Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-165/2021 04.05.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1979-cu ildə Şamaxı rayonu, Göylər kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Şamaxı rayonu, Göylər kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şamaxı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon İcra və Probasiya Şöbəsində tərtib olunmuş 04.05.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verib bildirdi ki, onun 1800 manat məbləğində borcu olmuş, borcundan 900 manatını ödəmiş, qalan 900 manatını isə hər ay 100-150 olmaqla ödəyə bilər. Eyni zamanda Şamaxı rayonu, Göylər kəndində qeydiyyatda olsa da, faktiki olaraq orada yaşamadığı üçün barəsində məhkəmədə olan mülki işdən xəbəri olmamış və çıxarılmış qətnaməni almamışdır. Bu barədə ona 15-20 gün olar ki, telefon vasitəsi ilə Şamaxı rayon İcra və probasiya şöbəsi tərəfindən məlumat verilmişdir. Onun icra sənədindən xəbəri olmamışdır. Barəsində çıxarılmış qətnaməni əldə etmək üçün məhkəməyə müraciət edəcək və həmin qətnamədən narazı olduğu üçün apelyasiya şikayəti verəcəkdir. Şamaxı rayon İcra və probasiya şöbəsində daha əvvəl olmamış, icra məmuru ona zəng etdiyi üçün bu gün şöbəyə gəlmiş, tələbin könüllü icrası barədə bildiriş də ona bu gün təqdim edilmiş və eyni zamanda barəsində protokol tərtib edilmişdir. Qeyd olunanları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş edir. Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru və tələbkar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 04.05.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Şamaxı rayon Məhkəməsinin 30.11.2020-ci il tarixli 2(074)-947/2020 saylı icra sənədinin icrasından yayınmışdır. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 30.11.2020-ci il tarixli 2(074)- 947/2020 saylı icra vərəqəsinin surətindən görünür ki, Şəxs 5000 manat məbləğində borc və 30 manat ödənilmiş dövət rüsumunun əvəzi, cəmi 5030 manat məbləğində pul alınıb X1 verilməlidir. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin 21.01.2021-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, icra vərəqəsi üzrə borclu Şəxs 10 gün müddətində icranı təmin etməsi təklif olunmuşdur. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin 21.01.2021-ci il tarixli könüllü icra barədə bildirişindən görünür ki, borclu Şəxs icranı könüllü həyata keçirməsi təklif olunmuşdur. İş materiallarında olan Şamaxı rayon icra hakimiyyəti başçısının Göylər kənd nümayəndəliyinin 22.04.2021-ci il tarixli № 178 saylı arayışından görünür ki, Şəxs Şamaxı rayonu Göylər kəndində qeydiyyatda olsa da, həmin ünvanda yaşamır. İş materiallarında olan borclunun axtarılması haqqında 22.04.2021-ci il tarixli qərarın surətindən görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Məhkəmə, iş materiallarına və proses iştirakçısının izahatına məcmu halda qiymət verərək hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Proses iştirakçılarının məhkəmə iclasında verdiyi izahatdan və icra işinə əlavə edilmiş sənədlərdən aydın olur ki, borclu Şəxs borcunun ödənilməsinə laqeydlik göstərməmişdir. Belə ki, o, icraata başlmaq haqqında qərarı və tələbin könüllü icrası barədə bildirişi almamış, həmin sənədlər ona bu gün təqdim edilmişdir ki, belə olan halda borcluya tələbin könüllü icrası barədə müəyyən edilmiş müddət keçmədiyindən onun məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd edilən hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-165/2021
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-165/2021
04.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver