Məhkəmə qərarları › İş №3(074)-251/2020

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-251/2020

12.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-251/2020 12.08.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1991-ci ildə Türkmənistan Respublikasının Bezmen şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3, 332.1 və 334.1-ci maddələri ilə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3, 332.1 və 334.1-ci maddələri ilə İXP № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 02:20 radələrində Vaz 21043 markalı **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobili işıq cihazlarından istifadə qaydalarını pozmaqla, etibarnamə olmadan və sərxoş vəziyyətdə idarə etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahat verib bildirdi ki, xx.xx.2020-ci il tarixdə saat 02:20 radələrində Vaz 21043 markalı **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə olmadan və sərxoş vəziyyətdə idarə etmişdir. Bundan əvvəl isə o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə olunmuş, lakin hələ də həmin cəriməni ödəməmişdir. Sonda Şəxs əməlindən peşman olduğunu bildirdi. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə № 02145 saylı qəbzdən görünür ki, xx.xx.2020-ci il tarixdə saat 02:17-də Şəxs alkoqolun miqdarı 0,363 promil olmuşdur. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 3(074)-137/2019 saylı qərarının surətindən görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, 100 manat məbləğində inzibati cərimə edilmişdir. Şəxs tərəfindən törədilmiş bu inzibati xəta onun etirafedici izahatı ilə yanaşı, iş materialları, inzibati xəta haqqında protokol və işin araşdırılmış digər halları ilə tam sübut olundu. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə də, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3, 332.1 və 334.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməli və daha ciddi xətanı əhatə edən 334.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin törətdiyi əməldən səmimi şəkildə peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən etdi. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən olunmadı. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, təqsirinin dərəcəsinin, onun şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cəzalardan inzibati həbs növündə əsas cəza təyin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3, 332.1 və 334.1-ci maddələri ilə təqsirli bilinsin, və o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətanı əhatə edən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinin sanksiyası çərçivəsində 5 ( beş ) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Şəxs inzibati həbs müddətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müəyyən etdiyi yerlərdə mühafizə altında saxlanılsın. Qərarın icrası Şamaxı rayon Polis Şöbəsinin inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protest verilə bilər. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar