Məhkəmə qərarları › İş №3(074)-259/2025

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-259/2025

08.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-259/2025 08.07.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Abasov Qürur Bəybala oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Səlahiyyətli orqan Şamaxı rayonu Yol Patrul Xidməti inspektoru, polis serjantı X1 və şikayət vermiş şəxs X2 iştirakları ilə, Şamaxı rayonu Yol Patrul Xidməti inspektoru, polis serjantı X1 tərəfindən qəbul edilmiş 23 iyun 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şamaxı rayonu Yol Patrul Xidməti inspektoru, polis serjantı X1 tərəfindən qəbul edilmiş 23 iyun 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 40 manat cərimə edilmişdir. İnzibati tənbeh haqqında qərardan narazı qalan X3 şikayət verərək həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə, saat 19:38 radələrində “Mercedes Benz” minik markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Şamaxı şəhəri, Şəhriyar küçəsi ilə hərəkət edərkən Şəhriyar küçəsi ilə Heydər Əliyev küçəsinin kəsişməsində olan STOP nişanının tələblərini pozduğu üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 -ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında TP ******* saylı, 23 iyun 2025-ci il tarixli qərar qəbul edilmiş və o, 40 manat cərimə olunmuşdur. xx.xx.2025-ci il tarixdə, saat 19:38 radələrində “Mercedes Benz” minik markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilim ilə Şamaxı şəhəri, Şəhriyar küçəsi ilə hərəkət edərkən Şəhriyar küçəsi ilə Heydər Əliyev küçəsinin kəsişməsində STOP nişanı olduğu üçün avtomobilini dayandırıb Heydər Əliyev küçəsini gözləmiş və daha sonra Heydər Əliyev küçəsinə dönərək hərəkətə davam etmişdir. Heydər Əliyev küçəsinə döndükdən sonra yol patrul xidməti əməkdaşları avtomobilini saxlamış və STOP nişanını gözləmədən keçdiyi üçün qayda pozduğunu bildirmişlər. O, isə öz növbəsində STOP nişanını gözlədiyini dəfələrlə bildirmişdir. Uzun mübahisədən sonra yol patrul xidməti əməkdaşlarından qaydanı pozduğuna dair video görüntü təqdim etmələrini tələb etmişdir. Lakin buna baxmayaraq, ona qaydanı pozduğunu sübut edən heç bir video görüntü təqdim edilməmişdir. Daha sonra yol patrul əməkdaşı qaydanı pozduğunu sübut edən video görüntünün elektron portal əlavə ediləcəyini bildirmişdir. Bundan sonra o, ordan uzaqlaşmışdır. Hesab edir ki, qeyd edilən inzibati tənbeh vermə haqqında TP ******* saylı, 23 iyun 2025-ci il tarixli qərar əsassız olduğundan ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən X3 şikayətin məzmununa uyğun izahat verərək bildirdi ki, o, inzibati xətanı törətməmişdir. Əgər törətmişdirsə onda sübit təqdim etsinlər. Onun əsas iradı görüntü ilə bağlıdır. Belə ki, o dəfələrlə polis əməkdaşlarından video görüntünü təqdim etmələrini tələb etsədə, ona həmin video görüntü təqdim edilməmişdir. Verilmiş suallara cavab olaraq bildirdi ki, yol patul maşını elə bir yerdə dayanıb ki, onun orada bucaqda dayanma hissəsi görünmür. Görüntüdə “Stop” nişanının arxası görünür. O, hardasa “Stop” nişanından 1-1.5 metr məsafədə dayanmış, ondan sonra hərəkət etmişdir. Məhkəmə iclasında iştirak edən Şamaxı rayonu Yol Patrul Xidməti inspektoru, polis serjantı X1 izahat verərək bildirdi ki, xidmətdə olarkən “MERCEDES BENZ E250” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hərəkətdə olarkən yol nişanlarının tələblərinə riayət etmədiyindən “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. İnzibati xəta törədilən yerdə, yəni Heydər Əliyev prospektinin Şəhriyar kəsişməsində “stop” nişanı vardır. Xəta törədilən yerə aid video görüntünü təqdim edərək bildirdi ki, həmin video çəkiliş post patrul nəqliyyat vasitəsində quraşdırılmış xüsusi vasitə ilə çəkilimişdir. İnzibati xəta haqqında protokolu tərtib edilən zaman, həmin video görüntünü təqdim etmək qadağandır. Yalnız şikayət verilən zaman təqdim edilir. Odur ki, verilmiş şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, şikayəti və iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 23 iyun 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, 23 iyun 2025-ci il tarixli İXP ******* nömrəli protokola əsasən, X3 xx.xx.2025-ci il tarixdə saat 19:38 radələrində “MERCEDES BENZ E250” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol nişanlarının tələblərinə riayət etmədiyindən “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə - qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” Qanunun 36-cı maddəsinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməli, yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalı, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, yol örtüyünü zədələməməli və ya çirkləndirməməli, yol nişanlarını çıxarmamalı, qarşısını kəsməməli, zədələməməli, özbaşına yol nişanları, svetoforlar və hərəkətin təşkilinin digər texniki vasitələrini quraşdırmamalı, hərəkətə maneçilik törədən əşyaları və ya materialları ataraq, boşaldaraq və ya yolda qoyaraq yol hərəkətini çətinləşdirməməli və ya onun təhlükəsizliyi üçün qorxu törətməməli, (bu cür maneənin və ya təhlükənin yaranmasına yol verməmək mümkün olmadıqda, onların mümkün qədər tez aradan qaldırılması üçün lazımi tədbirlər görməli, bunu dərhal etmək mümkün olmadıqda isə, əl altında olan vasitələrlə digər hərəkət iştirakçılarının xəbərdar edilməsini və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsini təmin etməlidirlər), yol hərəkəti qanunvericiliyinə riayət olunması barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının sərəncamlarını yerinə yetirməli, nəqliyyat, yol, kommunal və digər müəssisə və təşkilatların vəzifəli şəxsləri, yolda hər hansı bir iş aparan fəhlələr, eləcə də digər şəxslər müəyyən edilmiş yol hərəkəti qaydalarına təsir göstərə biləcək maneələr yaratmaqdan və başqa hərəkətlərdən çəkinməlidirlər. Həmin Qanunun 36-cı maddəsinin 2-ci bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Lakin iş materiallarında olan video diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, X3 xx.xx.2025-ci il tarixdə istifadəsində olan MERCEDES BENZ E250” markalı, **-BO-*** qeydiyyat nişanlı nəqlliyyat vasitəsini idarə edərək Heydər Əliyev prospektinin Şəhriyar kəsişməsində, stop nişanınn olduğu halda dayanmadan sağdan və ya soldan gələn nəqliyyat vasitələrini gözləmədən hərəkət etmiş, yəni gəliş surəti ilə dönmüşdür. Video görüntüdəndə görünür ki, elə ehtimal yoxdur ki, nəqliyyat vasitəsi dayanma ilə həmin surətlə hərəkətə başlasın. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılmasıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, X2 xx.xx.2025-ci il tarixdə MERCEDES BENZ E250” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol nişanlarının tələblərinə riayət etməməsi inzibati tənbeh vermə haqqında qərar və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirildiyindən, onun qeyd edilən inzibati xətanın törədilməsində təqsirli bilinməsinə dair inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şamaxı rayonu Yol Patrul Xidməti inspektoru, polis serjantı X1 tərəfindən qəbul edilmiş 23 iyun 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Qürur Abasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar