Məhkəmə qərarları › İş №3(074)-237/2025

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-237/2025

18.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-237/2025 18.06.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim Abasov Qürur Bəybala oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Şamaxı rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.2002-cü ildə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şamaxı rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 bildirdi ki, Şamaxı rayon Məhkəməsinin 2(074)- 35/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən, Şəxs 820 (səkkiz yüz iyirmi) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50 manat pul alınaraq iddiaçılar X4 və Zərərçəkmiş şəxs ödənilməli, eləcə də iş üzrə keçirilmiş ekspertizanın xərcini təşkil edən 50 (əlli) manat məbləğində məhkəmə xərci Şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İcra sənədi şöbənin icraatına daxil olduqdan sonra, icraata başlanılmış və icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası üçün bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıqlar təqdim edilmişdir. Borclunun əmlak və gəlirlərinin axtarışları heç bir nəticə verməmiş, barəsində axtarış elan edilmişdir. Borclu Şəxs tərəfindən borcundan müəyyən ödənişlər edilmiş, hazırda bu gün qalıq borcundan 100 manat ödəniş etmiş və hal-hazırda 300 manat məbləğində borcu qalmaqdadır. Qeyd olunanları nəzərə alaraq, Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirdi ki, icra sənədinin icrasından boyun qaçırmır, sadəcə sağ əli işləmədiyi üçün borcunu ödəyə bilməmiş, amma hər ay 300-350 manat maaş alır, çalışıb hər ay 50 manat ödəyərək borcunu ödəyəcəkdir. Hazırda qalıq borcundan 100 manat ödəniş etmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq, ona borcunun ödənilməsi üçün möhlət verilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün, bu maddə ilə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 2(074)-35/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, Şəxs 820 (səkkiz yüz iyirmi) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50 manat pul alınaraq iddiaçılar X4 və Zərərçəkmiş şəxs ödənilməli, eləcə də iş üzrə keçirilmiş ekspertizanın xərcini təşkil edən 50 (əlli) manat məbləğində məhkəmə xərci Şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş materiallarında olan Şamaxı rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 xx.xx.2024-cü il tarixli İcraata başlamaq haqqında qərarının təsdiq edilmiş surətindən görünür ki, Şamaxı rayon Məhkəməsinin 2(074)-35/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmış, tələbin 10 gün müddətinə icra edilməsi təklif olunmuşdur və tələbin könüllü icrası haqqında borclu Şəxs bildiriş göndərilmişdir. İş materiallarında olan borclunun axtarışı haqqında 21 may 2025-ci il tarixli qərarın surətindən görünür ki, borclu xx.xx.2002-ci il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilməsi qərara alınmışdır. İş materiallarında olan qəbzin surətindən görünür ki, Şəxs tərəfindən "xxxx" MMC vasitəsi ilə icra sənədinə əsasən tələbkar Zərərçəkmiş şəxs hesabına xx.xx.2025-ci il tarixdə 100 (bir yüz) manat ödəniş etmiş, ümumilikdə isə sonuncu ödəniş də nəzərə alınmaqla icra sənədinə əsasən ödənilməli olan borc məbləğindən 620 manat məbləğində ödəniş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan qanun normalarından görünür ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətin yaranması üçün, inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi, subyektiv tərəfinin elementi kimi, şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. İş materiallarından göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədini icra etməkdən imtina etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İş materiallarında Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş əməllə yəni, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi faktı öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığı üçün, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qürur Abasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar