Məhkəmə qərarları › İş №3(074)-223/2022

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-223/2022

09.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-223/2022 09.09.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi Babayeva Günel Pərvin qızının katibliyi, Zərərçəkmiş şəxs, Müdafiəçi Vəkil Ələsn oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1972-ci ildə Şamaxı rayonu, Çarhan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, Şamaxı rayonu, Çarhan kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında MN № ******* saylı inzibati protokol tərtib olunmuşdur. Ona görə ki, xx.xx.2022-ci il tarixdə saat 01:45 radələrində Azərbaycan Respublikası DİN-in 102 zəng xidmətinə daxil olmuş müraciət əsasında hadisə yerinə getdikdə, vətəndaş Şəxs səs-küy salaraq nalayiq ifadələr işlətmiş, bina sakinlərinin narazılığına səbəb olmuş, şöbəyə dəvət olunarkən tabesizlik göstərərək polisin qanuni tələbləri pozmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs etirafedici izahat verib bildirdi ki, keçmiş həyat yoldaşı Atamalıyeva Aynur onun razılığı olmadan onunla 2021-ci ilin noyabr ayında rəsmi olaraq boşanmışdır və boşanmadan sonra 6 ay birlikdə yaşamışlar. Lakin o, bu boşanmaya razı olmadığı üçün hər dəfə əsəbləşərək spirtli içki qəbul edib Aynurun yaşadığı qardaşıgilə və işlədiyi M.Hadi küçəsində yerləşən təndirxanaya gedərək ona qarşı nalayiq ifadələr və küçə söyüşləri işlədərək həmin işlədiyi təndirxanada işləməsinə razı olmadığı üçün həmin yerə dəfələrlə gedərək eyni hərəkəti eləmişdir. Keçmiş həyat yoldaşı Aynur onun oraya gəlməyinə razı olmasada buna baxmayaraq, sonuncu dəfə 09 avqust 2022-ci il tarixdə saat 01:30 radələrində Aynurun işlədiyi təndirxanaya gedərək ona qarşı nalayiq ifadələr işlətmiş, yüksək səs ilə qışqırıb səs-küy salaraq ətrafda yaşıyan insanların haqlı narazılıqlarına səbəb olmuşdur. O, Aynurun orada işləməsinə razı deyil, bu elədiyi hərəkətlər məhz ona görədir və Aynurun orada işlməsinə icazə verməyəcəkdir. Odur ki, Şəxs törətdiyi əməldən peşman olduğunu bildirdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahat verib bildirdi ki, Şəxs hər dəfə spirtli içki qəbul edib yaşadığı qardaşıgilə və işlədiyi M.Hadi küçəsində yerləşən təndirxanaya gedərək ona qarşı nalayiq ifadələr və küçə söyüşləri işlədir. Sonuncu dəfə 09 sentyabr 2022-ci il tarixdə saat 01:30 radələrində onun işlədiyi təndirxanaya gələrək ona qarşı nalayiq ifadələr işlətmiş, yüksək səs ilə qışqırıb səs-küy salaraq ətrafda yaşıyan insanların haqlı narazılıqlarına səbəb olmuşdur. Şəxs şikayətçidir. Buna görə də Şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən müdafiəçi Vəkil bildirdi ki, Şəxs etdiyi qayda pozuntusunu səmimi etiraf etmiş, törətdiyi əməldən peşmandır. Bir daha bu cür əməllər törətməyəcəyinə söz vermişdir. Göstərilənləri nəzərə alaraq, onun barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı RPŞ-nin PPXB-nin polis nəfəri polis serjantı X8 izahat verib bildirdi ki, xx.xx.2022-ci il tarixdə saat 01:45 radələrində Azərbaycan Respublikası DİN-in 102 zəng xidmətinə daxil olmuş müraciət əsasında hadisə yerinə getdikdə, X2 Şamaxı şəhəri M.Hadi küçəsində yaşayış binalarının qarşısında ünvansız küçə söyüşləri söydüyü, nalayiq ifadələr işlədərək həddindən artıq səs-küy saldığı üçün bina sakinlərinin və yaxınlıqda yerləşən fərdi yaşayış evinin sakinlərinin də hadisə yerinə yığılmasına, yüksək səslə işlədilən nalayiq ifadələr və söyüşlərin, səs-küy salmasının onların da narazılığına səbəb olmasını gördük. X2 barəsində qanuni tədbir görülməsi üçün rayon polis şöbəsinə dəvət etdik. X5 yolboyu nalayiq ifadələrinə və söyüşlərinə davam etmiş, rayon polis şöbəsinə daxil olduqda da, məni və digər polis əməkdaşlarını söyərək ünvansız nalayiq ifadələr işlətmişdir. Vətəndaşa xəbərdarlıq edərək etdiyi qanunazidd əməlləri dayandırmağı tələb etsək də, polisin qanuni tələblərinə məhəl qoymadan qanunazidd əməllərinə haqq qazandıraraq, hərəkətlərinə davam etmiş, polisin qanuni tələblərinə tabe olmayaraq şöbə daxilində səs-küy salaraq digər polis əməkdaşlarının xidməti fəaliyyətinə maneçilik törətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1 RPŞ-nin PPXB-nin polis nəfəri polis serjantı X8 eyni məzmunlu izahat verdilər. İş materiallarında olan AZ № 017686 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 01:55 radələrində inzibati qaydada tutulmuşdur. İş materiallarında olan sərxoşluğun xüsusi texniki vasitə ilə müəyyən edilməsi barədə qəbzdən görünür ki, xx.xx.2022-ci il tarixdə Şəxs qanında alkoqolun konsentrasiyasının həcmi 0,255 promildir. Şəxs tərəfindən törədilmiş bu inzibati xəta onun etirafedici izahatı, zərərçəkmiş şəxsin, eyni zamanda şahidlərin izahatları, iş materialları, inzibati xəta haqqında protokol və işin araşdırılmış digər halları ilə tam sübut olundu. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə də, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməli və daha ciddi xətanı əhatə edən 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ilk dəfə inzibati qaydada məsuliyyətə cəlb olunmasını və törətdiyi əməldən səmimi şəkildə peşman olmasını onun məsuliyyətini yüngülləşdirən, inzibati xətanı sərxoş vəziyyətdə törətməsini isə məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən etdi. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, təqsirinin dərəcəsinin, onun şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halı, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cəzalardan inzibati həbs növündə cəza təyin olunmalıdır. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərdiyi 2 saat hüquqi yardıma görə 6 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən Vəkil hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin, və o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətanı əhatə edən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 9 (doqquz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 09 sentyabr 2022-ci il tarixdən hesablansın. Şəxs inzibati həbs müddətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müəyyən etdiyi yerlərdə mühafizə altında saxlanılsın. Qərarın icrası Şamaxı rayon Polis Şöbəsinin inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərdiyi 2 saat hüquqi yardıma görə 12 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən Vəkil hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. SƏDRLİK EDƏN ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar