Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-109/2022 14.04.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən Vəkil iştirakları ilə, 29.01.1994-cü ildə Şamaxı rayonu, Dağ-Bağırlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şamaxı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon İcra və Probasiya Şöbəsində tərtib olunmuş 14.04.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 izahat verib bildirdi ki, Şamaxı Rayon Məhkəməsinin MTT(074)-1/2022 saylı, 13.01.2022-ci il tarixli icra sənədinə əsasən tələbkar Zərərçəkmiş şəxs övladları 25.04.2016-cı il təvəllüdlü X4, 06.01.2018-ci il təvəllüdlü X5 və 25.09.2019-cu təvəllüdlü X6 ilə hər həftənin şənbə günü saat 11:00-dan 19:00-dək görüş vaxtı müəyyən edilmişdir. İcra sənədinin icrası ilə əlaqədar olaraq borclu Şəxs görüş günləri hər üç övladını icra şödəsinə gətirmiş və onların anaları ilə ünsiyyətdə olmalarına maneçilik törətməmiş, tələbkar onun uşaqlara psixolaji təsir etdiyini bildirmişdir. Görüş zamanı 06.01.2018-ci il təvəllüdlü X5 anası ilə getmək istəmiş, lakin 25.04.2016-cı il təvəllüdlü X4 və 25.09.2019-cu təvəllüdlü X6 anaları ilə getmək istəməmiş, Zərərçəkmiş şəxs onları da məcburi aparmaq istəyərkən Şəxs buna etiraz etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, o, mütəmadi olaraq hər həftə uşaqlarını anası ilə ünsiyyətdə olmaqları üçün Şamaxı rayon İcra və Probasiya Şöbəsinin inzibati binasına gətirmiş, uşaqların anası ilə sərbəst şəkildə ünsiyyətdə olmalarına mane olmamışdır. Zərərçəkmiş şəxs uşaqları qeydiyyatda olduğu ünvanda ünsiyyətdə olmaq üçün aparmaq istəmiş, lakin azyaşlı uşaqlar anası ilə getməkdən imtina etmişlər. O, uşaqların getmək istəmədikləri halda anaları tərəfindən məcburi aparılması ilə razı deyil, amma o, icra sənədində göstərilən tələbi icra etmişdir. Odur ki, bütün bunları nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən müdafiəçi Vəkil izahat verib bildirdi ki, məhkəmənin icra sənədi icra olunması üçün Şəxs mütəmadi olaraq hər həftə uşaqları anası ilə ünsiyyətdə olmaqları üçün Şamaxı rayon İcra və Probasiya Şöbəsinin inzibati binasına gətirmiş, uşaqların anası ilə sərbəst şəkildə ünsiyyətdə olmalarına mane olmamış, hətta o, uşaqların anaları ilə ünsiyyətdə olarkən onların yanında olmamışdır. Göründüyü kimi Şəxs icra sənədində göstərilən tələbi icra etmişdir. Müdafiəçi bunların nəzərə alınaraq işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verib bildirdi ki, o, övladları ilə hər həftənin şənbə günü saat 11:00-dan 19:00-dək görüş vaxtı müəyyən edilmişdir. Müəyyən edilmiş görüş günləri övladları borclu tərəfindən Şamaxı rayon İcra və Probasiya Şöbəsinin inzibati binasına gətirilmiş və o, övladları ilə sərbəst ünsiyyətdə olmuşdur. Həmin vaxt borclu onların yanında olmamış və onun uşaqları ilə görüşünə maneçilik törətməmişdir. Lakin uşaqlarını özü ilə aparmaq istəyərkən uşaqlarından Eşqin və Rəvan onunla getmək istəməmişlər. Hesab edir ki, bu borclunun uşaqlara psixiloji təsirinin nəticəsidir. Buna görə də Şəxs barəsində qanuni tədbir görülməsini xahiş edir. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli, MTT(074)-1/2022 saylı icra vərəqəsinin surətindən görünür ki, tələbkar Zərərçəkmiş şəxs övladları 25.04.2016-cı il təvəllüdlü X4, 06.01.2018-ci il təvəllüdlü X5 və 25.09.2019-cu təvəllüdlü X6 ilə hər həftənin şənbə günü saat 11:00-dan 19:00-dək görüş vaxtı müəyyən edilmişdir. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin 18 yanvar 2022-ci il tarixli icraata başlamaq haqqında qərarının və həmin tarixli bildirişin surətlərindən görünür ki, icra sənədi üzrə icraata başlanmış və borclu Şəxs icranı dərhal könüllü təmin etməsi təklif olunmuşdur. İş materiallarında olan aktlardan görünür ki, təyin olunmuş ünsiyyət zamanı tələbkar Zərərçəkmiş şəxs azyşlı övladları X4, X5 və X6 ilə ünsiyyətdə olmuşlar. Uşaqlar ana ilə birlikdə getməkdən imtina etsələrdə atanın eləcə də psixoloqun iştirakı ilə icra şöbəsinin inzibati binasda ünsiyyət baş tutmuşdur. Məhkəmə, iş materiallarına və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Proses iştirakçılarının məhkəmə iclasında verdiyi izahatlardan və icra işinə əlavə edilmiş sənədlərdən aydın olur ki, icra sənədinin icraya yönəldildiyi vaxtdan etibarən borclu Şəxs icra sənədinin icrasından yayınmamış və boyun qaçırmamışdır. Belə ki, o, uşaqları görüş vaxtı anaları Zərərçəkmiş şəxs ilə ünsiyyətdə olmaları üçün gətirmiş, Zərərçəkmiş şəxs azyaşlı uşaqları ilə psixoloqun iştirakı ilə icra şöbəsinin inzibati binasda ünsiyyətdə olmuşdur. Eləcə Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatından da görünür ki, Şəxs uşaqları həmişə müəyyən edilmiş saatda gətirmiş və onların ünsiyyətinə heç bir maneçilik törətməmiş, sadəcə uşaqların onunla getmək istəməmsini Şəxs uşaqlara psixoloji təsiri kimi qiymətləndirir. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs icra sənədinin icrasından yayınma halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərdiyi 2 saat hüquqi yardıma görə 12 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən Vəkil hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərdiyi 2 saat hüquqi yardıma görə 12 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən Vəkil hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-109/2022
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-109/2022
14.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver