Məhkəmə qərarları › İş №3(074)-261/2021

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-261/2021

24.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-261/2021 24.06.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, 29.12.2020-ci il tarixdə saat 08:20 radələrində Şəxs idarə etdiyi “KAMAZ” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Zərərçəkmiş şəxs1 idarə etdiyi “VAZ-2106” markalı **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, nəticədə “VAZ-2106” markalı **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 və həmin avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs2 yüngül dərəcədə xəsarət almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, zərərçəkmiş şəxslər və səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Ona görə də məhkəmə həmin şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Şamaxı RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi, polis baş leytenantı Cəlil Mustafayev tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 08 may 2021-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş və qərarın surətinin Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci və 328.1-ci maddələri ilə inzibati tədbir görülməsindən ötrü Şamaxı RPŞnin DYPB-yə göndərilməsi qərara alınmışdır. Material üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının 15.01.2021-ci il tarixli 12 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 almış olduğu xəsarətlər–qapalı kəllə-beyin travması ilə müşahidə olunan baş-beyin silkələnməsi, qarının qapalı travması, dalağın cırılması, daxili qanaxma küt əşyanın təsirindən törənməklə 29.12.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində sürücü qismində alınmağa uyğun gəlir və həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. Material üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının 15.01.2021-ci il tarixli 13 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 almış olduğu xəsarətlər–döş qəfəsinin və sol bazu oynağının əzilməsi, sol bazu oynağının geniş həcmli qançırları, hematoması küt əşya təsirindən törənməklə 29.12.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində sərnişin qismində alınmağa uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.2-327.6, 328.2, 328.3, 328.4, 331, 333.1, 342.7, 343.1 və 346.3-cü maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, ekspertiza rəyi, habelə inzibati materialda olan digər sənədlərlə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsində təqsirli olması tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasının hədləri daxilində nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılırması növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, nəqliyyat vasitəsini idarə etmək hüququ 9 (doqquz) ay müddətə məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar