Məhkəmə qərarları › İş №3(074)-12/2022

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-12/2022

12.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-12/2022 12.01.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1, Zərərçəkmiş şəxs və Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş 12.01.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X3 izahatında göstərdi ki, Şəxs 12.01.2022-ci il tarixində saat təxminən 02:15 radələrində Şamaxı şəhəri, Avtovağzal yaxınlığında Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlədərək xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər etməklə ictimai qaydanı pozmuşdur. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verib bildirdi ki, 12.01.2022-ci il tarixdə saat təxminən 02:00 radələrində tanışı Tariyel Hüseynovla birlikdə benzin almaq üçün yanacaq doldurma məntəqəsinə getmişlər. Benzin aldıqdan sonra maşının binanın qarşısında saxlamış və özündən asılı olmayaraq bəzi ifadələr işlətmişdir. Həmin vaxt ətrafda tanımadıqları bir neçə nəfər şəxslərdə olmuşdur. O, konkret olaraq kiminsə ünvanına söyüş söyməmiş ancaq öz aralarında nalayiq ifadələrlə danışmışlar. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahat verib bildirdi ki, 12.01.2022-ci il tarixdə saat təxminən 02:15 radələrində yaşadığı binanın qarşısında tanımadığı şəxslər maşınla gələrək avtoxuliqanlıq etmiş, sonradan onu nalayıq ifadələrlə təhqir etmişlər. Buna görə də, Şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahat verib bildirdi ki, 12.01.2022-ci il tarixdə saat təxminən 02:00 radələrində Şamaxı şəhəri ərazisində gəzirmiş, bu zaman əmisi oğlu Tariel ilə rastlaşmışlar, sonra onun maşınına minərək onunla birlikdə evlərinə getmişdir. Həmin vaxt heç bir nalayiq ifadə işlənilməmişdir. Məhkəmə, inzibati xəta haqqında tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri tədqiq edib, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Belə ki, Şəxs ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər etməklə ictimai qaydanı pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində İXM-nin 510-cu maddəsinin sansiyasında nəzərədə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 (əlli) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar