Məhkəmə qərarları › İş №3(074)-243/2020

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-243/2020

05.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-243/2020 05.08.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1997-ci ildə Şamaxı rayonu, Həmyəli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Şamaxı rayonu, Həmyəli kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.2, 333.1, 510, 511.1 və 535.1-ci maddələri ilə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.2, 333.1, və 511.1-ci maddələri ilə İXP № ******* saylı inzibati xəta haqqında protokol, 510 və 535.1-ci maddələri ilə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 00:40 radələrində nəqliyyat vasitəsini etibarnamə və idarə etmək hüququ olmadan sərxoş vəziyyətdə idarə etmiş, yolda yüksək sürətlə ziqzaqvari hərəkət edərək avtoxuliqanlıq, yəni ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlərə yol vermiş, eyni zamanda Şamaxı şəhəri N.Nərimanov küçəsi ilə H.Əliyev küçəsinin kəsişməsində onu saxlayan polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış və həmin yerdə xırda xuliqanlıq hərəkətlərinə yol verərək ictimai qaydanı pozaraq nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, xx.xx.2020-ci il tarixdə Şamaxı şəhərində yerləşən Şirvangöl restoranında spirtli içki qəbul etdikdən sonra atasına məxsus Vaz 2107 markalı **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobillə evə qayıdarkən Şamaxı şəhəri A.Məmmədağa küçəsi ilə S.Ə.Şirvani küçəsinin kəsişməsində avtomobilin əyləc sistemindən sərt şəkildə istifadə etdiyi üçün təkərlərdən bir qədər səs çıxmış, daha sonra işıqforun qırmızı işığında dayanmış, bu zaman adını sonradan bildiyi polis əməkdaşı Hakim Feyzullayev onun idarə etdiyi avtomobilin qarşısında dayanmış, bu zaman o avtomobildən düşmüş, həmin vaxt orada olan polis əməkdaşları onu məcburi şəkildə rayon polis şöbəsinə gətirmiş, bu zaman o polisin qanuni tələblərinə tabe olmuş, lakin həmin zaman avtomobili sərxoş vəziyyətdə və sürücülük hüququ olmadan idarə etmişdir. Odur ki, inzibati xəta törədən əməlindən peşman olduğunu bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı RPŞ-nin PPXB-nin polis nəfəri Feyzullayev Hakim Hikmət oğlu izahat verib bildirdi ki, xx.xx.2020-ci il tarixdə postaçı yoldaşları X1, X2 və X3 ilə Şamaxı şəhəri N.Nərimanov küçəsi ilə H.Əliyev küçəsinin kəsişməsində xidmətdə olan zaman Vaz 2107 markalı **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürətlə sağa sola ziqzaqvari hərəkətlə manevrlər etdiyi görüb həmin avtomobili saxlamış, avtomobilə yaxınlaşıb özünü təqdim edən zaman avtomobildə olan 5 nəfər, Şəxs, Surət Vəliyev, Əlirza Vəliyev, Elvin Vəliyev və Firqət Vəliyev avtomobildən enmiş, bu zaman həmin şəxslərin aşkar surətdə sərxoş olduqlarını müəyyən etmiş, onları saxladıqlarına görə həmin şəxslər küçədə ünvansız nalayiq söyüşlər söymüş, yüksək səslə ictimai asayişi pozmağa başlamışlar. Həmin şəxslər nizam-intizama dəvət edilsələr də, öz qərəzli hərəkətlərinə davam etmiş, daha sonra isə rayon polis şöbəsinə gətirilmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı RPŞ-nin PPXB-nin polis nəfərləri X1, X2 və X3 da şahid Feyzullayev Hakim Hikmət oğlu ilə eyni məzmunlu izahat verdilər. İş materiallarında olan AZA № 005426 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 01:14 radələrində inzibati qaydada tutulmuşdur. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında xx.xx.2020-ci il tarixli 143 saylı aktdan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 01:25 radələrində ağır dərəcədə sərxoş olmuşdur. Şəxs tərəfindən törədilmiş bu inzibati xəta onun izahatı ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin izahatı, iş materialları, inzibati xəta haqqında protokol və işin araşdırılmış digər halları ilə tam sübut olundu. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə də, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.2, 333.1, 510, 511.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməli və daha ciddi xətanı əhatə edən 511.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ilk dəfə inzibati qaydada məsuliyyətə cəlb olunmasını və törətdiyi əməldən səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətanı sərxoş halda törətməsini məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən etdi. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, təqsirinin dərəcəsinin, onun şəxsiyyətini, məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən halı, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cəzalardan əsas cəza kimi cərimə, əlavə cəza kimi isə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması cəzası təyin olunmalı, inzibati qaydada tutulduğu üçün məhkəmə zalında dərhal həbsdən azad olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.2, 333.1, 510, 511.1 və 535.1-ci maddələri ilə təqsirli bilinsin, və o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətanı əhatə edən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsinin sanksiyası çərçivəsində nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla 600 (altı yüz) manat məbləğində cərimə edilsin və o, məhkəmə zalında dərhal həbsdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protest verilə bilər. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar