Məhkəmə qərarları › İş №3(074)-258/2025

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-258/2025

03.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-258/2025 03.07.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X17 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 iştirakı ilə, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, xx.xx.1991-ci ildə Şamaxı şəhərindən anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Şamaxı şəhəri, C.Cabbarlı küçəsi, ev 19 qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Şamaxı rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, Şəxs Şamaxı Rayon Məhkəməsinin 2(074)-88/2023 nömrəli, 28 mart 2023-cü il tarixli icra sənədi üzrə 3400 manat məbləğində aliment borcu, Şamaxı Rayon Məhkəməsinin e-2(074)-414/2024 nömrəli, 23 fevral 2024-cü il tarixli icra sənədi üzrə 2736,9 manat məbləğində borcu və Şamaxı Rayon Məhkəməsinin e-2(074)-1077/2024 nömrəli, 30 iyul 2024-cü il tarixli icra sənədi üzrə 1070 manat məbləğində borcu yaranmış və icra sənədlərinin icrası ilə əlaqədar, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Şamaxı rayon İcra və probasiya şöbəsinin icra məmuru X10 tərəfindən MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli İnzibati xəta haqqında protokol tərtib edilərək, əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon İcra və probasiya şöbəsinin icra məmuru X10 bildirdi ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)- 88/2023 nömrəli, 28 mart 2023-cü il tarixli icra sənədinə əsasən, borclu Şəxs xx.xx.2022-ci il tarixdən başlayaraq, xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün, hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment alınıb, tələbkar X4 verilməlidir. Eləcə də, Şamaxı Rayon Məhkəməsinin e-2(074)-414/2024 nömrəli, 23 fevral 2024-cü il tarixli icra vərəqəsinə əsasən, borclu Şəxs xx.xx.2022-ci il tarixli Nisyə alqı-satqı müqaviləsinə əsasən, əsas borc üzrə 2640 manat, cərimə üzrə 50 manat olmaqla, cəmi 2690 (iki min altı yüz doxsan) manat borc və ödənilmiş 46,9 (qırx altı manat doxsan qəpik) manat dövlət rüsumu tutularaq, tələbkar X11 verilməlidir. Həmçinin, Şamaxı Rayon Məhkəməsinin e-2(074)-1077/2024 nömrəli, 30 iyul 2024-cü il tarixli icra sənədinə əsasən, borclular X7 və Şəxs xx.xx.2022-ci il tarixli müqavilə üzrə 2000 manat əsas, 100 manat cərimə borcu olmaqla, cəmi 2100 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 41 manat pul müştərək qaydada tutularaq, X1 ödənilməlidir. Qeyd olunan icra sənədləri üzrə İcraata başlamaq haqqında qərarlar qəbul qəbul edilmiş və borclu Şəxs tələblərin könüllü icrası barədə bildiriş göndərilmişdir. Lakin, borcluya icra sənədi üzrə yaranmış borcunu ödəməsi barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, o, qeyd olunan icra sənədləri üzrə tələbləri tam icra etməmiş, onun əmlak və gəlirlərinin axtarışları heç bir nəticə verməmişdir. Əlavə olaraq bildirilir ki, bir icra sənədi üzrə 600 manat ödəniş olmuş, digər icra sənədləri ilə bağlı ödəniş olunmamışdır. Bununla da, borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, icra sənədlərinin icrasından yayınmışdır. Qeyd olunanları nəzərə alaraq, Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərdi ki, Şamaxı Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli icra sənədinə əsasən, ondan xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün, hər ay cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment alınıb, tələbkar X4 verilməlidir. Həmçinin, Şamaxı Rayon Məhkəməsinin 23 fevral 2024-cü il tarixli icra vərəqəsinə əsasən, ondan cəmi 2690 (iki min altı yüz doxsan) manat borc və ödənilmiş 46,9 (qırx altı manat doxsan qəpik) manat dövlət rüsumu tutularaq, tələbkar X11 verilməlidir. Eyni zamanda, Şamaxı Rayon Məhkəməsinin 30 iyul 2024-cü il tarixli icra sənədinə əsasən, ondan və X2 cəmi 2100 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 41 manat pul müştərək qaydada tutularaq, X1 ödənilməlidir. O, tələbin könüllü icrasına dair qərar və bildirişləri almışdır. Hal-hazırda fəhlə işləyir, aylıq qazancı 500-600 manat təşkil edir. Hazırda aliment borcu üzrə yalnız 150 manat ödəniş edə bilmiş, lakin yaxın müddətlərdə qalan borclarını da ödəyəcəkdir. Xəstəliyi ilə əlaqədar, əvvəllər işləyə bilməmiş və bu səbəbdən, borclarını vaxtında ödəyə bilməmişdir. Odur ki, qərar qəbul edərkən, qeyd olunanları nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs icra sənədləri ilə üzərinə qoyulmuş öhdəlikləri üzrsüz səbəbdən yerinə yetirməyərək, qanunla müəyyən olunmuş müddətdə icra vərəqəsinin icrasını təmin etməmişdir. Onun tərəfindən yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədlərinin icrasına səhlənkar yanaşılmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra, icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə, inzibati cərimə və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, inzibati həbs tətbiq olunur. Eyni zamanda, həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə də, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və o, həmin maddənin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli Qərarında qeyd olunur ki, “İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsində təsbit edilmiş ədalətlilik prinsipinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsində təsbit edilən ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir”. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən, törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini və onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati qaydada həbs növündə cəza təyin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsetmənin əvvəli 03 iyul 2025-ci il tarixdən, saat 15:00-dan hesablansın. Qərarın icrası Şamaxı Rayon Polis Şöbəsinin inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar