Məhkəmə qərarları › İş №3(074)-188/2021

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-188/2021

26.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-188/2021 26.05.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi ilə, xx.xx.1987-ci ildə Şamaxı rayonu, Çaylı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Şamaxı rayonu, 1-ci Çaylı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon İcra və Probasiya Şöbəsində tərtib olunmuş 19.05.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və səlahiyyətli orqan isə nümayəndənin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 izahat verib bildirmişdir ki, Şamaxı rayon Məhkəməsinin 18.05.2020-ci il tarixli 2(074)-104/2020 saylı icra sənədi üzrə Şəxs Azərbaycan Respublikası İXM-nin 332.1, 332.4, 327.1, 332.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinmiş və Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən, daha ciddi xətanı əhatə edən 332.4-cü maddəsinin sanksiyası çərçivəsində 400 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İcra sənədi şöbənin icraatına daxil olduqdan sonra icraata başlanılmış və icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası üçün bildiriş və inzibati məsuliyyətə veriləcəyi barədə xəbərdarlıqlar təqdim edilmişdir. Bundan əlavə borclu ilə dəfələrlə telefon əlaqəsi saxlanılmış və borcun ödənilməsi tələb edilmişdir. Borclu icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da borclu borcunu qanunla müəyyən edilmiş müddətə ödəməkdən boyun qaçırmışdır. Məhkəmənin əvvəlki iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verib bildirmişdir ki, o, barəsində olan məhkəmə qərarının icrasından boyun qaçırmır. Maddi imkanı olmadığı üçün indiyədək heç bir ödəniş etməmişdir. Eyni zamanda ailədə yeganə qazanc mənbəyi odur. Bu səbəbdən də ona möhlət veriləcəyi təqdirdə borcundan ödənişlər edə biləcəyini, iclasın təxirə salınacağı halda borcundan ödəniş edəcəyini bildirmişdir. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 18.05.2020-ci il tarixli 2(074)- 104/2020saylı icra vərəqəsinin surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İXMnin 332.1, 332.4, 327.1, 332.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməsi və Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən, daha ciddi xətanı əhatə edən 332.4-cü maddəsinin sanksiyası çərçivəsində 400 manat məbləğində inzibati qaydada cərimə edilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, icra sənədi üzrə 01.06.2020-ci il tarixdə icraata başlanılmış və həmin tarixli bildirişlə Şəxs Şamaxı rayon Məhkəməsinin 18.05.2020-ci il tarixli 2(074)-104/2020 saylı icra sənədinin icrasını könüllü olaraq 10 gün müddətində təmin etməsi təklif edilmişdir. Şəxs bildirişini imza etməklə qəbul etmişdir. İş materiallarında olan borclu Şəxs ünvanlanmış 08.05.2021-ci il tarixli 67653/4 saylı xəbərdarlığın surətindən görünür ki, Şamaxı rayon Məhkəməsinin 18.05.2020-ci il tarixli 2(074)-104/2020 saylı icra sənədi üzrə olan borcunu təcili olaraq tam şəkildə ödəməsi və bu barədə qəbzlə birlikdə 18.05.2021-ci il tarixdə Şamaxı rayon İcra və Probasiya Şöbəsində olması, ödəməyəcəyi təqdirdə barəsində axtarış elan olunacağı, məcburi gətirilmə barədə məhkəməyə təqdimat veriləcəyi və barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmənin qərarı ilə qeyd olunan inzibati xətaları törətməkdə təqsirli bilinərək inzibati qaydada cərimə olunmuş, o, üzərinə qoyulmuş cəriməni üzrsüz səbəbdən yerinə yetirməyərək, qanunla müəyyən olunmuş müddətdə icra vərəqəsinin icrasını təmin etməmişdir. Hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, o, cərimənin ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədinin icrasına səhlənkar yanaşmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 139.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın icrası bütün dövlət orqanları, bələdiyyələr, vəzifəli şəxslər, fiziki şəxslər, hüquqi şəxslər üçün məcburidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsində qeyd olunur ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, məhkəmə qərarının icra olunmamasındakı müddəti nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası daxilində ictimai işlər növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 200 (iki yüz) saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Şamaxı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar