Məhkəmə qərarları › İş №3(074)-264/2021

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-264/2021

02.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-264/2021 02.11.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Səlahiyyətli orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şahdağ Milli Parkının nümayəndəsi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 iştirakları ilə, X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şahdağ Milli Parkı tərəfindən qəbul edilmiş 10.02.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 şikayətlə Şamaxı Rayon Məhkəməsinə müraciət edərək barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şahdağ Milli Parkı tərəfindən qəbul edilmiş 10.02.2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 27.01.2021-ci il tarixdə heyvanlarını tövlədən çıxarıb su vermək üçün bulağa apardığı zaman heyvanlarından biri meşəyə tərəf qaçmış, o, qalan heyvanları tövləyə salıb, tüfəngini də götürüb meşəyə tərəf getmişdir. Xeyli axtardıqdan sonra tapmayıb geri qayıdanda Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şahdağ Milli Parkının işçiləri ilə rastlaşmışdır. Onlara meşədə heyvanını axtardığını desə də ona əhəmiyyət verməyib barəsində protokol tərtib etmişlər. Protokolda da məqsədinin heyvanını axtarmaq olduğunu qeyd etmişdir. Sadəcə meşədə vəhşi heyvanlarla qarşılaşa biləcək ehtimalları olduğuna görə özünü qorumaq üçün ov tüfəngini də özü ilə götürmüşdür. Onlarda görmüşlər ki, evə qayıdırmış və heç bir ov vurmamışdır. Bu yaxınlarda silahını almışlar ki, müsadirə olunacaq. Bu yaxınlarda qərar da gəlib ki, 1000 manat cərimə olunmuşdur. Onu qorxudaraq 400 manatını ödətdirmişlər. Şamaxı rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli 3(074)-264/2021 saylı qərarı ilə X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayəti geri qaytarılmışdır. Həmin qərardan şikayətçi X6 apelyasiya şikayəti verərək Şamaxı rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli 3(074)-264/2021 saylı qərarının və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şahdağ Milli Parkı tərəfindən qəbul edilmiş 10.02.2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 3(105)-553/2021 saylı, 10.09.2021-ci il tarixli qərarı ilə X6 tərəfindən şikayətin qismən təmin olunmuş, Şamaxı Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli 3(074)-264/2021 saylı qərarı ləğv edilərək iş yenidən baxılması üçün material Şamaxı Rayon Məhkəməsinə yeni məhkəmə baxışına göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən X6 şikayətin məzmununa uyğun izahat verərək bildirirdi ki, o, sadəcə meşədə vəhşi heyvanlarla qarşılaşmaq ehtimalı olduğuna görə özünü qorumaq üçün ov tüfəngini də özü ilə götürmüşdür. Heç bir ov etməmişdir. Ona göstərilən fotoşəkildəki odur, amma digər yanında olan şəxsi tanımır. O, demiş ki, gəlib dursun yanında onunla şəkil çəkdirsin, oda dayanmışdır. O, bilmirmiş ki, işlər belə olacaq. Həmçinin o, saxlanılarkən əlində heç bir ov olmamışdır. Ona görə də şikayətinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən səlahiyyətli orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şahdağ Milli Parkının nümayəndəsi X7 izahat verərək bildirdi ki, fotoşəkildəki digər şəxs İlham Ələkbərovun həmkəndlisidir, adı Sərxandır soyadını bilmir. Onunla bağlı Ekologiya idarəsinə məlumat verilmişdir. Həmin vaxt həmin şəxs oradan qaçmışdır, bunu İ.Ələkbərov özü də onlarda olan video görüntüdə onun qaçmasını etiraf etmişdir. İlham Ələkbərov ov etməmiş, ova cəhd etmişdir. Məhkəmədən X6 tərəfindən verilmiş şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 izahat verib bildirdi ki, İlham Ələkbərovu ovnan bağlı tanıyır, sahədə rastlaşmışlar. Aralarında heç bir düşmənçilik yoxdur. 25 yanvar 2021-ci il tarxidə təxminən 16:00 radələrində ərazidə reyd keçirən zaman görmüşlər ki, 3 nəfər şəxs ov edir. Onlardan 2 nəfər şəxs qaçmış, amma İlham Ələkbərov ova cəhd edən zaman saxlanılmışdır. Saxlanılan zaman əlində heç bir ov olmamış, ova cəhd olmuşdur. Həmin vaxt İlham Ələkbərovdan ərazidə nə etdiyi soruşulmamışdır. Çünki həmin ərazidə tüfənglə yalnız ov edərlər. Digər 2 nəfər qaçdıqlarından onlarla bağlı heç bir tədibir görülməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahat verib bildirdi ki, İlham Ələkbərovu tanıyır, Şamaxı rayonun Meysəri kəndindəndir. Aralarında heç bir düşmənçilik yoxdur. 25 yanvar 2021-ci il tarxidə təxminən 15:30 radələrində Qurdtəpə və Dədəgünəş kəndi arasında sahədə olan zaman silah səsi eşitmişlər. Ətrafa baxıb görmüşlər ki, sahədə 3 nəfər şəxs gəzir. Onlara yaxınlaşdıqda İ.Ələkbərovun əlində ov olmamış, amma silah olmuşdur. Digər 2 nəfər isə qaçmış, onları tapa bilməmişlər, amma İ.Ələbrəov onları tanıyır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 izahat verib bildirdi ki, İlham Ələkbərovu ovnan bağlı tanıyır, sahədə rastlaşmışlar. Aralarında heç bir düşmənçilik yoxdur. 25 yanvar 2021-ci il tarxidə təxminən 16:30 radələrində sahədə reyd keçirən zaman baxıb görmüşlər ki, sahədə 3 nəfər şəxs gəzir. Onlara yaxınlaşarkən digər 2 nəfər şəxs qaçmış, İ.Ələkbərov isə saxlanılmışdır. O, iş yoldaşlarından geç yaxınlaşdığndan İ.Ələkbərovun əlində ov görməmiş, ancaq silah görmüşdür. Oda yoldaşları tərəfindən götürülmüşdür. Məhkəmə, proses iştirakçılarını dinləyib, şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şahdağ Milli Parkı Şamaxı bölməsi Ulduz ovçuluq təsərrüfatının sahə müfəttişi X9 tərəfindən tərtib edilmiş 27 yanvar 2021-ci il tarixli, MN ******* saylı protokolun surətindən görünür ki, X1 Milli Parkının Şamaxı bölməsi Ulduz ovçuluq təsərrüfatı ərazisində 25 yanvar 2021-ci il tarixdə günorta saatlarında qanunsuz ov etmişdir. İş materiallarında olan 10 fevral 2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 Milli Parkının Şamaxı bölməsi Ulduz ovçuluq təsərrüfatı ərazisində ova cəhd etmişdir. X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinərək 1000 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclası təxirə salınmasına baxmayaraq səlahiyyətli orqan tərəfindən X2 Şahdağ Milli Parkının Şamaxı bölməsi Ulduz ovçuluq təsərrüfatında ov etməsinə dair heç bir sübut təqdim edilməmişdir. Həmçinin işin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki hallarından və məhkəmə iclasında dindirilmiş şahidlərin izahatlarından görünür ki, onlar İlham Ələkbərova yaxınlaşarkən onun əlində heç bir ov görməmişlər. Belə olan halda, məhkəmə hesab edir ki, X6 barəsində qəbul edilmiş şikayətdə göstərilən inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə də, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması qanunla müəyyən olunmuş qaydada yetərincə sübut olunmur. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, şikayət qismən təmin olunmalı, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şahdağ Milli Parkının MN ******* nömrəli, 10.02.2021-ci il tarixli inzibati tənbeh vermə qərarı ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Eyni zamanda X5 ödədiyi pulun geri qaytarılması tələbi ilə mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 115,134 və 137-ci və maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şahdağ Milli Parkı tərəfindən X2 barəsində qəbul edilmiş 10.02.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar