Məhkəmə qərarları › İş №3(074)-224/2020

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-224/2020

02.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-224/2020 02.08.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Mikayılov Kamran Mikayıl oğlunun katibliyi, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, İ qrup əlil, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 21:00 radələrində Şamaxı şəhəri N.Nərimanov küçəsində rayon polis şöbəsinin qarşısında sərxoş halda xırda xuliqanlıq hərəkətlərinə yol verərək ictimai qaydanı pozaraq nalayiq ifadələr işlətmiş, onu nizam-intizama dəvət edən polis əməkdaşı Zərərçəkmiş şəxs qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, xx.xx.2020-ci il tarixdə tanışı Tərlan Atakişiyevlə birlikdə spirtli içki qəbul etdikdən sonra həmin şəxslə birlikdə Vaz 2107 markalı **-BG-*** dövlət qeydiyyat nişanlı taksiyə əyləşmiş, rayon polis şöbəsinin qarşısından keçən zaman sürücü sürətli şəkildə oradan keçmiş, onlar isə həmin vaxt avtomobilin pəncərəsindən çıxaraq polisin ünvanına nalayiq söyüşlər söymüş, polis avtomobilə saxla işarəsi versə də sonradan adının Hüseyn Comərdov olduğunu bildiyi sürücü polisin tələbinə məhəl qoymamışdır. Daha sonra polis əməkdaşları onları saxlayaraq rayon polis şöbəsinə gətirmişlər. Odur ki, Şəxs əməlindən peşman olduğunu bildirdi. Eyni zamanda İ qrup əlil olduğunu qeyd etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Şamaxı RPŞ-nin DYPB-nin polis nəfəri Zərərçəkmiş şəxs izahat verib bildirdi ki, xx.xx.2020-ci il tarixdə saat 21:00 radələrində xidmət yoldaşı Şahid1lə birlikdə xidmətdə olan zaman Vaz 2107 markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil yüksək sürətlə və ziqzaqvari hərəkətlərlə rayon polis şöbəsinin qarşısından keçmiş, həmin avtomobilin içərisində olan və sonradan adlarının Hüseyn Comərdov, Tərlan Atakişiyev və Şəxs şəxslər pəncərədən başlarını çıxardaraq polisin ünvanına yüksək səslə nalayiq söyüşlər söymüş, avtomobilə saxla əmri versə də, sürücü Hüseyn Comərdov saxlamamış, lakin sonradan avtomobildə olan Hüseyn Comərdov, Tərlan Atakişiyev və Şəxs saxlanılaraq müvafiq qaydada rayon polis şöbəsinə gətirilmişlər. Gətirilərkən polisin qanuni tələblərinə qəsdən tabe olmamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı RPŞ-nin polis əməkdaşları Şahid2, Şahid3 və Şahid1 Oqtay oğlu zərərçəkmiş şəxslə eyni məzmunlu izahat verdilər. İş materiallarında olan AZA № 005418 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 23:30 radələrində inzibati qaydada tutulmuşdur. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında xx.xx.2020-ci il tarixli 135 saylı aktdan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə orta dərəcədə sərxoş olmuşdur. İş materiallarında olan № 079708 saylı vəsiqənin surətindən görünür ki, Şəxs İ qrup əlildir. Şəxs tərəfindən törədilmiş bu inzibati xəta onun izahatı ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin izahatı, iş materialları, inzibati xəta haqqında protokol və işin araşdırılmış digər halları ilə tam sübut olundu. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə də, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməli və daha ciddi xətanı əhatə edən 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ilk dəfə inzibati qaydada məsuliyyətə cəlb olunmasını, törətdiyi əməldən səmimi peşmançılığını və İ qrup əlil olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətanı sərxoş halda törətməsini məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən etdi. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, təqsirinin dərəcəsinin, onun şəxsiyyətini, məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən halı, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsinin sanksiyasında nəzərdə tutulan cəzalardan cərimə növündə təyin olunmalı, inzibati qaydada tutulduğu üçün məhkəmə zalında dərhal həbsdən azad olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin, və o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətanı əhatə edən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 200 (iki yüz) manat məbləğində cərimə edilsin və o, məhkəmə zalında dərhal həbsdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protest verilə bilər. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar