Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-176/2025 12.05.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X4 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, şikayət verən - X1 iştirakı ilə, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin İnzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ 26612094 nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunan X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin İnzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ 26612094 nömrəli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə, saat 08:30 radələrində “Nissan Note minik” markalı, **-LQ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən, təhlükəsizlik kəmərindən istifadə etdiyi halda, Şamaxı şəhəri Ağsu dairəsi adlanan ünvanda kamera vasitəsilə qeydə alınmış görüntüdə bunun əksinə olaraq barəsində elektron qaydada Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1ci maddəsinə əsasən, inzibati tənbeh vermə haqqında EQ 26612094 saylı, xx.xx.2025-ci il tarixli qərar qəbul edilmiş və o, 40 manat cərimə olunmuşdur. Cərimə olunduğu gün, dərhal “E-Polis” tətbiqi vasitəsilə şikayət vermişdir. Lakin, şikayətindən 1 aydan çox müddət keçməsinə baxmayaraq, şikayətinə baxılması və yekun nəticə ilə bağlı ona heç bir rəsmi məlumat verilməmişdir. Bu dövr ərzində şikayətinə baxılması və yekun qərar verilməsi üçün 102 və 902 qaynar xətləri ilə əlaqə saxlamış, bundan sonrada heç bir nəticə olmamışdır. Bundan sonra məcbur olub inzibati orqanın hərəkətindən (müraciətinə vaxtlı-vaxtında baxılmadığı üçün) Azərbaycan Respublikasının Baş Prokurorluğuna da elektron müraciət etmişdir. Hesab edir ki, qeyd edilən inzibati tənbeh vermə haqqında EQ 26612094 saylı, xx.xx.2025-ci il tarixli qərar əsassız olduğundan ləğv edilməlidir. İnzibati tənbeh vermə haqqında EQ 26612094 saylı, xx.xx.2025-ci il tarixli qərardan elektron kabinetə yükləndiyi gün şikayət vermiş və bu günədək nəticəsi barədə ona heç bir rəsmi məlumat verilməmişdir. Belə ki, xx.xx.2025-ci il tarixdə, saat 08:30 radələrində iş yerinə gedərkən, təhlükəsizlik kəmərindən istifadə etmişdir. Ümumiyyətlə o, daimi olaraq avtomobili idarə edərkən, təhlükəsizlik kəmərindən istifadə edir. Əlavə olaraq nəzərinizə çatdırmaq istərdi ki, “E-Polis” tətbiqində inzibati tənbeh vermə haqqında EQ 26612094 saylı, xx.xx.2025-ci il tarixli elektron protokola əlavə edilmiş fotoşəkildən qəti şəkildə onun təhlükəsizlik kəmərindən istifadə etməyi müəyyən edilmir. Üzərində olan geyimin rəng tonu və fotoşəkilin keyfiyyətsiz olması səbəbindən, təhlükəsizlik kəmərindən istifadə etməyi müəyyən olunmur. Yalnız keyfiyyətsiz fotoşəkilə (video əlavə edilməyib) əsasən onun təhlükəsizlik kəmərindən istifadə etmədiyi qənaətinə gəlinərək, qanunsuz olaraq cərimə olunmuşdur. İnzibati xəta ilə bağlı sübutlar aydın, anlaşılan və dəqiq olmalıdır. Elektron kabinetə əlavə edilmiş fotoşəkillərdə isə onun təhlükəsizlik kəməri istifadə etməyi aydın görünmür. Bu hal isə qərarın qanunsuz olduğunu bir daha sübuta yetirir. Qeyd edilənlərə əsasən, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin İnzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ 26612094 nömrəli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etdi. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsi vasitəsilə məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə şikayət verən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli, EQ 26612094 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 xx.xx.2025-ci il tarixdə Şamaxı şəhəri, Ağsu dairəsi adlanan ərazidə “Nissan Note minik” markalı, **-LQ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən, təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 40 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan görüntüdən müəyyən olunur ki, xx.xx.2025-ci il tarixdə Şamaxı şəhəri, Ağsu dairəsi adlanan ərazidə “Nissan Note minik” markalı, **-LQ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü avtomobili idarə edərkən, təhlükəsizlik kəmərindən istifadə etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda sadalanan normaların tələblərindən göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135-ci maddəsinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması halları müəyyən edildikdə inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X2 tərəfindən göstərilmiş dəlillər əsaslı olduğundan, şikayət təmin edilməli, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin İnzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ 26612094 nömrəli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X2 tərəfindən verilmiş şikayət təmin edilsin. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin İnzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ 26612094 nömrəli qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №3(074)-176/2025
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-176/2025
12.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver