Məhkəmə qərarları › İş №3(074)-256/2023

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-256/2023

11.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-256/2023 11.07.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Zərərçəkmiş şəxs1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1985-ci ildə Qobustan rayonu, Təklə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, Qobustan rayonu, Təklə kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157, 227 və 564-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Qobustan rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157, 227 və 564-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Qobustan rayon Polis Şöbəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Qobustan Rayon Məhkəməsinə göndərilmişdir. Qobustan Rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli, 3(026)-91/2023 nömrəli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib, ona iki yüz saat ictimai işlər tənbehi tətbiq olunmuşdur. Qərardan Şəxs tərəfindən apellyasiya şikayəti verilərək, həmin qərarın ləğv edilməsi xahiş olunmuşdur. Sumqayıt Apelyasiya Məhkəməsinin 3(105)-286/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinməsinə dair Qobustan Rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli, 3(026)- 91/2023 nömrəli qərarı ləğv edilmış, inzibati xəta haqqında material baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, xx.xx.2022-ci il tarixdə yəni Zərərçəkmiş şəxs1 oğurluq olmasını dediyi gün o ümumiyyətlə Seyranın fermasının yanında olmamış, Xilmilli ərazisində olmuşdur. Çünki o, xx.xx.2022-ci il tarixdə heyvanlarını Abşeron rayonundan Qobustan rayonuna gətirmişdir. Zərərçəkmiş şəxs1 məxsus arpanı oğurlamamış, həmin gecə vaxtı yatağa getməmişdir. Bu barədə heç bir sübut yoxdur. Əgər Seyranın arpasını oğurlamış olsaydı Seyran həmin vaxt polisə gedərdi. Həmin oğurluq zamanı o, Xilmilli kənd ərazisində olmasını Qobustan Rayon Polis Şöbəsində də demişdir. Ona böhtan atırlar. xx.xx.2022-ci il tarixdə isə heyvanlarını Seyranın fermasının ətrafında ümumi örüş sahəsində otarmış, ümumiyyətlə fermaya tərəf getməmişdir. O, Zərərçəkmiş şəxs2 vurmamış, heyvan otaran zaman üç nəfər onun üstünə gəlib, onu döymüşlər, o, sadəcə özünü müdafiə etmişdir. Zərərçəkmiş şəxs2 belini iplə bağlayıb ki, guya o onu vurmuşdur. Ancaq o, Kamranı vurmamışdır. Buna görə iş üzrə düzgün qərar qəbul edilməsini xahiş edir. Əlavə olaraq bildirdi ki, Seyran avtomobildə ondan başqa 2 nəfərin də olduğunu bildirir. O, polisdə də belə vəziyyətdə avtomobilinə 6 ədəd 50 kiloluq kisənin yerləşib yerləşməməsinin yoxlanılmasını xahiş etsə də polislər bunu etməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 izahat verib bildirdi ki, xx.xx.2022-ci il tarixdə onun və ailəsinin Şəxs adlı şəxslə aralarında mübahisə olmuşdur. Bu mübahisə ilə bağlı Qobustan RPŞ-də olmuş və rəsmi izahat vermişdir. xx.xx.2022-ci il tarixdə oğlu Kamran və digər şəxslər Əfqan adlı şəxsin əlində həmin əl ağacını görmüşdür. Lakin mübahisə vaxtı Əfqan adlı şəxs həmin əl ağacını oğlu Kamranın üzərinə atmış və əl ağacı orada qalmışdır. O həmin ağacı olduğu yeri bilmir, həmin əl ağacının heç bir maddi dəyəri olmamışdır. O, xx.xx.2022-ci il tarixdə Əfqan adlı şəxsə mobil telefon vasitəsilə zəng etmiş lakin həmin şəxsə qarşı qarşı heç bir təhqir işlətməmişdir. O, heç bir formada heç bir vaxt Əfqan adlı şəxsə məxsus olan xırdabuynuzlu heyvanlara qarşı zor tətbiq etməmişdir. xx.xx.2022-ci tarixdə mübahisə baş verən zaman Əfqan adlı şəxs şifahi olaraq geci tezi ona məxsus olan fermanı yandıracağını və ona maddi ziyan vuracağını bildirmişdir. Hadisə vaxtı Əfqan adlı şəxsin əlində heç bir alışdırıcı maddə olmamışdır. Ona məxsus olan fermanın həyətindən ona məxsus olan heyvanlara vermək üçün almış olduğu 6 kisə arpa olmuşdur. Hər kisənin içərisində 50 kilo olmaqla ümumilikdə 300 kilo arpa olmuşdur. O, arpanı ona məxsus olan fermanın həyətində saxlamışdır. xx.xx.2022-ci il tarixdə səhər saat 21 radələrində o, özünə məxsus olan fermaya gəldikdə göy rəngli Nivada Əfqan adlı şəxsin ona məxsus olan fermadan həmin arpaları oğurlayaraq getdiyini görmüşdür. Baş vermiş hadisə nəticəsində ona 150 manat maddi ziyan dəymişdir. Hadisə vaxtı ona məxsus olan fermada həyətdə olmuş və həyətin qapısı həmişəki kimi açıq olmuşdur. Ümumiyyətlə ona məxsus olan fermanın sərhədləri daima açıq olmuşdur. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, 15 oktyabr 2022-ci il tarixdə saat təxminən 20:00 radələrində 6 kisə arpanı dəyirmana aparmaq üçün götürüb fermada olan tiklinin qarşısına qoymuşdur. Həmin vaxtdan təxminən 1 saat yarım sonra həmin arpa kisələrini götürmək üçün 2 xalası oğlu ilə fermaya gəlmişdir. Fermaya çatmağa az qalmış o, həmişə etdiyi kimi avtomobilinin işıqlarını söndürmüş və fermaya çatdıqdan sonra yenidən yandırmışdır. Həmin vaxt təxminən 30 metr məsfadən Şəxs Niva markalı **-XE-*** nömrəli maşının görmüş, Əşqan maşını surətlə sürərək onların yanından keçərək getmişdir. Maşında Əfqandan başqa iki şəxs də olmuş, onları tanımamış, Əfqan isə onların yanından keçərkən əli ilə üzünü tutmuş, lakin o, Əfqanı tanımışdır. O, xalası oğluna Əfqanın arxasınca sürməyi bildirsə də xalası oğlu buna ehtiyac olmadığını, artıq onun kimliyini bildiklərini demişdir. O, qayıdıb fermaya baxan zaman 6 ədəd arpa kisəsinin yerində olmadığını görmüş və bilmişdir ki, onları Əfqan oğurlayıb. Kisələrin sayını dəqiq bilir, çünki özü 6 ədəd kisəni çölə yığmışdır. Kisələr isə təxminən 50 kiloqram olur. Həmin vaxt Əfqanın maşının mobil telefonla çəkmək onların yadına düşməmiş, fermada isə heç kim olmamışdır. Fermanın əftarı açıqdır və yalnız tikililər bağlıdır. O, bu barədə heç kimə heç bir şey deməmiş, yalnız ailəsinə bildirmiş və həmkəndli olduqlarından polisə də Əfqan barəsində şikayət etməmişdir. Polis şöbəsində ilkin izahatı ilə hazırki izahatı arasında ziddiyyətlərin olmasını hadisənin üzərindən uzun müddət keçdiyindən ola bilsin ki, dəqiq xatırlamır. Səlahiyyətli orqanın nümayəndəsi və Zərərçəkmiş şəxs2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 22 fevral 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 məxsus 150 manat miqdarında arpanı oğurlamış, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 döymüş və həmin tarixdə bilə-bilə yalandan 102-yə məlumat vermişdir. İş materiallarında olan 22 yanvar 2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Qobustan rayon Təklə kənd sakini Şəxs, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 müraciətləri əsasında toplanmış materialda Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, X1 və Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmiş, Qobustan rayon, Təklə kənd sakini Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157, 227 və 564-cü maddələrinə uyğun olaraq tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Qobustan RPŞ-nin İTB-nə göndərilmiş, Qobustan rayon, Təklə kənd sakini Zərərçəkmiş şəxs2 barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinə uyğun olaraq tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Qobustan RPŞ-nin İTB-nə göndərilmiş, Qobustan rayon, Təklə kənd sakini Şəxs mobil telefon vasitəsilə Zərərçəkmiş şəxs1 tərəfindən təhqir olunması mülki xarakterli münasibətlərə aid olduğundan məhkəmə orqanlarına müraciət etməsi izah edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və patoloji X2 Hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 174 saylı ekspert rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs2 almış oduğu xəsarətlər-boynun sol yan səthinin və sağ said nahiyyələrinin sıyrıqları küt əşya təsirindən xx.xx.2022-ci il tarixdə kənar şəxs tərəfindən yetirilməsi mümkündür. Zərərçəkmiş şəxs2 almış oduğu xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. Məhkəmə, inzibati xəta haqqında tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri tədqiq edib, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Bununla yanaşı qeyd edilməlidir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İş materialları ilə müəyyən olunur ki, Zərərçəkmiş şəxs1 və Şəxs qarşılıqlı müraciələri əsasında toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibinin olmaması və buna görə də cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir və həmin qərarın qəbul edilməsindən üç aydan artıq müddət keçmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda iş üzrə icraata xitam verilir. Məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərək belə qənaətə gəlir ki, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Bundan başqa məhkəmə iş materiallarında olan sənədlərə və işdə iştirak edən şəxslərin izahatlarına məcmu halda qiymət verərək belə hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsiri sübuta yetirilməmişdir. Belə ki, nə inzibati xəta haqqında protokolda, nə də HK1/419, 420, 422, 423, 424 nömrəli materiallarında Şəxs Zərərçəkmiş şəxs1 aid fermadan 6 kisə arpanı oğurlaması faktını təsdiq edən heç bir mötəbər sübut göstərilməmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılmasına səbəb yalnız Zərərçəkmiş şəxs1 ziddiyyətli izahatları olmuşdur. Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq Şəxs təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşdüyündən, lakin onun Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirliliyini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərək belə qənaətə gəlir ki, təqsirliliyi sübuta yetirilmədiyindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 157 və 227-ci maddəri ilə yanaşı, həmçinin 564-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi də qeyd olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələrinin baxmağa səlahiyyətli olduğu inzibati xətalara dair işlərin tam siyahısı göstərilmişdir. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İXM-nin 564-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya dair işə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətində deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin maddənin mənasına görə, şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduğu halda, həmin işlərə eyni vaxtda baxılmalıdır. Bir neçə inzibati xətaya dair işlərin baxılması eyni orqanın səlahiyyətinə aid deyilsə, həmin işlərə eyni vaxtda baxıla bilməz. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 564-cü maddəsində nəzərdə tutlmuş inzibati xətaya dair işə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 564-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya dair işə baxmaq Azərbaycan Respublikası DİN-nin səlahiyyətinə aid olduğundan, Şəxs həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Qobustan rayon Polis Şöbəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157 və 227-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 564-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Qobustan rayon Polis Şöbəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar