etmiş, amma ödənişlər etsə də, məbləği az olmuşdur. Eyni zamanda borcu Şəxs izahat verərək barəsində olan icra sənədlərində göstərilmiş məbləğləri tam ödəyə bilmədiyini bildirmişdir Odur ki, borclu icra sənədləri üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Hal-hazırda aliment borcundan 4255 manat, həmçinin kredit borcundan 8720,33 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) borcu vardır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, o, icra sənədində göstərilən tələbin müəyyən hissəsini icra etmiş və maddi imkanı çatan qədər borcundan ödənişlər edib. Hal-hazıra kimi 90 manat, 90 manat və 115 manat pul ödəniş etmişdir. Hal-hazırda icra sənədi üzrə aliment borcundan 01.04.2022-ci il tarixdə 148 manat, 04.04.2022-cii il tarixdə 300 manat, 07.04.2022-ci il tarixdə 300 manat və sonuncu dəfə 08.04.2022-ci il tarixdə 300 manat, cəmi 1048 (bir min qırx səkkiz) manat ödəmiş, qalan borcunu isə çalışıb hissə-hissə ödəyərək aliment borcunu bitirəcəkdir. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Piriyeva (Sadıqova) Aynura Ramiz qızı izahat verib bildirdi ki, o bir ana kimi işləyib uşaqlarına baxır, borclu da bir ata kimi uşaqlarına baxmasını istəyir. Hal-hazıra kimi aliment borcundan 90 manat, 90 manat və 115 manat pul ödəniş etmişdir. Aliment borcunun tam şəkildə ödənilməsini tələb edir, belə ki, 13 ay müddətində bir dəfədə olsun ki, heç kimi narahat etməmişdir. Vaxtında ödəniş olsaydı bu qədər aliment borcu yığılmazdı. Odur ki, hazırda Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 22.09.2016-cı il tarixli, 2(074)- 1619/2016 saylı icra vərəqəsinin surətindən görünür ki, cavabdehlər Şəxs və X3 müştərək qaydada DəmirBank ASC-nin xeyrinə 24 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 7654,12 ABŞ dolları əsas, 1056,21 ABŞ dolları faiz borcu və 10 ABŞ dolları cərimə olmaqla cəmi 8720,33 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) borc və 30 manat ödənilmiş dövlət rüsumu tutulmalıdır. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 14.06.2021-ci il tarixli, 2(004)-2030/2021 saylı icra vərəqəsinin surətindən görünür ki, 12.09.2009-cu il təvəllüdlü X2 və 14 mart 2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 12.02.2021-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 175 manat, cəmi 350 manat sabit pul məbləğində aliment Şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin 05.12.2016-ci il tarixli icraata başlamaq haqqında qərarından və həmin tarixli bildirişdən görünür ki, icra vərəqəsi üzrə borclu Şəxs 10 gün müddətində icranı təmin etməsi təklif olunmuşdur. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin 05.07.2021-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, icra sənədi üzrə icraata başlanmış və borclu Şəxs dərhal icranı təmin etməsi təklif olunmuşdur. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin 05.07.2021-ci il tarixli № 3679/3 saylı bildirişin surətindən görünür ki, borclu Şəxs icranı könüllü həyata keçirməsi təklif olunmuşdur. İş materiallarında olan borclunun axtarılması haqqında 16.02.2022-ci il tarixli qərarın surətindən görünür ki, xx.xx.1981-ci il təvəllüdlü Şamaxı rayonu, Adnalı kəndində qeydiyyatda olan borclu Şəxs barəsində axtarış elan olunmuşdur. İş materiallarında olan bir neçə icra sənədinin bir icraatda birləşdirilməsi haqqında 30 mart 2022-ci il tarixli qərarın surətindən görünür ki, Şamaxı rayonu, Adnalı kəndində qeydiyyatda olan Şəxs borclu olduğu, Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icraatında olan, Şamaxı rayon Məhkəməsinin 2(074)-1619/2016 saylı, 22.09.2016-cı il tarixli və Yasamal rayon Məhkəməsinin 2(004)-2030/2021 saylı, 14.06.2021-ci il tarixli icra sənədi bir icraatda birləşdirilmişdir. İş materiallarında olan qəbzlərdən görünür ki, borclu Şəxs tərəfindən Piriyeva (Sadıqova) Aynura Ramiz qızına 01.04.2022-ci il tarixdə 148 manat, 04.04.2022-ci il tarixdə 300 manat, 07.04.2022-ci il tarixdə 300 manat və 08.04.2022-ci il tarixdə 300 manat məbləğində pul köçürməsi olmuşdur. Məhkəmə, iş materiallarına və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Proses iştirakçılarının məhkəmə iclasında verdiyi izahatlardan və icra işinə əlavə edilmiş sənədlərdən aydın olur ki, icra sənədinin icraya yönəldildiyi vaxtdan etibarən borclu Şəxs borcunun ödənilməsinə laqeydlik göstərməmiş, heç bir yerdə işləmədiyindən və maddi imkanı olmadığından borcunu ödəyə bilməmiş, maddi imkanın yol verdiyi həddə borcundan 01.04.2022-ci il tarixdə 148 manat, 04.04.2022-cii il tarixdə 300 manat, 07.04.2022-ci il tarixdə 300 manat və sonuncu dəfə 08.04.2022-ci il tarixdə 300 manat ödəniş etmişdir. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar