Məhkəmə qərarları › İş №3(074)-194/2023

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-194/2023

02.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-194/2023 02.06.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X4 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1975-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Şamaxı rayonu, Qurdtəpə kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 tərəfindən tərtib edilmiş MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli İnzibati xəta haqqında protokola əsasən, Şəxs Şamaxı Rayon Məhkəməsinin 3(074)-179/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin icrasından yayınmış və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 200 manat cərimə edilmişdir. Həmin qərarın icrası ilə əlaqədar o, iki dəfəyə olmaqla, cəmi 100 manat pulu "xxxx" ASC vasitəsilə 2018-ci ildə dövlət büdcəsinə ödəmişdir. Lakin, maddi imkanı olmadığından, uzun müddət cərimənin qalan hissəsini ödəyə bilməmişdir. Hazırda isə qalan 100 manat pulu da, dövlət büdcəsinə ödəmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 bildirdi ki, Şamaxı Rayon Məhkəməsinin 3(074)-179/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 200 manat məbləğində inzibati cərimə edilmişdir. İcra sənədi şöbənin icraatına daxil olduqdan sonra, icraata başlanılmış və icra sənədinin icrasını təmin etmək məqsədi ilə, borcluya tələbin könüllü icrası üçün bildiriş və inzibati məsuliyyətə veriləcəyi barədə xəbərdarlıqlar təqdim edilmişdir. Lakin, borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, icra sənədinin icrasından yayınmışdır. Hal-hazırda isə icra sənədi tam icra olunaraq, cərimə məbləği Şəxs tərəfindən tam şəkildə dövlət büdcəsinə ödənilmişdir. Göstərilənlərə əsasən, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunub-olunmaması məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə, iş materiallarına və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, Şamaxı Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol məhkəməyə göndərilsə də, məhkəmə baxışında icra sənədi üzrə cərimə məbləğindən 100 manat pulun 2018-ci ildə dövlət büdcəsinə ödənilmiş, qalan 100 manat isə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən məhkəmə araşdırması gedişatında ödənilmişdir. Ona görə də məhkəmə hesab edir ki, hazırkı iş üzrə Şəxs əməlində inzibati xətanın tərkibi olmadığından, başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi müəyyən edilmədiyindən və bununla da, onun təqsirli olması sübuta yetirilmədiyindən, Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114, 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar