Məhkəmə qərarları › İş №3(074)-174/2023

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-174/2023

04.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-174/2023 04.05.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X3 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsinin nümayəndəsi X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1960-cı ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsinin nümayəndəsi X2 izahatında bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 11 radələrində Şamaxı şəhəri ərazisində “Ford” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə yükdaşıma fəaliyyəti həyata keçirən zaman, qanunun tələblərini pozaraq, lazım olan sənədləri təqdim etməkdən imtina etmişdir. Bununla bağlı, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə onun tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə o, idarə etdiyi “Ford” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə hər hansı bir yük daşımamış, idarə etdiyi avtomobil həmin vaxt dayanmış vəziyyətdə olmuş və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin əməkdaşları yaxınlaşıb, ondan hər hansı bir sənəd tələb etməmiş və onun barəsində tərtib olunmuş protokoldan ümumiyyətlə xəbəri olmamışdır. Göstərilənlərə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsinə əsasən, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmağa, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsinə görə inzibati məsuliyyət müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində səlahiyyətli orqanın əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olması və ya qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsi müəyyən edilmədiyindən, onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xətanın tərkibi olmadığından, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar