Məhkəmə qərarları › İş №3(074)-105/2021

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-105/2021

06.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-105/2021 06.04.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon Polis Şöbəsinin DYPB-nin baş inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1956-cı ildə Şamaxı rayonu, Çarhan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, suaby, ali təhsilli, müəllim işləyən Şamaxı rayonu, Çarhan kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı rayon X4 X5 daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon X4 X6 tərəfindən tərtib olunmuş 04.04.2021-ci il tarixli, KYP 263197 saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon Polis Şöbəsinin DYPB-nin baş inspektoru X2 izahatında göstərdi ki, 04.04.2021-ci il tarixində saat təxminən 16:30 radələrində vətəndaş Şəxs idarə etdiyi Qaz 21 markalı 2969 AZC dövlət qeydiyyat nömrə nişanlı avtomaşınla Şamaxı-Göylər yolunda hərəkətdə olarkən sənədsiz, etibarnaməsiz, sürücülük hüquqi olmadan sərxoş halda idarə edərkən Toyota Prius minik markalı **-VX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşını vuraraq yol nəqliyyatı hadisəsi törətmişdir. Nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verib bildirdi ki, o, 04.04.2021-ci il tarixində saat təxminən 16:30 radələrində idarə etdiyi Qaz 21 markalı 2969 AZC dövlət qeydiyyat nömrə nişanlı avtomaşınla Şamaxı şəhər Göylər kənd istiqamətində hərəkətdə olarkən Toyota Prius minik markalı **-VX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşını vurmuşdur. Avtomobilin heç bir sənədi və özünün sürücülük vəsiqəsi yoxdur. Avtomobili idarə etməmişdən bir neşə saat əvvəl spirtli içki qəbul etmişdir. Hadisə vaxtı heç bir xəsarət alan olmayıb. Buna görə də əməlindən peşmandır. Dəyən ziyan 580 manat hazırda ödənilməyib, ancaq ödəyəcəkdir. Barəsində cərimə növündə tənbehin seçilməsini xahiş edir. İş materiallarında olan sərxoşluğun xüsusi texniki vasitə ilə müəyyən edilməsi barədə qəbzdən görünür ki, 04.04.2021-ci il tarixdə saat 18:41 radələrində Şəxs qanında alkoqolun konsentrasiyasının həcmi 0,108% promildir. İş materiallarında olan 04.04.2021-ci il tarixli KYP 263197 saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, Şəxs 04.04.2021-ci il tarixdə saat 16:30 radələrində QAZ 21 minik markalı 2969 AZC dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Şamaxı Göylər yolunda hərəkətdə olarkən sənədsiz, etibarnaməsiz, sürücülük hüququ olmadan sərxoş halda idarə edərkən Toyota Prius markalı, **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. İş materiallarında olan 04.04.2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Toyota Prius minim markalı **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpası üçün 580 manat tələb olunur. Məhkəmə, inzibati xəta haqqında tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri tədqiq edib, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, Şəxs həmin əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsilə deyil, həmin Məcəllənin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 saylı qərarı ilə təsdiq edilmiş "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Lakin iş materiallarında olan sərxoşluğun xüsusi texniki vasitə ilə müəyyən edilməsi barədə qəbzdən görünür ki, Şəxs qanında alkoqolun konsentrasiyasının həcmi 0,108 promil olmuşdur ki, bu da şəxsin sərxoş vəziyyətində hesab olması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 saylı qərarı ilə təsdiq edilmiş "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nda göstərilmiş miqdardan azdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutmuşdur. Həmin Məcəllənin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Qeyd edilən Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində müəyyən edilmiş məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, onun yaşını, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 400 (dörd yüz) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar