Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-264/2023 28.09.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X9 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və müdafiəçisi - Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.1970-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Şamaxı Rayon Polis Şöbəsindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında MN ******* saylı protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(074)-264/2023 nömrəli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 75 (yetmiş beş) manat məbləğində cərimə edilmişdir. Şəxs müdafiəçisi Vəkil apellyasiya şikayəti verərək, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(074)-264/2023 nömrəli qərarının ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(105)-383/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(074)-264/2023 nömrəli qərarı ləğv edilmiş və işə yenidən baxılması üçün materialın Şamaxı Rayon Məhkəməsinə yeni məhkəmə baxışına qaytarılması qərara alınmışdır. Yeni məhkəmə baxışı iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə Şamaxı rayonu, X11 küçəsində bacısı oğlunun toyunda iştirak etmişdir. Həmin məclisdə Şamaxı RPŞ-nin PPX-nin komandiri X3 və digər polis əməkdaşları da iştirak etmişdir. Həmin şəxslər mülki geyimdə olmuşdurlar. Məclisin sonlarında o, tanışı Adəm adlı şəxslə küçədə söhbət edərkən, qaranlıqda maşınların arasında polis avtomobilinə məxsus yüksək avazlı səs siqnalı səslənmişdir. PPX-nin komandiri Eliyar Səmədov polis formasını geyinib, oraya qayıtmış və onu polis avtomobilinə mindirib, şöbəyə aparmaq istəmişdir. O isə, heç bir qanunsuz iş görmədiyi üçün, onunla getmək istəməmişdir. Həmin zaman, Elyar Səmədov əlavə polis qüvvələrini əraziyə cəlb edərək, onu məcbur edib, avtomaşına mindirərək, Şamaxı Rayon Polis Şöbəsinə aparmışlar. O, Şamaxı RPŞ-nin həyətinə daxil olduqdan sonra, PPX-nin komandiri X3 və digər polis işçisi şöbənin həyətində dəyənəklə onu döyməyə başlamışdır. İlk dəyənək zərbəsinin təsirindən o, huşunu itirmiş, özünə gələndə isə rəis müavini Vüsal Əmrahovun göstərişinə əsasən, PPX-nin komandiri Eliyar Səmədov və digər polis işçisi tərəfindən amansızcasına döyülməsi davam etmişdir. O, şöbənin həyətində döyülən zaman, qohumları DİN-nin 102 xidmətinə və 103 təcili tibbi yardıma bir neçə dəfə zəng vurublar. Təcili tibbi yardım həkimləri şöbəyə gəlib, onu görsələr də, Eliyar Səmədov ona yardım etməyə imkan verməmişdir. Məhkəməyə gətirilməmişdən əvvəl, onun qolları zərbələrin təsirindən qaraldığı üçün, həmçinin də, öz köynəyi qana bulandığından Eliyar Səmədov ona uzun qol paltar vermiş və ona tapşırmışdır ki, məhkəmədə söyləsin ki, guya “iki gün əvvəl gözünə qapı dəydiyi üçün göyərmiş və küçədə telefonla danışan zaman, söyüş söydüyünə görə barəsində protokol tərtib edilmişdir. Əgər onun dediklərini söyləməsə, 30 sutka həbs olunacaq, həbsi bitdikdən sonra isə, onu nə yolla olursa olsun, cinayət məsuliyyətinə cəlb edəcəklər”. Oda məcbur qalıb xx.xx.2023-cü il tarixli məhkəmə iclasında polislərin dediyi kimi məhkəmədə izahat vermişdir. Sərbəst buraxıldıqdan dərhal sonra, Şamaxı Rayon Prokurorluğuna müraciət etmiş, prokurorluğun göndərişi əsasında ekspertdən keçmişdir. Hazırda onun işgəncəyə məruz qalması ilə bağlı aidiyyatı dövlət orqanlarına müraciət olunmuşdur. Bundan başqa, onun istifadəsində olan mobil telefon nömrəsindən çıxan zənglərin siyahısı "xxxx" MMC-dən götürülmüş və həmin siyahı ilə müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə, saat 00:20 radələrində hər hansı bir istiqamətdə zənglər olunmamışdır. Qeyd olunanlara əsasən, onun barəsində aparılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçi Vəkil bildirdi ki, Şəxs Şamaxı rayonunda sahibkarlıq fəaliyyəti ilə məşğul olur və el arasında kifayət qədər tanınan şəxsdir. Şəxs xx.xx.2023-cü il tarixdə Şamaxı rayonu, X12 küçəsində toy məclisində iştirak edərkən, çəkilmiş fotolardan da göründüyü kimi, Şəxs RPŞ-nə gedənə qədər, sifətində heç bir xəsarət olmamışdır. Həmçinin də, X2 xx.xx.2023cü il tarixdə Şamaxı rayonu, X12 küçəsində toy axşamında iştirak etmiş məclisdən çıxdıqdan sonra, polis formasını geyinmiş, təxminən bir saata yaxın bayırda xidməti maşında əyləşərək, Şəxs bayıra çıxmasını gözləmişdir. Elşən bayıra çıxan kimi isə, ona yaxınlaşaraq, dərhal xidməti maşına mindirmişdir. Bundan başqa, onun istifadəsində olan mobil telefon nömrəsindən çıxan zənglərin siyahısı "xxxx" MMC-dən götürülmüş və həmin siyahı ilə müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə, saat 00:20 radələrində heç bir zənglər olmamışdır. Qeyd olunanlara əsasən, Şəxs barəsində aparılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı RPŞ-nin İTB-nin sahə rəisi X3 göstərdi ki, xx.xx.2023-cü il tarixdə, saat 00:20 radələrində xidmətdə olan zaman, bir nəfər şəxsin uca səslə söyüşlər işlətməsini eşitmişdir. Həmin vaxt həmin şəxsə yaxınlaşıb, nizam-intizama dəvət etsələr də, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış və öz hərəkətlərini davam etdirmişdir. Həmin şəxsin ağır dərəcədə sərxoş olduğunu müşahidə etmişlər, daha sonra şəxsi avtomaşınla polis şöbəsinə aparılmışdırlar. Polis şöbəsində həmin Şəxs olması müəyyən olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı RPŞ-nin İTB-nin sahə rəisi X6 göstərdi ki, xx.xx.2023-cü il tarixdə ərazidə xidmət apararkən, Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsində bir nəfər şəxsin mobil telefonla ucadan danışmasını görmüşdürlər. Həmin şəxsin içkili olduğu müəyyən edilmişdir. Onlar həmin şəxsə yaxınlaşıb, özlərini təqdim etmiş və daha sonra həmin şəxs Şamaxı RPŞ-yə gətirilib, X1 təhvil verilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X4 izahatında göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 00:20 radələrində Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsində mobil telefonla danışan zaman, uca səslə nalayiq ifadələr işlətməsi aşkar olunmuşdur. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* saylı İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 00:20 radələrində Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsində uca səslə nalayiq ifadələr işlətmiş və nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi tərəfindən təqdim edilmiş videogörüntüyə baxış zamanı müəyyən olundu ki, xx.xx.2023-cü il tarixdə, saat 00 radələrində Şəxs toy məclisinin keçirildiyi ərazidə küçədə olan vaxt, polis avtomaşının səs siqnalını eşidib, polis əməkdaşlarına yaxınlaşmış, bir neçə dəqiqə söhbətdən sonra isə, polis avtomaşınına mindirilib aparılmışdır. Həmçinin, baxış zamanı, Şəxs mobil telefonla danışıq aparması halı müəyyən olunmamışdır. Eyni zamanda, iş materiallarında olan "xxxx" MMC tərəfindən təqdim olunmuş məlumatdan görünür ki, abonent Şəxs xx.xx.2023-cü il tarix, saat 21:32-dən xx.xx.2023-cü il tarix, saat 23:01-dək ona məxsus ********* nömrəli mobil telefon vasitəsilə hər hansı bir istiqamətdə danışıq aparmamışdır. İş materiallarında olan Şamaxı Rayon Prokurorluğunun məhkəməyə ünvanladığı məlumatında göstərilmişdir ki, “xx.xx.2023-cü il tarixdə Şəxs müraciəti əsasında toplanmış material Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən nəzarət qaydasında tələb edilərək öyrənilmiş, xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qəbul edilmiş qərar ləğv edilərək, qərarda göstərilən xüsusatların araşdırılması üçün ilkin yoxlama materialı rayon prokurorluğuna qaytarılmışdır. Bundan başqa, Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən Şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə baxılarkən, sonuncunun izahatında qeyd etdiyi işgəncə faktı barədə məlumatlar araşdırılması üçün aidiyyəti üzrə rayon prokurorluğuna göndərilmişdir”. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cü maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərədə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cü maddəsinin dispozisiyasından da görünür ki, inzibati məsuliyyətin yaranması üçün ictimai qaydanın pozulması, özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunmalıdır. Məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati hüquq pozuntusunun obyektiv tərkibi mövcud deyil, yəni ictimai qaydanın pozulması halı müəyyən olunmur. Həmçinin, məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin ifadəsinə məhkəmə tənqidi yanaşaraq, həmin ifadələri inandırıcı hesab etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) sübuta yetilmədiyindən, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33 və 53-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İnzibati xətanın tərkibi olmaması əsası ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №3(074)-264/2023
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-264/2023
28.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver