Məhkəmə qərarları › İş №3(074)-164/2021

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-164/2021

03.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-164/2021 03.05.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon Polis Şöbəsinin DYPB-nin baş inspektoru X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1946-cı ildə Şamaxı rayonu, Qaravəlli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Şamaxı rayonu, Mirikənd kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı rayon X4 X5 daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon X4 X6 tərəfindən tərtib olunmuş 03.05.2021-ci il tarixli, KYP 263197 saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon Polis Şöbəsinin DYPB-nin baş inspektoru X2 izahatında göstərdi ki, 03.05.2021-ci il tarixində saat təxminən 10:30 radələrində vətəndaş Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “VAZ 11183” markalı **-FX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşınla Bakı-Şamaxı-Yevlax yolunun 122 kilometrliyində manevr edərkən “Mitsbushi” markalı **-PE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşını vuraraq yol nəqliyyatı hadisəsi törətmişdir. Nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verib bildirdi ki, o, 03.05.2021-ci il tarixində saat təxminən 10:30 radələrində idarə etdiyi “VAZ 11183” markalı **-FX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşınla Bakı-Şamaxı-Yevlax yolunun 122 kilometrliyində təmir sexinə girmək istəyərkən arxadan gələn “Mitsbushi” markalı **-PE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşını görməmiş və nəticədə bu hadisə baş vermişdir. Avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi yoxdur və hadisə vaxtı heç bir xəsarət alan olmayıb. Məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını və ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahat verib bildirdi ki, 03.05.2021ci il tarixində saat təxminən 10:30 radələrində Şamaxı DAİM-ə məxsus “Mitsbushi” markalı **-PE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşınla Bakı-Şamaxı-Yevlax yolunun 122 kilometrliyində hərəkətdə olarkən yol çiynindən hərəkətə başalayan “VAZ 11183” markalı **-FX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşın qəflətən sola dönərək onun idarə etdiyi avtomobillə toqquşmuşdur. Hadisə vaxtı o və avtomobildə olan sərnişin heç bir xəsarət almamışdır. Avtomobilə dəymiş ziyanın məbləğinin müəyyən edilməsi üçün avtomobil hazırda servisə təqdim edilmişdir. İş materiallarında olan 03.05.2021-ci il tarixli KYP 263198 saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, Şəxs 03.05.2021-ci il tarixdə saat 10:30 radələrində “VAZ 11183” markalı **-FX-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı- Şamaxı-Yevlax yolunun 122 kilometrliyində manevr edərkən “Mitsbushi” markalı **-PE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşını vuraraq yol nəqliyyatı hadisəsi törətmişdir. İş materiallarında olan sərxoşluğun xüsusi texniki vasitə ilə müəyyən edilməsi barədə qəbzdən görünür ki, 03.05.2021-ci il tarixdə saat 10:43 radələrində Zərərçəkmiş şəxs qanında alkoqolun konsentrasiyasının həcmi 0,00% promildir. İş materiallarında olan sərxoşluğun xüsusi texniki vasitə ilə müəyyən edilməsi barədə qəbzdən görünür ki, 03.05.2021-ci il tarixdə saat 10:47 radələrində Şəxs qanında alkoqolun konsentrasiyasının həcmi 0,00% promildir. Məhkəmə, inzibati xəta haqqında tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri tədqiq edib, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutmuşdur. Həmin Məcəllənin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, onun yaşını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 400 (dörd yüz) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar