Məhkəmə qərarları › İş №3(074)-217/2023

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-217/2023

12.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-217/2023 12.06.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X3 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı RPŞ-nin İTB-nın sahə rəisi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Adil Farmanovun iştirakı ilə, xx.xx.1967-ci ildə Şamaxı rayonu Göylər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Şamaxı rayonu Göylər kəndində yaşayan Adil Farmanovun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Adil Farmanovun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında MN ******* nömrəli protokola əsasən, o, xx.xx.2023-cü il tarixdə, saat 01 radələrində Şamaxı rayonu Göylər kəndində yerləşən kafedə polis əməkdaşları ilə mübahisə edərək, nalayiq ifadələr işlətmiş, polis əməkdaşları onu intizama dəvət etsə də, polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Adil Farmanov izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə, saat 01 radələrində polis əməkdaşları onun işlədiyi kafeyə gəlmiş, azyaşlılara spirtli içki satmasını irad tutmuş, o həmin vaxt sərxoş olduğu üçün söyüş söymüşdür. Törətdiyi əməldən hazırda peşman olduğunu bildirərək, barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X1 göstərdi ki, xx.xx.2023-cü il tarixdə, saat 01 radələrində polis əməkdaşları Adil Farmanovun işlədiyi kafeyə gəlmiş, azyaşlılara spirtli içki satmasını irad tutmuş, həmin şəxs sərxoş olduğu üçün nəlayiq ifadələr işlətmişdir. Həmin vaxt Adil Farmanov polis şöbəsinə dəvət edilərkən, polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. İş materiallarında olan alkoqolun təyini sənədindən görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 03:54-də Adil Farmanovun sərxoşluq vəziyyəti test edilmiş və onda alkoqolun miqdarı 1,588 promil təşkil etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Adil Farmanovun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə, inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Adil Farmanovun əməlindən peşman olmasını inzibati məsuliyyəti yüngülləşdirən, inzibati xətanı sərxoş vəziyyətdə törətməsini isə inzibati məsuliyyətini ağırlaşdıran hallar kimi nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Adil Farmanov inzibati cərimə növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Adil Farmanov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar