Məhkəmə qərarları › İş №3(074)-21/2022

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-21/2022

16.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-21/2022 16.05.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, Şikayət vermiş şəxs X2, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 08 yanvar 2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X8 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 08 yanvar 2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və işin icraatına xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şamaxı İcra və Probasiya Şöbəsinə 14 may 2020-ci il tarixdə 122 saylı məktub göndərilmişdir. Həmin məktubda yazılmışdır ki, 04.10.2019-cu il tarixdə guya ona verilmiş icrası məcburi olan göstərişin tələblərini yerinə yetirməmişdir. Buna görə də, faktla bağlı 56020 saylı akt və ******* saylı protokol tərtib edilərək o, X8 barəsində ******* saylı qərar qəbul edildiyi yazılmaqla onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsinə əsasən vəzifəli şəxs qismində 3000,00 (üç min) manat məbləğində cərimə olunmağı yazılmışdır. Bundan başqa, həmin məktubda yazılmışdır ki, guya onlar ona yazılı müraciət etmiş, lakin buna baxmayaraq o, bu günə kimi cəriməni ödəməkdən imtina etmişdir. Yuxarıda göstərilənlərlə bağlı Şamaxı İcra və Probasiya Şöbəsinə getmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında 24 dekabr 2019-ci il tarixli, MN № ******* protokolun surətini və inzibati tənbeh vermə haqqında 08 yanvar 2020-ci il tarixli, MN № ******* saylı qərarın surətini 14 yanvar 2022-ci il tarixdə əldə etmişdir. İnzibati xəta haqqında 24 dekabr 2019-ci il tarixli, MN № ******* protokolun və inzibati tənbeh vermə haqqında 08 yanvar 2020-ci il tarixli, MN № ******* saylı qərarda ona İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsinə əsasən 3000 manat cərimə yazılsa da bunun səbəbləri aydın şəkildə göstərilməmişdir. Yeganə səbəb kimi ona hələ də aydın olmayan “16 oktyabr 2019-cu il tarixində yerində tərtib olunan 56020 saylı akt və fotoşəkillər, 04 oktyabr 2019-cu il tarixində verilmiş icrası məcburi tələblərin yerinə yetirilməməsi” kimi əsassız və qeyri-müəyyən yazılardır. Hansı fotoşəkillərdən və aktdan söhbət gedir indiyədək ona naməlumdur. Ümumiyyətlə ona qeyri-qanuni olaraq yazılmış bu cərimənin mahiyyətini və səbəbini indiyədək bilmir və xəbərsizdir. 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi həmin protokolun və qərarın nüsxələrini indiyədək ona göndərməyiblər və ya heç vaxt ona hətta şifahi məlumat belə verməyiblər. Ona görə də, barəsində tərtib olunmuş 24 dekabr 2019-ci il tarixli, MN № ******* protokolun və inzibati tənbeh vermə haqqında 08 yanvar 2020-ci il tarixli, MN № ******* saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Şamaxı Rayon Məhkəməsinin 07 fevral 2022-ci il tarixli, 3(074)-21/2022 nömrəli qərarı ilə şikayət təmin edilmiş, 08 yanvar 2020-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv olunmuş və iş üzrə icraata xitam verilmişdir Həmin qərardan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi apellyasiya şikayət verərək Şamaxı Rayon Məhkəməsinin 07 fevral 2022-ci il tarixli, 3(074)-21/2022 nömrəli qərarının ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 28 mart 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş Şamaxı Rayon Məhkəməsinin 25.01.2022-ci il tarixli, 3(074)-21/2022 nömrəli “işin icraata qəbul edilməsi barədə” qərardadı və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 08 yanvar 2020-ci il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv olunması və iş üzrə icraata xitam verilməsinə dair 07 fevral 2022-ci il tarixli, 3(074)- 21/2022 nömrəli qərarı ləğv edilərək işə yenidən baxılması üçün materialın Şamaxı Rayon Məhkəməsinə yeni məhkəmə baxışına göndərilməsi qərara alınmışdır. Şamaxı Rayon Məhkəməsinin 06 may 2022-ci il tarixli, 3(074)-21/2022 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 08 yanvar 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X8 tərəfindən verilmiş şikayət məhkəmə icraatına qəbul edilmiş və işin məhkəmə iclası təyin edilmişdir. Məhkəmə iclasında X8 şikayətin məzmununa uyğun izahat verərək bildirdi ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 08 yanvar 2020-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ümumiyyətlə ona təqdim edilməyib. 2021-ci il aprel-may ayında icra şöbəsindən ona zəng edərək barəsində belə bir qərarın olmasını bildirmişlər. Lakin o, həmin vaxt gedib qərarı əldə etməmişdir. Bundan sonra 2022-ci il yanvar ayında icra şöbəsindən ona yenidən zəng edildiyi üçün 14 yanvar 2022-ci il tarixdə icra şöbəsinə yaxınlaşaraq qərarın adi surətini əldə edərək məhkəməyə şikayət vermişdir. Barəsində akt tərtib edilməsindən, protokol və qərar qəbul edilməsindən xəbəri olmamış, ona və Günəşli Bələdiyyəsinə heç bir rəsmi məlumat daxil olmamışdır. Səlahiyyətli orqanın nümayəndələri şikayətlə bağlı Günəşli kəndinə gələrkən tərəfindən araşdırma aparılmış və məlum olmuşdur ki, zibil atılan ərazi X4 xüsusi mülkiyyətində olan ərazidir. Bundan sonra onun barəsində araşdırma aparılmasına dair ona heç bir rəsmi bildiriş göndərilməyib. Odur ki, barəsində tərtib olunmuş 24 dekabr 2019-ci il tarixli, MN ******* nömrəli protokolun və inzibati tənbeh vermə haqqında 08 yanvar 2020-ci il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 izahat verib bildirdi ki, şikayət əsasında əraziyə getmişlər və zibilin tökülməsi ilə bağlı araşdırma aparılıb və müəyyən olunmuşdur ki, həmin əraziyə məişət tullantıları atılmışdır. Bu barədə 01.10.2019-cu il tarixdə akt tərtib edilmiş və həmin vaxt X8 da orada iştirak etmiş və aktı imzalamışdır. Daha sonra protokol tərtib olunmuş, inzibati xəta törədən şəxs protokola imza etməkdən imtina etmişdir. Protokol tərtib olunan zaman hal şahidlərinin iştirakı olmamışdır. Bundan sonra X6 icrası məcburi göstəriş verilmiş lakin həmin göstəriş icra edilməmişdir. Məcburi göstərişin, 08 yanvar 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın və araşırma aparılması ilə əlaqədar sənədlərin X6 rəsmi qaydada göndərilməsi ilə bağlı reyestr vərəqələri, ümumiyyətlə həmin sənədlərin göndərilməsi ilə bağlı idarədə məlumat yoxdur. Şikayət ərizəsinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 01 oktyabr 2019-cu il tarixli 54698 saylı aktınnın surətindən görünür ki, şikayətlə əlaqədar baxış zamanı Şamaxı rayonu, Şirvan kəndində qəbirstanlığa gedən yolun qırağında ayrı-ayrı vətəndaşlar tərəfindən məişət tullantılarının atılması faktı müəyyən edilmişdir. Şamaxı rayonu, Saqiyan Bələdiyyəsinin 01 oktyabr 2019-cu il tarixli 07 saylı arayışına əsasən kənd sakinləri tərəfindən məişət tullantılarının atıldığı ərazi 0,14 ha torpaq sahəsini əhatə etməklə Bakı şəhər sakini X7 məxsus xüsusi mülkiyyətdir. Qeyd olunan ərazinin kənarları hasarlanmadığına görə açıq ərazi olduğundan vətəndaşlar tərəfindən məişət tullantıları qeyd olunan əraziyə atılır. İş materiallarında olan Şamaxı rayonu, Saqiyan Bələdiyyəsinin 01 oktyabr 2019-cu il tarixli 07 saylı arayışının surətindən görünür ki, Şamaxı rayon Şirvan kənd sakini X3 ETSN-nin qaynar xəttinə etdiyi müraciətə əsasən yerində baxış keçirilmişdir. Zibil atılan ərazi Bakı şəhər sakini X4 xüsusi mülkiyyətində olan 0,14 ha torpaq sahəsinə daxildir. İş materillarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 04 oktyabr 2019-cu il tarixli 43 nömrəli Məcburi göstərişin surətindən görünür ki, Şamaxı rayonu Şirvan kəndi əfazisində qəbirstanlığa gedən yolun ətrafına ayrı-ayrı vətəndaşlar tərəfindən məişət tullantıları atılaraq antisanitar vəziyyət yaranmışdır. Həmin nöqsanların aradan qaldırılmasi barədə 14 oktyabr 2019-cu il tarixinə idarəyə məlumat verilməsi bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 24 dekabr 2019-cu il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokolun və 16 oktyabr 2019-cu tarixli 56020 saylı Aktın surətindən görünür ki, X9 04 oktyabr 2019-cu il tarixində verilmiş icrası “məcburi göstərişin” tələblərinin yerinə yetirilməməsi üçün Azərbaycan Respublikasının İXM-nin 541-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi halı müəyyən olunmuşdur. Protokolda onun nə izahatı, nə də imzası qeyd edilməmişdir. Protokolun imza qrafasında “X9” sözləri yazılmışdır. 16 oktyabr 2019-cu tarixli 56020 saylı Aktın qeyd qrafasında “Saqiyan Bələdiyyəsinin sədri Şükür Məmədov aktı imzalamaqdan imtina etmişdir” sözləri yazılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 08 yanvar 2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X8 Azərbaycan Respublikasının İXM-nin 541-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 3000 manat məbləğində cərimə edilmişdir. İş materillarında olan Şamaxı rayonu Günəşli Bələdiyyəsinin 07 fevral 2022-ci il tarixli 03 nömrəli arayışından görünür ki, X2 barəsində 04.10.2019-cu il tarixli №43 saylı məcburi göstəriş, 24 dekabr 2019-cu il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol və 08 yanvar 2020-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən hər hansı bir rəsmi məlumat daxil olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsində ətraf mühitin mühafizəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının qanuni tələblərinin və ya qərarlarının yerinə yetirilməməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. İş materialları ilə müəyyən olunur ki, səlahiyyətli orqan tərəfindən 04 oktyabr 2019-cu il tarixli məcburi göstəriş X6 təqdim edilməmiş, bundan başqa inzibati xəta haqqında protokol tərtib edilərkən, inzibati araşdırma aparılarkən X6 bu barədə məlumat verilməmiş. izahatı alınmamış, onun iştirakı təmin olunmamış, ona hüquq və vəzifələri izah edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Bu Məcəllənin 53.0.1-ci maddəsinin tələbinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə də, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması qanunla müəyyən olunmuş qaydada yetərincə sübut olunmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsində əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə məhkəmə hesab edir ki, şikayət təmin edilməli, X2 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 08 yanvar 2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə qərarı ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 115,133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin X2 barəsində olan 08 yanvar 2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar