Məhkəmə qərarları › İş №3(074)-133/2023

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-133/2023

05.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-133/2023 05.05.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X10 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, şikayət vermiş X1 nümayəndəsi X2 iştirakı ilə, Baş Dövlət Yol Polisi İdarəsinin İİİ X11 Xidmətinin inspektoru X3 xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Baş Dövlət Yol Polisi İdarəsinin İİİ X11 Xidmətinin inspektoru X3 xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, istifadələrində “VAZ 210740” markalı, H521HB750 dövlət qeydiyyat nişanlı avtomobil var. xx.xx.2023-cü il tarixdə yol patrul xidmətinin əməkdaşı Elməddin Abdullayev tərəfindən ona məxsus avtomobilə görə İXP ******* saylı protokol tərtib edilmiş və TP ******* saylı xx.xx.2023-cü il tarixli qərarı ilə o, 150 manat məbləğində cərimə edilmişdir. Həmin qərarın surətini Şamaxı Rayon Polis X9 Polisi Bölməsindən xx.xx.2023-cü il tarixdə əldə etmişdir. Qərarda qeyd olunub ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan onu idarə etmiş və nəqliyyat vasitəsinin avadanlığı sürücü tərəfindən normativ tələblər pozulmaqla dəyişdirilmişdir. Lakin, o, xx.xx.2023-cü il tarixdə həmin avtomobili idarə etməmiş, nə də ki, avtomobilin hər hansı avadanlığını dəyişdirməmişdir. Odur ki, TP ******* saylı, xx.xx.2023-cü il tarixli qərarda göstərilənlər həqiqəti əks etdirmir. O, qərarı Şamaxı DYP-dən alarkən polis əməkdaşından xahiş etmişdir ki, yol hərəkəti qaydalarını qeyd edilmiş səbəblə pozmasının sübutu haqqında aydın görünən fotoşəkilləri və ya videogörüntüləri də ona təqdim etsin. Lakin, onlar nə fotoşəkilləri, nə də videogörüntünü ona göstərməkdən imtina etmişdirlər. Səbəbi odur ki, sözügedən sübutlar (fotoşəkillər və videogörüntü) yoxdur. Məhkəmə iclasında şikayət verən X1 nümayəndəsi X5 şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtə barədə məlumat verilməsinə baxmayaraq, Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Baş Dövlət Yol Polisi İdarəsinin İİİ X11 Xidmətinin inspektoru X3 xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarından görünür ki, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.2 və 342.2.2-ci maddələrində nəzərdə tututlmuş inzibati xətaları törətdiyinə görə, barəsində 150 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Göründüyü kimi, barəsində inzibati xəta haqqında tənbeh verilmiş X4 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.2 və 342.2.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə, tətbiq edilmiş tənbeh qərarını əsassız hesab edir, həmin gün avtomaşını idarə etmədiyini və avtomaşında hər hansı bir əlavə avadanlıq quraşdırmadığını göstərmişdir. Lakin, inzibati xəta haqqında qərarı tərtib etmiş şəxs, inzibati xəta hadisəsinin baş verib-verməməsini, inzibatı xətanı törədən şəxsin əməlində inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 75.0.2 və 75.0.3-cü maddələrinə əsasən, inzibati xəta haqqında iş üzrə inzibati xəta törətmiş şəxs və inzibati xəta törətməkdə şəxsin təqsiri müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün sübutlar məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.1 və 135.1.6-cı maddələrinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, qeyd olunan prosessual normaların tələblərini və işin yuxarıda göstərilən hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Baş Dövlət Yol Polisi İdarəsinin İİİ X11 Xidmətinin inspektoru X3 xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında material yenidən baxılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilsin. Baş Dövlət Yol Polisi İdarəsinin İİİ X11 Xidmətinin inspektoru X3 xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. İnzibati xəta haqqında material yenidən baxılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar