Məhkəmə qərarları › İş №3(074)-141/2022

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-141/2022

06.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-141/2022 06.06.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTBnin sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakları ilə, xx xxx 2000-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş 06.06.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2 izahatında göstərdi ki, Şəxs 06.06.2022-ci il tarixdə Heydər Əliyev küçəsində, H.Əliyev parkında Şamaxı RİH-nin təşkil etdiyi festival zamanı ictimai qaydanı pozaraq qanuni tələblərinə tabe olmayaraq öz hərəkətlərinə davam etmiş, ətrafada olan vətəndaşları narahatçılıq etmişdir. Polis əməkdaşları dəfələrlə onu nizam intizama dəvət etsələrdə, o, polisin ünvanına nalayiq ifadələr işlədərək polis əməkdaşlarının tələblərinə qəsdən tabe olmamışdır. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, Heydər Əliyev küçəsində, H.Əliyev parkında festival zamanı kənarda yerləşdirilmiş stulların arxasında gəzişərkən polis ona oturmasını bildirmiş, bu zaman o, oturaram demiş, lakin biraz gec oturmuşdur. Bu zaman polis ona yenidən yaxınlaşıb hələdə oturmamasını irad tutmuş və digər polis əməkdaşı yaxınlaşıb ona yüksək səslə oturmasını demiş və onu soymüşdür. Bu zaman o, polislərlə mübahisə etmiş və sonra ordan qaçmışdır. Sonra polis əməkdaşları onu tutub polis şöbəsinə gətirmişlər. Hadisə parkda insanların yanında baş vermişdir. Həmin vaxt o, həçkəsə xəsarət yetirməmiş və heç kimin paltarını cırmamışdır. Onu tutduqları üçün onların əlindən qaçmaq istəyərkən ola bilər ki, bunlar olsun. Fikriləşmişdir ki, polislər onu döyəcək və buna görə qaçmışdır. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı RPŞ-nin PPXB-nin polis nəfəri polis serjantı X5 izahat verib bildirdi ki, 06.06.2022-ci il tarixdə saat 17:00 radələrində postaçı yoldaşları polis nəfərləri polis serjantı Həsən Hacıyev və kiçik polis serjantı Firdovsi Əmrahovla H.Əliyev adına parkda xidmətdə olarkən Şamaxı RİH-nin təşkil etdiyi tədbirdə bir nəfər əvvəlcədən tanımadıqları Usuflu Şahhmurad adlı şəxsin ictimai əsayişi kobud şəkildə pozaraq tədbirə maneçilik törətdiyini görüb ona yaxınlaşmışlar. Ona özlərini təqdim edərək onu nizam intizama dəvət etmişlər, lakin o, onların qanuni tələblərinə tabe olmayaraq öz hərəkətlərinə davam etmişdir. Bu isə orada olan insanların narazılığına səbəb olmuşdur. Vətəndaş onlarla mübahisə edərək onalara əl-qol atmışdır. Onlar onu RPŞ-və dəvət etsələrdə o, onlara müqavimət göstərərək hadisə yerindən qaçmağa cəhd göstərərək nalayiq ifadələr işlətmişdir. Onlar onun arxasıyca qaçaraq onu S.Ə.Şirvani küçəsində yenidən saxlayıb efir vasitəsi ilə hadisə yerinə avtopatrul çağıraraq RPŞ-nə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş RPŞ-nin PPXB-nin polis kiçik serjantı X3 və RPŞ-nin PPXB-nin polis nəfəri polis serjantı X4 şahid polis nəfəri polis serjantı X5 ilə eyni məzmunlu izahat verdi. İş materiallarında olan Şamaxı rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri polis serjantı X4 tərəfindən tərtib edilmiş 06.06.2022-ci il tarixli raportdan görünür ki, 06.06.2022-ci il tarixdə saat 17:00 radələrində postaçı yoldaşları polis nəfərləri polis serjantı Novruz Cabarov və kiçik polis serjantı Firdovsi Əmrahovla H.Əliyev adına parkda xidmətdə olarkən Şamaxı RİH-nin təşkil etdiyi tədbirdə bir nəfər əvvəlcədən tanımadıqları Usuflu Şahhmurad adlı şəxs ictimai əsaişi kobud şəkildə pozaraq tədbirə maneçilik törətdiyini görüb ona yaxınlaşmışlar. Onlar ona özlərini təqdim edərək onu nizam intizama dəvət etmişlər, lakin o, onların qanuni tələblərinə tabe olmayaraq öz hərəkətlərinə davam etmiş, onlar onu RPŞ-və dəvət etsələrdə o, onlara müqavimət göstərərək hadisə yerindən qaçmağa cəhd göstərmişdir. Onlar onun arxasıyca qaçaraq onu S.Ə.Şirvani küçəsində yenidən saxlayıb efir vasitəsi ilə hadisə yerinə avtopatrul çağıraraq RPŞ-nə gətirmişlər. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün etirafedici izahatı ilə yanaşı, şahidlərin izahatları, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətaların xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, ilk dəfə inzibati qaydada məsuliyyətə cəlb olunmasını məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəri ilə təqsirli bilinməli və ona İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1cimaddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilsin və İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 06 iyun 2022-ci il tarixdən hesablansın. Şəxs inzibati həbs müddətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müəyyən etdiyi yerlərdə mühafizə altında saxlanılsın. Qərarın icrası Şamaxı rayon Polis Şöbəsinin inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar