Məhkəmə qərarları › İş №3(074)-221/2020

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-221/2020

28.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-221/2020 28.07.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şamaxı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 tərəfindən inzibati xəta haqqında MN № ******* saylı protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs Şamaxı rayon Sabir Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 1 saylı icra sənədinin icrasından yayınmış və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, 62377,93 manat borcu barədə icra məmuru tərəfindən ona yazılı və şifahi formada xəbərdarlıq olunmuş, lakin o, bu günə kimi borcunu döyə bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 izahat verib bildirdi ki, Şamaxı rayon Sabir qəsəbə bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 1 saylı icra sənədinə əsasən Şəxs bələdiyyəyə yaranmış 62377,93 manat məbləğində borcu alınaraq bələdiyyənin hesabına köçürülməlidir. Şəxs borcunu ödəməsi barədə rəsmi şəkildə və eyni zamanda şifahi formada xəbərdarlıq edilmiş, lakin Şəxs tərəfindən həmin borc ödənilməmişdir. Odur ki, Şəxs icra sənədinin icrasından yayınmış və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Şamaxı rayon Sabir qəsəbə bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 1 saylı icra sənədinin surətindən görünür ki, Şəxs bələdiyyəyə yaranmış 62377,93 manat məbləğində borc alınaraq bələdiyyənin hesabına köçürülməlidir. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, icra vərəqəsi üzrə borclu Şəxs 10 gün müddətində icranı könüllü təmin etməsinin təklif olunması qərara alınmışdır. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli bildirişindən görünür ki, borclu Şəxs icranı könüllü həyata keçirməsi təklif olunmuşdur. Məhkəmə baxışında müəyyən olundu ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədi üzrə borcunu könüllü şəkildə ödəməsi barədə bildiriş göndərilsə də, onun əmlakı, əmək haqqı, pensiyası, təqaüdü, üçüncü şəxslərdə olan pul vəsaitləri və digər əmlakları barədə icra məmuru tərəfindən araşdırılma aparılmamış, icra məmuru tərəfindən Şəxs barəsində icra qanunvericiliyində nəzərdə tutulmuş məcburi icra tədbirləri tətbiq edilmədən birbaşa Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası “İcra Haqqında” qanunun 43.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi məcburi icra tədbirlərindən biridir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protest verilə bilər. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar