Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-126/2022 04.05.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTBnin sahə X2, Müdafiəçi Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Şamaxı rayonu, Əhmədli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsili, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş 04.05.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X4 izahatında göstərdi ki, Şəxs 04.05.2022-ci il tarixdə 11:00 radələrində Şamaxı şəhəri, N.Nərimanov küçəsində nalayiq ifadələr işlədərək, polis əməkdaşlarının qanuni taləblərinə tabe olmamışdır. O, hadisə zamanı içkili olmuş, ayılan zaman isə məhkəməyə gətirilmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, 04.05.2022-ci il tarixdə təxminən saat 10:00 radələrində Şamaxı rayonu Muğanlı kəndinə Sadıqov Salman ilə birlikdə heyvan almaq məqsədi ilə getmişlər, heyvan alıb geri qayıdarkən Sadıqov Salman ilə birlikdə avtomobildə oturub yemək yemişlər və yemək yeyərkən hər ikisi spirtli içki qəbul etmişlər, daha sonra onlar Şamaxı istiqamətində yola düşmüşlər, avtomobili Sadıqov Salman idarə edib, təxminən Meysəri kəndi yaxınlığında post patrul avtomaşını onlara “dayan” işarəsi vermiş, lakin Sadıqov Salman avtomobili dayandırmamış, onlar ünvan 2 ünvana çatanda evin qarşısında Sadıqov Salman avtomaşını saxlamış, onlar avtomaşından düşən kimi adının sonradan bildiyi polis əməkdaşı İsmət Kərimov ona yaxınlaşaraq onu vurmuşdur, o, orada heç bir nalayiq ifadələr işlətməmiş, daha sonra Mehman həmin hadisə yerinə yaxınlaşmış və nə olduğunu soruşmuş, bu zaman polis əməkdaşları onuda onlarla birlikdə rayon Polis Şöbəsinə gətirmişlər. Həmin vaxt heç bir qanun pozuntusuna yol vermədiyindən iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Vəkil bildirdi ki, Şəxs heç bir xuliqanlıq, yəni ictimai qaydanı pozmamış, pozması barədə də polis əməkdaşları tərəfindən heç bir subut təqdim edilməmişdir. Eləcə də, heç bir polis əməkdaşlarına tabesizlik etməmişdir. Müdafiəçi bunların nəzərə alınaraq işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon Polis şöbəsinin PPXBnin polis nəfəri, polis serjantı X8 izahat verib bildirdi ki, 04.05.2022-ci il tarixdə təxminən saat 11:00 radələrində Şamaxı rayonu Muğanlı kəndi ərazisində RPŞ-nin PPXB-nin polis nəfəri polis serjantı Şaban Əmrahov ilə birlikdə dislokasiya üzrə xidmətdə olarkən, “Ford" markalı **-EM-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobilin ziq-zaq vari hərəkətlərlə yolun əks istiqamətinə çıxmasını və davamlı olaraq qəza şəraiti yaratmasını görüb bu barədə Şamaxı rayon Polis Şöbəsinə məlumat vermişlər və avtomobilə “dayan” əmri vermişlər, lakin avtomobilin sürücüsü onların qanuni tələblərinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmiş, Şamaxı rayonu Muğanlı dairəsindən Şamaxı şəhərinədək sürücü avtomobili ziq-zaqvari hərəkətlərlə sürərək davamlı qəza şaraiti yaratmış, sürücü avtomobili Şamaxı şəhəri N.Nərimanov küçəsi ev 67 ünvanında evin qarşısında saxlamış, daha sonra adı sonradan onlar məlum olmuş sürücü X3 və adı sonradan onlara məlum olan sərnişin X1 avtomobildən düşərək küçədə onlara qarşı nalayiq ifadələr işlətməyə başlamışlar, onları dəfələrlə intizama dəvət etsələrdə onlar, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq ictimai yerdə nalayiq ifadələr işlətməyə davam etmişlər və onlara əl-qol hərəkətləri atmışlar, daha sonra adı sonradan onlara məlum olan X6 işlədiyi ət mağazasından çıxaraq oda onlara qarşı nalayiq ifadələr işlətməyə başlamış, onlar onuda dəfələrlə intizama dəvət etsələrdə oda onların qanuni tələblərinə məhəl qoymayaraq ictimai yerdə nalayiq ifadələr işlətməyə davam etmiş, daha sonra onlar hər üç şəxsi barələrində araşdırma aparılması məqsədi ilə Şamaxı rayon Polis Şöbəsinə gətirmişlər. Mehman və Əlqardaş onlar Salmanı polis maşınına mindirmək istəyərkən onlara söyüş söyərək mane olmuşlar. Hadisə küçədə olduğundan ətrafa insanlar toplaşaraq onlara tamaşa etmişlər. Onları şöbəyə gətirdikdən sonra onlar yenə də polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətməkdə davam etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon Polis şöbəsinin PPXBnin polis nəfəri, polis serjantı X7 şahid Şamaxı rayon Polis şöbəsinin PPXB-nin polis nəfəri, polis serjantı X8 ilə eyni məzmunlu izahat verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahat verib bildirdi ki, 04.05.2022ci il tarixdə təxminən 10:00 radələrində Şamaxı rayonu Muğanlı kəndinə heyvan almaq məqsədi ilə getmiş, heyvanı alıb geri qayıdarkən, kənddə olan mağazaların birindən yemək almış və bir litr spirtli içki almış, avtomobildə oturaraq işçisı Əlqardaş ilə yemək yeyərkən hər ikisi spirtli içki qəbul etmiş və daha sonra Şamaxı şəhəri istiqamətinə yola düşmüşlər, avtomobili o idarə etmiş, Qaravəlli kəndi yaxınlığında post patrul avtomobili xarici işıq cihazı vasitəsi ilə ona “dayan” işarəsi verilmiş, lakin o, avtomobili bilərəkdən saxlamamış və hərəkətə davam edərək, Şamaxı şəhəri N.Nərimanov küçəsi ev 67 ünvanında yerləşən evinin qarşısına gələrək avtomobili saxlamış, avtomobili saxladıqdan sonra yerə düşən kimi sonradan adının X8 olduğunu bildiyi polis əməkdaşı ona şillə atmışdır. İşçisi Əlqardaş da avtomobildən yerə düşmüş və oğlu Mehman işlədiyi ət mağazasından gələrək həmin yerə yaxınlaşmışlar və onlarıda polis əməkdaş İsmət Kərimov döymüşdür. İşçisı Əliqardaş həmin vaxt söyüş söydüyü üçün özü əli ilə onu dodağından vurmuşdur ki, sakit dursun. Həmin vaxt ətrafa kimlərinsə toplaşmasını xatırlamır. İş materiallarında olan Şamaxı rayon Polis şöbəsinin PPXB-nin polis nəfəri, polis serjantı İsmət Kərimovun 04 may 2022-ci il tarixli raportundan görünür ki, 04.05.2022-ci il tarixdə təxminən saat 11:00 radələrində Şamaxı rayonu Muğanlı kəndi ərazisində RPŞ-nin PPXB-nin polis nəfəri polis serjantı Şaban Əmrahov ilə birlikdə dislokasiya üzrə xidmətdə olarkən, “Ford" markalı **-EM-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobilin ziq-zaq vari hərəkətlərlə yolun əks istiqamətinə çıxmasını və davamlı olaraq qəza şəraiti yaratmasını görüb bu barədə Şamaxı rayon Polis Şöbəsinə məlumat vermişlər və avtomobilə “dayan” əmri vermişlər, lakin avtomobilin sürücüsü onların qanuni tələblərinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmiş, Şamaxı rayonu Muğanlı dairəsindən Şamaxı şəhərinədək sürücü avtomobili ziq-zaqvari hərəkətlərlə sürərək davamlı qəza şaraiti yaratmışdır, sürücü avtomobili Şamaxı şəhəri N.Nərimanov küçəsi ev 67 ünvanında evin qarşısında saxlamış, daha sonra adı sonradan onlar məlum olmuş sürücü X3 və adı sonradan onlara məlum olan sərnişin X1 avtomobildən düşərək küçədə onlara qarşı nalayiq ifadələr işlətməyə başlamışlar, onlar onları dəfələrlə intizama dəvət etsələrdə onlar, onların qanuni tələblərinə qəsdən tabe olmayaraq ictimai yerdə nalayiq ifadələr işlətməyə davam etmişlər və onlara əl-qol hərəkətləri atmışlar, daha sonra adı sonradan onlara məlum olan Şəxs işlədiyi ət mağazasından çıxaraq oda onlara qarşı nalayiq ifadələr işlətməyə başlamış, onlar onuda dəfələrlə intizama dəvət etsələrdə oda onların qanuni tələblərinə məhəl qoymayaraq ictimai yerdə nalayiq ifadələr işlətməyə davam etmiş, daha sonra onlar hər üç şəxsi barələrində araşdırma aparılması məqsədi ilə Şamaxı rayon Polis Şöbəsinə gətirmişlər. İş materiallarında olan inzibati qaydada tutma haqqında BB 018965 nömrəli protokoldan görünür ki, Şəxs 04.05.2022-ci il tarixdə saat 12:00-da inzibati qaydada tutulmuş, 04.05.2022-ci il tarixdə saat 15:00-da isə azad edilmişdir. İş materiallarında olan sərxoşluğun xüsusi texniki vasitə ilə müəyyən edilməsi barədə qəbzdən görünür ki, 04 may 2022 il tarixdə saat 13:47 radələrində Şəxs qanında alkoqolun konsentrasiyasının həcmi 2,339% promildir. Beləliklə məhkəmə iş materiallarında olan sənədlərə və işdə iştirak edən şəxslərin izahatlarına məcmu halda qiymət verərək belə hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, nə inzibati xəta haqqında protokolda, nə də iş materiallarında olan digər sənədlərdə Şəxs polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmasını faktını təsdiq edən heç bir sübut göstərilməmiş, məhkəmə baxışı zamanı da bu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq Şəxs təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşdüyündən, lakin onun təqsirliliyini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Şəxs ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər etməklə ictimai qaydanı pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, n beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi məsuliyyəti ağırlaşdıran hal hesab edilir. İnzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halların müəyyən edilməməsini və inzibati xətanı sərxoş halda törətməsini məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alaraq, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sansiyasının hədləri daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərdiyi 2 saat hüquqi yardıma görə 12 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən Vəkil hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 5(beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 04 may 2022-ci il tarixdən hesablansın. Şəxs inzibati həbs müddətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müəyyən etdiyi yerlərdə mühafizə altında saxlanılsın. Qərarın icrası Şamaxı rayon Polis Şöbəsinin inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərdiyi 2 saat hüquqi yardıma görə 12 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən Vəkil hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-126/2022
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-126/2022
04.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver