Məhkəmə qərarları › İş №3(074)-160/2022

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-160/2022

14.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-160/2022 14.07.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 343.2 və 327.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə DİN-nin Baş Dövlət Yol Polisi İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 343.2 və 327.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, 11 fevral 2022-ci il tarixdə axşam radələrində Naxçıvan MR Şərur rayonu Düdəngə kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Suraxanı rayonu Hövsan qəs. Bağlar massivi ünvanında yaşayan xx.xx.1970-ci il təvəllüdlü Şəxs Bakı şəhəri Suraxanı rayonu Hövsan qəs. Məktəb küçəsi ev 43-də yaşayan X2 məxsus olan, etibarnamə olmadan “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi Ford Transit markalı, ** RC *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə İsmayıllı rayonundan çıxıb Bakı şəhərinə yola düşmüş, saat 21:30 radələrində avtomobili Muğanlı-İsmayıllı magistral yolunun Şamaxı rayonu Muğanlı kəndi yaxınlığından keçən 2ci km-də dumanlı hava və məhdudiyyətli görünmə şəraitində Muğanlı istiqamətində 20 km/saat sürətlə idarə edən zaman yolun sola doğru sərt döngəli hissəsində yolun hərəkət hissəsini yaxşı görə bilməməsi səbəbindən hərəkətini düzünə davam etdirmiş, bu zaman avtomobil yoldan çıxaraq sağ tərəfdəki dərəyə düşüb bir neçə dəfə yuvarlandıqdan sonra dayanmışdır. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində avtomobilin sürücüsü Şəxs və həmin avtomobilin salonunda olan sərnişin, Tərtər rayonu Qaradağlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Suraxanı rayonu Hövsan qəs. Bağlar massivi ünvanında yaşayan xx.xx.1989-cu il təvəllüdlü X4 xəsarət alaraq Şamaxı rayon mərkəzi xəstəxanasına müraciət etmiş, müayinə olunduqdan sonar xəstəxanadan çıxıb getmişlər. Şəxs sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən keçməsindən imtina etmişdir. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, zərərçəkmiş şəxs və səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Ona görə də məhkəmə həmin şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan DİN-nin Bİ və Tİ-nin YNHDİ üzrə istintaq və Təhqiqat şöbəsinin rəisi polis polkovniki Vüqar Əhmədov tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli raportdan görünür ki, 11 fevral 2022-ci il saat 21:30 radələrində Muğanlı-ismayıllı yolunun Şamaxı rayonu ərazisindən keçən 2-ci kilometrində Naxçıvan MR Şərur rayonu Düdəngə kəndində yaşayan, 1970-ci il təvəllüdlü Şəxs idarə etdiyi Ford Tranzit markalı ** RC *** dövlət qeydiyyat nişanlı avtomobillə, yoldan sağ tərəfə çıxaraq dərəyə aşmış, nəticədə avtomobilin sürücüsü Şəxs xəsarət alaraq Şamaxı rayon mərkəzi xəstəxanasına müraciət etmişdir. İş materiallarında olan DİN-nin Bİ və Tİ-nin YNHDİ üzrə istintaq və Təhqiqat şöbəsinin baş təhqiqatçısı polis mayoru Azad Hacıyev tərəfindən tərtib edilmiş xx.xx.2022ci il tarixli sərxoşluq müayinəsindən imtina barədə protokoldan görünür ki, 11 fevral 2022-ci il tarixdə saat 21:30 radələrində Muğanlı-İsmayıllı magistral yolunun Şamaxı rayonu Muğanlı kəndi yaxınlığından keçən 2-ci km-də baş vermiş yol nəqliyyat hadisəsinin araşdırılması ilə əlaqədar hadisədə iştirak etmiş Ford Transit markalı, ** RC *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Naxçıvan MR Şərur rayonu Düdəngə kəndində yaşayan 1970-ci il təvəllüdlü Şəxs Şamaxı rayon mərkəzi xəstəxanasının qəbul şöbəsində ilk tibbi yardım aldıqdan sonra həkim Ədalət Həmidovun ona polisin gəlməsini gözləməli olduğunu bildirməsinə baxmayaraq dərhal həmin xəstəxananı tərk etdiyi üçün Şəxs sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən keçirilməsi məqsədi ilə həmin şəxslə ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələri vasitəsilə dəfələrlə əlaqə saxlanılaraq tibbi müayinədən keçməli olduğu bildirilmişdir. Lakin buna baxmayaraq Şəxs heç bir əsas olmadan müxtəlif bəhanələr gətirərək sərxoşluq vəziyyətinin tibbi müayinəsindən imtina etmiş və bu səbəbdən həmin şəxsin hadisə zamanı sərxoş olubolmamasının müəyyən edilməsi mümkün olmamışdır. Material üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 40 nömrəli rəyindən görünür ki, X1 almış olduğu xəsarətlər- sol dirsək və sol budun nahiyyələrinin qançırları küt əşya təsirindən törənməklə, qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı sərnişin qismində alınmağa uyğun gəlirlər. X1 almış olduğu xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. Material üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 41 nömrəli rəyindən görünür ki, X3 almış olduğu xəsarət-sağ əlin İİ barmaqın İ falanqasının bir ədəd səthi yarası küt əşya təsirindən törənməklə, qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı sürücü qismində alınmağa uyğun gəlir. X3 almış olduğu xəsarət sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqundan dərəcəsi təyin edilmir. İş materiallarında olan X5 Dair İşlər üzrə İstintaq və Təhqiqat Şöbəsinin baş təhqiqatçısı polis mayoru Azad Hascıyev tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, toplanmış HK-1/ 174 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş, sürücü Şəxs barəsində inzibati qaydada tədbir görülməsi üçün surəti BDYPİ-nin YPX Alayına verlmişdir. Məhkəmə, inzibati xəta haqqında tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri tədqiq edib hesab edir ki, Şəxs həmin əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.2-ci maddəsilə deyil, həmin Məcəllənin 343.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Ona görə ki, zərərçəkmiş şəxsin almış olduğu xəsarət yüngül deyi, almış olduğu xəsarət sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqundan dərəcəsi təyin edilməmişdir. Avtomobilə isə dəymiş ziyanın məbləği müəyyən edilməmişdir və maddi ziyan dəyməsi iş materialları ilə təsdiq olunmur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 saylı qərarı ilə təsdiq edilmiş "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın 2.7-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. Lakin iş materiallarında olan sərxoşluq müayinəsindən imtina barədə protokoldan görünür ki, Şəxs sərxoşluq vəziyyətinin tibbi müayinəsindən imtina etmiş və bu səbəbdən həmin şəxsin hadisə zamanı sərxoş olub-olmamasının müəyyən edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.2-ci maddəsi bu Məcəllənin 333.2 və 333.3-cü maddələrində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə inzibati məsuliyyət nəzərdə tutmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 343.2-ci maddəsi ilə yanaşı, həmçinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi də qeyd olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələrinin baxmağa səlahiyyətli olduğu inzibati xətalara dair işlərin tam siyahısı göstərilmişdir. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya dair işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətində deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin maddənin mənasına görə, şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduğu halda, həmin işlərə eyni vaxtda baxılmalıdır. Bir neçə inzibati xətaya dair işlərin baxılması eyni orqanın səlahiyyətinə aid deyilsə, həmin işlərə eyni vaxtda baxıla bilməz. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutlmuş inzibati xətalara dair işlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya dair işlərə baxmaq Azərbaycan Respublikası DİN-nin səlahiyyətinə aid olduğundan, Şəxs həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətalara görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə Yol Polisi Bölməsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Etibar Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar