Məhkəmə qərarları › İş №3(074)-236/2024

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-236/2024

15.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-236/2024 15.03.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1985-ci ildə Şamaxı rayonu, Adnalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Şamaxı rayonu, Adnalı kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şamaxı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon İcra və Probasiya Şöbəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 izahat verib bildirdi ki, Şamaxı rayon Məhkəməsinin 14 aprel 2017-ci il tarixli, 2(074)-1058/2017 saylı məhkəmə əmrinə əsasən, borclular – X1 və Şəxs müştərək qaydada əsas məbləğ üzrə 3125,33 AZN, hesablanmış faiz borcu 770,30 AZN, cərimə borcu 589,45 AZN, bildirişlərin göndərilməsinə dair poçt xərci 11,00 AZN, ödənilmiş dövlət rüsumu 20 AZN, rüsum üçün komisyon 1 AZN, cəmi 4517,08 AZN borc tutularaq kreditor "xxxx" QSC-yə verilməlidir. Eyni zamanda Şamaxı rayon Məhkəməsinin 07 iyul 2017-ci il tarixli, 2(074)-1773/2017 saylı məhkəmə əmrinə əsasən, borclu – Şəxs 3246,23 AZN əsas borcu, 900,14 AZN faiz borcu, 942,69 AZN cərimə borcu,5,50 AZN bildirişlərin göndərilməsinı dair poçt xərcləri, 20 AZN ödənilmiş dövlət rüsumu,1 AZN bank xidmət haqqı,cəmi 5115,56 AZN (beş min yüz on beş manat əlli altı qəpik) tutularaq kreditor "xxxx" QSC-yə verilməlidir. Məhkəmə əmrləri şöbənin icraatına daxil olduqdan sonra icraata başlanılmış və məhkəmə əmrlərinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası üçün bildiriş təqdim edilmişdir. Lakin Şəxs borcunu ödəməmiş, borclunun əmlak və gəlirlərinin axtarışları heç bir nəticə verməmişdir. O, icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək məhkəmə əmrlərinin icrasından yayınmışdır. Hal-hazırda məhkəmə əmrləri üzrə 6919,16 manat borcu vardır. Verilmiş suallara cavab olaraq bildirdi ki, icraata başlamaq haqqında qərar və bildiriş borcluya qeydiyyatda olduğu Şamaxı rayonu, Adnalı kəndinə göndərilmiş, amma 2017-ci il tarixə aid olan bildirişin göndərilməsi barədə reyestr icra işində yoxdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verib bildirdi ki, onun beli xəstədir, sümüyü çürüyür, bu səbəbdən 3 il xəstəxanada yatmışdır. O, anasının təqaüdü ilə yaşayır və ailəsini saxlayır. Xəstə olmadığı vaxt o, işləyən müddətdə onun əmək haqqından 600 manat bank tərəfindən tutulanda o, banka getmiş orada ona bildirmişlər ki, banka olan borcu əmək haqqından tutulmuşdur. Onun pulu borca görə tutulan zaman məhkəmə qərarı olmamışdır. Onun məhkəmə qərarından xəbəri, olmamış, bu barədə Şamaxı rayon İcra və Probasiya şöbəsinə çağırmamışlar, bugün ora gəlmişdir. Odur ki, bütün qeyd etdiklərini nəzərə alaraq, ona borcunu ödəməsi üçün möhlət verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 14 aprel 2017-ci il tarixli, 2(074)- 1058/2017 saylı məhkəmə əmrinin surətindən görünür ki, borclular – X1 və Şəxs müştərək qaydada əsas məbləğ üzrə 3125,33 AZN, hesablanmış faiz borcu 770,30 AZN, cərimə borcu 589,45 AZN, bildirişlərin göndərilməsinə dair poçt xərji 11,00 AZN, ödənilmiş dövlət rüsumu 20 AZN, rüsum üçün komisyon 1 AZN, cəmi 4517,08 AZN borcu tutularaq kreditor "xxxx" QSC-yə verilməlidir. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin 10 may 2017-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, icra vərəqəsi üzrə borclu Şəxs 10 gün müddətində icranı könüllü təmin etməsi təklif olunmuşdur. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin 10 may 2017-ci il tarixli 2755-140855/6 saylı bildirişin surətindən görünür ki, borclu Şəxs könüllü icranı təmin edilməsi təklif olunması barədə bildirişin borclunun ünvanına göndərilməsi və həmin ünvanda qəbul edilməsinə dair poçt xəbərnaməsi əlavə edilməmişdir. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 07 iyul 2017-ci il tarixli, 2(074)-1773/2017 saylı məhkəmə əmrinin surətindən görünür ki, borclu – Şəxs 3246,23 AZN əsas borcu, 900,14 AZN faiz borcu, 942,69 AZN cərimə borcu,5,50 AZN bildirişlərin göndərilməsinı dair poçt xərcləri ,20 AZN ödənilmiş dövlət rüsumu,1 AZN bank xidmət haqqı,cəmi 5115,56 AZN (beş min yüz on beş manat əlli altı qəpik) tutularaq kreditor "xxxx" QSC-yə verilməlidir. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin 28 iyul 2017-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, icra vərəqəsi üzrə borclu Şəxs 10 gün müddətində icranı könüllü təmin etməsi təklif olunmuşdur. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin 28 iyul 2017-ci il tarixli 4382- 220171/5 saylı bildirişin surətindən görünür ki, borclu Şəxs könüllü icranı təmin edilməsi təklif olunması barədə bildirişin borclunun ünvanına göndərilməsi və həmin ünvanda qəbul edilməsinə dair poçt xəbərnaməsi əlavə edilməmişdir. İş materiallarında olan borclunun axtarılması haqqında 02 oktyabr 2023-cü il tarixli qərarın surətindən görünür ki, xx.xx.1985-ci il təvəllüdlü, Şamaxı rayonu, Adnalı kəndində qeydiyyatda olan Şəxs barəsində axtarış elan olunması qərara alınmışdır. İş materiallarında olan icra işi üzrə şəxsi kartoçkadan görünür ki, borclu Şəxs adına tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Məhkəmə, iş materiallarına və proses iştirakçısının izahatına məcmu halda qiymət verərək hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Proses iştirakçılarının məhkəmə iclasında verdiyi izahatdan və icra işinə əlavə edilmiş sənədlərdən aydın olur ki, borclu Şəxs borcunun ödənilməsinə laqeydlik göstərməmişdir. Belə ki, Şəxs icraata başlamaq haqqında qərarı və tələbin könüllü icrası barədə bildirişi almasına dair iş materiallarına heç bir sübut əlavə edilməmişdir. Belə olan halda borcluya tələbin könüllü icrası barədə müəyyən edilmiş müddət keçmədiyindən onun məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd edilən hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar