Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-259/2021 11.06.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTBnin sahə rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1964-cü ildə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Şamaxı rayonu, Meysəri kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş 10.06.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X3 izahatında göstərdi ki, Şəxs 27.01.2021-ci il tarixdə müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan bir ədəd sənədsiz 12 kalibrli P31721 nömrəli tək lüləli ov silahını öz üzərində daşımışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, 27.01.2021-ci il tarixdə Şahdağ Milli Parkının Şamaxı bölməsinin əməkdaşları X1 xidməti ərazisində reyd keçirən zaman atasından qalan bir ədəd sənədsiz 12 kalibrli P31721 nömrəli tək lüləli ov silahı ondan götürülmüşdür. O, həmin zaman ov etməmiş, silah formal olaraq onun üzərində olmuşdur. Əməlindən peşmandır. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şahdağ Milli Parkının 29 aprel 2021-ci il tarixli ŞMP № 107 saylı məktubunun surətindən görünür ki, 27 yanvar 2021-ci il tarixdə Şahdağ Milli Parkının Şamaxı Bölməsinin əməkdaşları X1 xidməti ərazilərində reyd keçirərkən Şamaxı rayon Meysəri kənd sakini Şəxs saxlanılmışdır. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə əsasən protokol tərtib edilərək 1000 manat məbləğində cərimə edilmişdir. Ondan bir ədəd sənədsiz 12 kalibrli, P31721 nömrəli, tək lüləli ov silahı götürülmüşdür. İş materiallarında olan 25 yanvar 2021-ci il tarixli aktın surətindən görünür ki, Şəxs sənədsiz tək lüləli ov silahı götürülmüşdür. İş materiallarında olan 10 fevral 2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinərək 1000 manat məbləğində cərimə edilmişdir. Məhkəmə, inzibati xəta haqqında tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri tədqiq edib, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Lakin məhkəmə tərəfindən müəyyən edildi ki, inzibati məsuliyyətə cəlbetmə müddəti ötdüyündən Şəxs barəsində inzibati tənbeh tətbiq edilə bilməz və barəsində olan inzibati xəta haqqında işə xitam verilməlidir. Belə ki, inzibati xəta haqqında protokoldan və protokola əlavə edilmiş materiallardan müəyyən edildi ki, inzibati xəta 25.01.2021-ci il tarixdə törədilmiş, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol isə 10.06.2021-ci il tarixdə tərtib olunaraq 11.06.2021-ci il tarixdə baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyrihökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta İnzibati Xətalar Məcəlləsinin “İdarəçilik qaydaları əleyhinə olan inzibati xətalar” fəslində yerləşir və qeyd edilən inzibati xəta üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti İXM-in 38.1-ci maddəsinə əsasən üç aydır. Belə olan halda, inzibati xəta haqqında protokolda Şəxs isnad olunan inzibati xətanın 25.01.2021-ci il tarixdə törədilməsi nəzərə alınsa, həmin əməlin törədilməsinə görə qanunla müəyyən edilmiş inzibati məsuliyyətə cəlb etmə müddətinin keçdiyi müəyyən olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərək belə qənaətə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 53.0.6, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində 10 iyun 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-259/2021
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-259/2021
11.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver