Məhkəmə qərarları › İş №3(074)-135/2024

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-135/2024

01.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-135/2024 01.02.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Yol patrul xidməti baş inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1996-cı ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Yol patrul xidməti baş inspektoru X2 izahatında göstərdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə idarə etdiyi “VAZ 21015” minik markalı **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən, Şamaxı rayonu, Çuxuryurd kəndində əl əyləcindən istifadə edərək avtoxuliqanlıq etmiş və Təhlükəsiz Şəhər Xidmətinin 24 nömrəli kamerasında video görüntüyə baxılıb Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi müəyyən edilmiş və barəsində həmin maddə üzrə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, o, xx.xx.2024-cü il tarixdə 22:00 radələrində etibarnamə ilə “VAZ 21015” minik markalı **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobili Şamaxı rayonu, Çuxuryurd kəndi ərazisində idarə edərkən hava şəraiti qarlı olduğu üçün geriyə dönərkən maşın sürüşərək qarşı zolağa çıxmışdır. Əlavə olaraq bildirdi ki, o, bilərəkdən avtomobili sürüşdürməmiş, yer qarlı olduğundan avtomobil sürüşmüşdür. Həmin vaxt o, əl əyləcindən istifadə etməmişdir. Dönüb geri qayıtmaq istəmiş və avtomobilin arxası sürüşmüşdür. Ailəlidir iki uşaq atasıdır. İş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan Şamaxı RPŞ-nin Təhlükəsiz Şəhər Xidmətinin operatoru polis serjantı Rəfail Məmmədov tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə Şamaxı RPŞ-nin inzibati binasında Təhlükəsiz Şəhər Xidmətinin operator otağında xidmətdə olan zaman saat 21:53 radələrində Şamaxı şəhəri Pirquli yolu “Star otelin” qarşısında **-GY-*** dövlət nömrə nişanlı “VAZ 21015” minik markalı avtomobilin əl əyləcindən istifadə edərək təkərləri yolun səthi ilə sürüşdürdüyünü Təhlükəsiz Şəhər Xidmətinin 24 nömrəli kamerası ilə aşkar etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə idarə etdiyi “VAZ 21015” minik markalı **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən, Şamaxı rayonu, Çuxuryurd kəndində əl əyləcindən istifadə edərək avtoxuliqanlıq hərəkəti etmişdir. İş materiallarında olan video görüntüyə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, yolun səthi qarla örtülü vəziyyətdədir və “VAZ 21015” minik markalı **-GY-*** dövlət nömrə nişanlı avtomobil hərəkətdə olan zaman avtomobilin arxa hisəssi sürüşür və daha sonra sürücü avtomobili idarə edərək oradan uzaqlaşır. Məhkəmə, proses iştirakçılarını dinləyib və inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 511.1.3-cü maddəsi ilə olan inzibati materiala xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta qəsdən törədilən xətadır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Məhkəmə baxışında müəyyən olundu ki, Şəxs xx.xx.2024-cü il tarixdə idarə etdiyi “VAZ 21015” minik markalı **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən, Şamaxı rayonu, Çuxuryurd kəndində yol səthi qarlı olduğundan avtomobil bir dəfə sürüşmüş daha sonra sürücü avtomobili hərkət etdirərək oradan uzaqlaşmışdır. Həmçinin onun həmin vaxt əl əyləcindən istifadə etməsi öz təsdiqini tapmamışdır. Bundan başqa avtoxuliqanlıq etmək niyyətində olan şəxsin təhlükəsiz şəhər kamerasının müşahidə dairəsində qəsdən belə hərəkətlərə yol verməsi az inandırıcıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar