Məhkəmə qərarları › İş №3(074)-183/2024

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-183/2024

21.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-183/2024 21.02.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X5 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Şamaxı Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1963-cü il tarixdə Şamaxı rayonu, Quşçu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Şamaxı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Şamaxı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bununla bağlı Şamaxı Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi İlqar Məmmədli tərəfindən Şəxs barəsində 20 fevral 2024-cü il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə MN ******* nömrəli İnzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Şamaxı Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1 izahat verərək bildirmişdi ki, ünvan 2 ünvanında yaşayan şəxslər Zərərçəkmiş şəxs, X2, X3 və Şəxs Hacıməmməd qızının 20 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə və Şamaxı Rayon Polis Şöbəsinə müraciətləri daxil olmuş və araşdırma nəticəsində müəyyən olmuşdur ki, 20 avqust 2023-cü il tarixdə ünvan 2 ünvanında Zərərçəkmiş şəxs xəsarət yetirməsi aşkar edilmişdir. Bu səbəbdən də Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, Zərərçəkmiş şəxs onun baldızı, İbrahim Babayev isə onun qaynıdır. Həmin şəxslərlə onun bir neçə ildir ki münasibətləri yoxdur. İbrahim Babayev bir neçə dəfə oğlanları barəsində əsassız olaraq Şamaxı RPŞ-yə ərizə ilə müraciət etmiş, lakin heç bir nəticə olmamışdır. Hazırda yaşadığı ev onun qaynı İbrahimə məxsus olsada vəfat edən qaynatası Osmanın mülkü olduğundan və oda həmin evə gəlin gəldiyindən həmin evdə oğlanları Osman və Tural ilə birlikdə yaşayırlar. Həmçinin onlarla birlikdə baldızı Zərərçəkmiş şəxs yaşayır. Yəni evin birinci mərtəbəsində baldızı, ikinci mərtəbəsində isə onlar yaşayırlar. 20 avqust 2023-cü il tarixdə onlar evin həyətində olan zaman baldızı Zərərçəkmiş şəxs onlara yaxınlaşaraq səs küy salıb onlarla mübahisə edərkən onlara nalayiq söyüşlərlə evdə təhqir edib və evdən çıxardacağını bildirmişdir. Bundan sonra mübahisə yaranmış və o, evdən çıxaraq gedib təxminən 40 dəqiqə sonra o, qardaşı yəni qaynı İbrahim Babayev ilə evin həyətinə daxil oldular və onları evdən çıxartmaq istəmişlər. Həmin vaxtı Zülfiyyənin əlində ağac var idi və o, ağac ilə oğlu Osmanın sağ qol nahiyyəsindən vurmuşdur. Həmin vaxtı o, və oğlu Tural araya girmiş və Zülfiyyənin əlində olan ağac yerə düşmüşdür. Bu zaman Zülfiyyə onu itələyərək vurmuşdur. Həmin vaxtı isə İbrahim şillə ilə onun baş nahiyyəsinə bir neçə dəfə zərbə endirmişdir. Daha sonra oğlu Tural onları küçəyə çıxartmışdır. Təxminən 10-15 dəqiqə sonra onlar yenidən həyətə gəlib daxil olmaq istədikdə Tural qapını tutub saxlamış və onları içəri buraxmadı ki, gedib məhkəmənin qərarını gətirsinlər. Lakin onlar evə daxil olmaq istədiklərindən Osman dərhal DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Göstərilənləri nəzərə alaraq, iş üzrə qanuni və ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs izahatında bildirdi ki, 20 avqust 2023-cü il tarixdə təxminən saat 14:00 radələrində o, yaşadığı evin həyətində paltar asan zaman Gülxanım onun ünvanına heç bir əsas olmadan nalayiq ifadələr işlədib ona atmacalar atdığından, o, da ona cavab qaytaran zaman aralarında mübahisə yaranmış və bu zaman onun oğlu Tural adlı şəxs onların mübahisə etməsini görüb dərhal ona yaxınlaşmış və onun başındakı şalını dartıb çıxardaraq baş nahiyyəsinə 3 dəfə yumruqla vurmuşdur. Bu zaman onlar dartışmağa başlayan zaman Gülxanım və Osman adlı şəxslərdə onun qol və bel nahiyyəsindən vurmağa başlamışdır. Həmin vaxtı o, özünü müdafiə etmək məqsədi ilə onlara əl qol atmışdır ki ondan uzaqlaşsınlar., lakin Tural adlı şəxs həyətdə olan kapron su borusunu yerdən götürüb onun kürək nahiyyəsinə vurmağa başlamışdır. Həmin vaxtı qonşusu Mahirə adlı şəxs səs küyə gəlib çəpərin üzərindən onları gördüyündən o, ona söyləmişdir ki tez qardaşı İbrahimə zəng edib məlumat versin. Mahirədə bu səbəbdən zənn edir ki qardaşı İbrahimə zəng edib məlumat vermiş və təxminən 15 dəqiqə sonra qardaşı oraya gəlmişdir. İbrahim gələnə qədər onlar onunla dartışmağa və onu nalayiq ifadələrlə təhqir etməyə davam etmişdirlər. İbrahim gəldikdən sonra evə daxil olmaq istədə hər 3 şəxs onun qardaşını qapıdan həyətə daxil olmağa qoymamış və söyləmişdirlər ki “məhkəmənin qətnaməsin gətirməsən səni içəri buraxmayacağıq”. Lakin həmin şəxslər onu döydüklərindən qardaşıda təkidlə evin həyətinə daxil olmaq istəsədə onlar qardaşını vurmağa başlamışdır. Həmin vaxtı Tural əlindəki dəmir parçası ilə qardaşının qol nahiyyəsinə və bədən nahiyyəsinə vurmuşdur. Digər iki nəfər şəxsdə yəni Mahirə və Osmanda qardaşını əlləri ilə vurmuşdur. Bu zaman qonşular yaxınlaşıb onları aralamış və sakitləşdirib uzaqlaşdırmışdırlar. Daha sonra onlar Şamaxı RPŞ-nə müraciət etmişdir. Odur ki, Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs barəsində inzibati xəta üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan “cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi və əməlin tövsif olunması barədə” 24 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində heç bir cinayət əməlinin tərkib əlamətləri olmadığından cinayət işi başlanıla bilmədiyindən cinayət işinin başlanılması rədd edilmiş və Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tələblərinə əsasən inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün Şamaxı RPŞ-nin İTB-nin aidiyyəti əməkdaşlarına göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Belə ki, iş materiallarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmaması əsası ilə cinayət təqibi rədd edilmiş, lakin həmin şəxs barəsində inzibati xəta haqqında protokol 20 fevral 2024-cü il tarixdə tərtib edilməklə məhkəməyə 21 fevral 2024-cü il tarixdə daxil olmuşdur. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 38 və 53-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar