Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-108/2025 10.03.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Zərərçəkmiş şəxs X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1987-ci ildə Şamaxı rayonu, Qaleybuğurd kəndində anadan olmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, Şamaxı rayonu, Qaleybuğurd kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şamaxı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon İcra və Probasiya Şöbəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 izahat verib bildirdi ki, Şamaxı rayon Məhkəməsinin e-16(074)-20/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, iddiaçı Zərərçəkmiş şəxs cavabdeh X4 qarşı “nikahın pozulması, uşaq və sabit pul məbləğində aliment” tələbinə dair 2(074)-173/2024 saylı mülki iş üzrə qəbul ediləcək məhkəmə aktı qanuni qüvvəsini alanadək Zərərçəkmiş şəxs 28 dekabr 2012-ci il təvəllüdlü X9 və 10 iyul 2017-ci il təvəllüdlü X11 ilə hər həftənin bazar ertəsi (1-ci gün) saat 14:30dan 17:30-dək görüş vaxtı müəyyən edilmişdir. İcra sənədi şöbənin icraatına daxil olduqdan sonra icraata başlanılmış və icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası üçün dəfələrlə xəbərdarlıqlar edilmiş və X5 uşaqları icra yerinə gətirməsinə baxmayaraq, uşaqların anaları ilə görüşməsi mümkün olmamışdır. Belə ki, uşaqlar anaları ilə görüşməkdən imtina etmişlər. Bu barədə bir neçə dəfə tərəflərindən akt tərtib edilmişdir. Onlar hesab edirlər ki, uşaqlara Şəxs tərəfindən psixoloji təsir vardır və uşaqlar öyrədilirlər. Ona görə də, uşaqlar anaları ilə görüşməkdən imtina edirlər. Bu səbəbdəndə borclu Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək onun barəsndə tədbir görülməsi üçün məhkəməyə təqdim edilmişdir. Əlavə olaraq bildirdi ki, bugündə daxil olmaqla uşaqlar görüşə gətiriliblər, amma uşaqlar deyirlər ki, anaları onları atıb getdiyinə görə onunla görüşmək istəmirlər. Uşaqlar evdə öyrədilirlər, ona görə də görüşlərə gəlsələrdə ünsiyyət baş vermir. Psixoloq görüş vaxtı iştirak edib, aktda qeyd olunub, amma uşaqlara psixoloji təsir olub-olmaması ilə bağlı psixoloq tərəfindən hələ rəy verilməyib. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, o məhkəmə qərarında göstərilən tələbi tam olaraq yerinə yetirmişdir. Uşaqları hər dəfə görüşə aparmış, sadəcə uşaqlar anaları ilə görüşmək istəmirlər. O, uşaqları öyrətmir ki, anaları ilə görüşməsin. Düzdür bir dəfə uşaqları icra yerinə gətirməmiş, ona görə ki, öz anası xəstə olmuşdur. Bir dəfə də X9 qrip xəstəliyi keçirtdiyi üçün və yüksək hərarəti olduğuna görə icra prossesində iştirak edə bildirmişdir. Lakin sonradan onu da psixoloqun yanına aparmışdır. Hətta elə vaxtlar olub ki, uşaqları orada qoyub özü yemək yemək üçün kafeyə getmiş, sonradan ona zəng ediblər ki, uşaqlar itib. Sonradan bilib ki, uşaqlar ordan qaçaraq bibisigilə getmişlər. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X7 izahat verib bildirdi ki, X5 görüş yerinə uşaqları gətirir, lakin uşaqları ona qarşı öyrədirlər, onu pisləyirlər, uşaqlara təsir edirlər. Bunu psixoloqda görüş vaxtı demişdir ki, uşaqlar atası tərəfindən öyrədilir, uşaqların tərbiyyəsi bərbad vəziyyətdədir. Görüş vaxtı X5 tərəfindən təsir olur, ataları görüş vaxtı onların yanında olmayanda uşaqlar onunla yaxşı olurlar, o razı qalır, düzdür onları qucaqlamasa da öpməsə də onlarla görüşür. O, uşaqlarını atmayıb, heç vaxtda onları atmayacaq, o sadəcə X1 ayrılmışdır. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin e-16(074)-20/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinin surətindən görünür ki, iddiaçı Zərərçəkmiş şəxs cavabdeh X4 qarşı “nikahın pozulması, uşaq və sabit pul məbləğində aliment” tələbinə dair 2(074)-173/2024 saylı mülki iş üzrə qəbul ediləcək məhkəmə aktı qanuni qüvvəsini alanadək Zərərçəkmiş şəxs 28 dekabr 2012-ci il təvəllüdlü X9 və 10 iyul 2017-ci il təvəllüdlü X11 ilə hər həftənin bazar ertəsi (1-ci gün) saat 14:30-dan 17:30-dək görüş vaxtı müəyyən edilməlidir. İş materiallarında olan icraata başlamaq haqqında 22 may 2024-cü il tarixli qərardan görünür ki, icra sənədi üzrə icraata başlanmış və borclu Şəxs icranı könüllü təmin etməsinin təklif olunması qərara alınmışdır. İş materiallarında olan e167882/2024-52-9-002 saylı 22 may 2024-cü il tarixli bildirişin surətindən görünür ki, icra sənədində göstərilən tələbin icrasını 10 gün müddətində könüllü təmin etməsi təklif edilmişdir. İş materiallarında olan aktların surətlərindən görünür ki, X9 və X11 ilə anası Xəlilova (Fətəliyeva) Mahirə Elman qızının ünsiyyətləri bəzən baş tutmuş, bəzən qismən baş tutmuş bəzən isə baş tutmamışdır. Məhkəmə, iş materiallarına və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qeyd olunan inzibati xətaya görə məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “İcra haqqında” Qanunun 12-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən bir ay müddətinədək uzadıla bilər. Borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir. Belə ki, “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul etməlidir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi göstərilir. Borclu tərəfindən müəyyən olunmuş on günlük müddət ərzində məhkəmə aktı könüllü icra olunmadıqda icra məmuru həmin Qanunun 43.1-ci maddəsində əks olunmuş borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi və ya Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa məcburi icra tədbirlərinə müraciət etməlidir Şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün qətnamənin üzrsüz səbəbdən icra edilməməsi faktı olmalıdır ki, tərtib olunmuş inzibati protokolda inzibati xəta törədən şəxsin uşaqlara psixolji təsir etməklə məhkəmə qərarının icrasından yayınıdığı göstərilsə də bu halı təsdiq edəcək sübutlar iş materiallarına əlavə edilməmişdir. İşdəki sübutlardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədi üzrə 28 dekabr 2012-ci il təvəllüdlü X9 və 10 iyul 2017-ci il təvəllüdlü X8 anası Xəlilova (Fətəliyeva) Mahirə Elman qızı ilə ünsiyyətdə olmasına şərait yaradılmasından yayınma halları, eyni zamanda icra sənədinin onun təqsiri üzündən icra olunmaması öz təsdiqini tapmır. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində borclu olduğu icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-108/2025
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-108/2025
10.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver