Məhkəmə qərarları › İş №3(074)-256/2025

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-256/2025

10.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-256/2025 10.07.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş 13 iyun 2025-ci il tarixli, EQ 28556273 nömrəli inzibati tənbeh vermə haqqında qərardan X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş 13 iyun 2025-ci il tarixli, EQ 28556273 nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 40 manat cərimə edilmişdir. İnzibati tənbeh haqqında qərardan narazı qalan X2 şikayət verərək barəsində qəbul edilmiş 13 iyun 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə, saat 15.58 radələrində idarə etdiyi “Mercedes E-270” minik markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şamaxı şəhəri Avtovağzal dairəsi istiqamətindən Bakı şəhəri istiqamətində avtomobilin təhlükəsizlik kəmərindən istifadə etməklə hərəkət edərkən, həmin dairədə kamera vasitəsilə təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün elektron qaydada Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında 13 iyun 2025-ci il tarixli qərar qəbul edilmiş və o, 40 manat cərimə olunmuşdur. Ona tətbiq edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi də, qərəzli şəkildə tətbiq edilmişdir. Belə ki, qeyd etdiyi kimi onun yaşayış ünvanı Şamaxı şəhəri, N.Nərimanov küçəsi ev 120 ünvandır. Həmin ünvandan xx.xx.2025-ci il tarixdə, təxminən saat 15.50 radələrində idarə etdiyi “Mercedes E-270” minik markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili hərəkətə gətizdirməmişdən əvvəl təhlükəsizlik kəmərini istifadə edərək N.Nərimanov küçəsi istiqamətilə Şamaxı şəhəri Avtovağzal dairəsi istiqamətinə hərəkətə başlamışdır. Həmin yolda hərəkətini əks etdirən görüntülər işıqforlara yerləşdirilən kameralarda öz əksini tapmışdır. Bundan əlavə həmin yolun davamı olaraq hərəkətdə olan zaman Cümə Məscidinin yaxınlığında yerləşən kameralarda da, daha sonra həmin yolun sonuna yaxın 6 saylı tam orta məktəbin yaxınlığında quraşdırılmış 2 işıqfordan sonuncusunda yerləşdirən kamera tərəfindən edilən çəkilişdə onun təhlükəsizlik kəmərinin taxılması öz əksini tapmışdır. Bu görüntüləri o, DYP-dən şifahi tələb etdikdə müraciəti cavabsız qalmışdır. Bu hal da, DYP tərəfindən qərəzli haldır. Nəhayət idarə etdiyi “Mercedes E-270” minik markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil Şamaxı şəhəri Avtovağzal dairəsinə çatdıqda təhlükəsizlik kəmərinin taxılmaması kimi kameraya düşmüşdür. Bu hal ilə razı deyil. Belə ki, qeyd etdiyi kimi yaşadığı ünvandan çıxaraq üzü Bakı şəhəri istiqamətinə hərəkətə başladığı halda məhz Şamaxı şəhəri Avtovağzal dairəsində çıxartmağı nə dərəcədə doğrudur. Hansı ki, hansı ağılsız sürücü həmin dairədə olan kameranın mövcudluğunu və eyni zamanda DYP əməkdaşlarının daima həmin dairədə xidmətdə olduqlarını bilə-bilə təhlükəsizlik kəmərindən istifadə etməsin. Bu hal isə çox şübhəlidir. İnzibati məsuliyyətə cəlb olunan şəxs kimi təqsirli olmağı barəsində şübhələr isə onun xeyrinə həll edilməldir. Bu onu göstərir ki, DYP tərəfindən qərəzli şəkildə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd etdikləri hallar DYP tərəfindən İXM-nin tələblərinin pozulması ilə barəsində inzibati xəta haqqında qərəzli olaraq protokol tərtib edilmişdir. Digər hal Azərbaycan Respublikası X4 İdarəsinin inzibati tənbeh vermə haqqında 13 iyun 2025-ci il tarixli qərarını əldə etdikdən sonra, həmin qərara nəzər yetirdikdə, müəyyən olunmuşdur ki, onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsində götərilən törətdiyi inzibati xəta saat 22.39-da qeyd edilmişdir. Halbuki, mobil telefonuna yülklənmiş Radar.az proqramına idarə etdiyi avtomobillə bağlı gələn cərimə ilə əlaqədar yüklənən foto şəkillərdən görünür ki, törətmiş olduğu inzibati xətanın vaxtı xx.xx.2025-ci il tarixi göstərilməklə, saatı 15:58 qeyd edilmişdir. Göstərdiyi bu 2 hallarda törətmiş olduğu inzibati xətanın saatlarında açıq aydın fərqlər müəyyən olunur. Bu isə qərəzli hallardır. Odur ki, barəsində qəbul edilmiş İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında 13 iyun 2025-ci il tarixli qərarı ləğv edərək, iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edillməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş məlumat verilməsinə baxmayaraq, şikayət vermiş şəxs və səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlmədiklərindən, məhkəmə inzibati xəta haqqında işə şikayət vermiş şəxs və səlahiyyətli orqanın nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 13 iyun 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2025-ci il tarixli EQ 28556273 nömrəli protokola əsasən, X2 xx.xx.2025-ci il tarixdə saat 22:39 radələrində “MERDECES E 270 CDİ” minik markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə -qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. İş materiallarına əlavə olunmuş fotoşəkillərdən müəyyən olunur ki, X2 xx.xx.2025-ci il tarixdə saat 15:58 radələrində “MERDECES E 270 CDİ” minik markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili təhlükəsizlik kəmərini bağlamadan idarə etmişdir. Lakin onun barəsində inzibati tənbeh vermə haqqında qərar xx.xx.2025-cü il tarixdə saat 22:39-da tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.11-ci maddəsinə əsasən 53.1.11. bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında qərarın ləğv edilməsi üçün əsasdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməli X1 inzibati tənbeh edilməsinə dair 13 iyun 2025-ci il tarixli, EQ 28556273 nömrəli inzibati tənbeh vermə haqqında qərar real vaxt rejimində tərtib edilmədiyindən həmin qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 115 və 134.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən X1 barəsində qəbul edilmiş 13 iyun 2025-ci il tarixli, EQ 28556273 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar