Məhkəmə qərarları › İş №3(074)-20/2022

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-20/2022

21.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-20/2022 21.01.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1976-cı ildə Laçın rayonu, Ərikli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, Laçın rayonu, Ərikli kəndində qeydiyyatda olan və Şamaxı rayonu, Hacıqədirli kəndində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş 21.01.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2 izahatında göstərdi ki, Şəxs 21.01.2022-ci il tarixdə müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan bir ədəd P95232 nömrəli tək lüləli mülki ov silahını Şamaxı rayonu, Hacıqədirli kəndində öz üzərində daşımışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, 21.01.2022-ci il tarixində təxminən 09:00 radələrində babasından ona yadigar qalan bir ədəd P95232 nömrəli tək lüləli mülki ov silahını götürmüş, kənddə yerləşən gölə gəzmək məqsədi ilə getmişdir. Gölün ətrafında gəzən zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər və silahı daşıma qaydalarını pozduğunu ona izah etdikdən sonra ov silahına dair sənədlər istəmişlər, o, silahın heç bir sənədinin olmamasını bildirmiş və silahı polis əməkdaşlarına təhvil vermişdir. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. İş materiallarında olan raportdan görünür ki, 21.01.2022-ci il tarixdə Şamaxı rayonu, Hacıqədirli kəndi ərazisində Şamaxı RPŞ-nin İTB-nin sahə polis nəfərləri İsfəndiyar Səfərov və Mirdadaş Tağıyev ilə birlikdə xidmətdə olarkən orada yerləşən gölün ətrafında adı sonradan onlara məlum olan Şəxs görüb ona yaxınlaşaraq, özlərini təqdim etmişlər və əlində ov silahını daşıması qaydalarını pozduğunu ona izah etmişlər, sonradan onlara məlum olmuş ki, həmin ov silaha dair heç bir sənəd yoxdur. İş materiallarında olan “mülki ov silahını könüllü təqdim etməsi barədə” protokoldan görünür ki, 21.01.2022-ci il tarixdə Şamaxı rayonu, Hacıqədirli kəndində yaşayan Şəxs bir ədəd P95232 nömrəli tək lüləli mülki ov silahını könüllü olaraq Şamaxı rayon polis şöbəsinə təqdim etmişdir. Məhkəmə, inzibati xəta haqqında tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri tədqiq edib, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərək belə qənaətə gəlir ki, Şəxs tərəfindən İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi, özünün məhkəməyə verdiyi izahat, inzibati xəta haqqında protokol və işin araşdırılmış digər halları ilə tam sübuta yetirilir. Onun inzibati məsuliyyətini istisna edən və icraatı rədd edən hallar yoxdur. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən olunmamasını nəzərə alıb, hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ov silahı və onun döyüş sursatı müsadirə edilməklə, cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, bir ədəd P95232 nömrəli ov silahı müsadirə edilməklə 80 (səksən) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar