Məhkəmə qərarları › İş №3(074)-266/2021

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-266/2021

23.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-266/2021 23.06.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, X2, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTBnin sahə rəisi X10 oğlunun, Zərərçəkmiş şəxs1, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Şamaxı rayonu Çuxuryurd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Şamaxı rayonu Çuxuryurd kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş 23.06.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X12 izahatında göstərdi ki, Zərərçəkmiş şəxs1 11 may 2021-ci il tarixdə Şamaxı rayon polis şöbəsinə ərizə ilə müraciət edərək Şamaxı rayonu, Çuxuryurd kəndində ona məxsus bağ evi olmasını, onunla qonşuluqda yaşayan Şəxs onlardan icazəsiz olaraq bağına daxil olması və ağacın budağını kəsməsini, araşdırma zamanı ağacın kimin tərəfindən kəsilmsini soruşduqda sonuncu tərəfindən kəsildiyini bildirərək onlarla mübahisə etməyə başlamasını göstərmişdir. Bu fakt üzrə təhqiqat araşdırması aparılmış və Şəxs əməlində cinayət tərkibi olmadığına görə cinayət işinin başlanması rədd edilmişdir. Lakin, Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, Zərərçəkmiş şəxs1 Vladimiroviç, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Şamaxı rayon, Çuxuryurd kəndində yerləşən yaşamadığı digər evdə qonşuları olmaqla, həmin şəxslərlə mütəmadi olaraq mübahisələri olmuşdur. Təxminən 2021-ci ilin aprel ayının 28-də yaşamadığı evin həyətinə gəlmiş və onlara məxsus həyətdə bir ədəd böyük dəndə ağacının kəsildiyini görmüşdür. Ağacın Aleksandr tərəfindən kəsildiyini bilmiş, çünki Aleksandr bir neçə dəfə həmin ağacın kəsilməsini onlardan istəmişdir. Həmin ağacın kəsilməsinə nə atası Nikolay, nə də o, icazə verməmiş, icazəsiz olaraq Aleksandr onların həyətinə daxil olub motapila vasitəsi ilə həmin ağacı kökündən kəsmişdir. Sonradan qardaşı X6 Vladimiroviçə zəng edərək ağacı kəsdiyini, bu zaman onun yerə tökülmüş budağlarının qalıqlarını təmizləməsini ondan istəmiş, həmin vaxt Aleksandr Vladimiroviç qardaşı Vladimirə “sənin əlin yoxdu budağları özün təmizlə” deyə bildirmişdir. Onlar ondan ağacı icazəsiz niyə kəsdiyini soruşduqda heç bir cavab verməmişdir. Aprel ayının 30-da onların evinə baxan Mixayıl Matveyin həyətə gəldiyini görmüş, əsəbi olduğu üçün onların həyətinə keçərərək Mixayıl Matveyin yanında evinin pəncərəsinə bitişik olan albalı ağacından kiçik bir budaq kəsmiş, sonra evə getmişdir. 09.05.2021-ci il tarixdə qardaşı Vladimir məhlədə olarkən Aleksandr Vladimiroviç onu saxlayaraq öz həyətinə dəvət edib onların həyətinə keçərək albalı ağacının budağını qırdığına görə onun ünvanına nalaiq ifadələrlə söyüşlər söymüşdür. Sonra qardaşı Vladimir evə gələrək Aleksandr Vladimiroviçin onu söydüyünü və təhqir etdiyini bildirmiş, o, atası Nikolayla onlarla qonşuluqda olan həyətdə olduğu üçün ora getmiş, hasardan Aleksandr Vladimiroviçi çağırmış, ona “sən nəyə əsasən bizi söyürsən təhqir edirsən” deyə bildirərək “gəl bizim həyətə keç və burada qırıb dağıtdığınız ağacın zibillərini təmizlə” ifadələrini işlətmişdir. Həmin vaxt onun ailə üzvləri orada öz həyətlərində olmuş, Aleksandr Vladimiroviç onlara heç bir məhəl qoymadan öz avtomobilinə əyləşərək çıxıb getmişdir. Daha sonra anası Nadejda İvanovna həyətdən çölə çıxdıqda Aleksandr Aleksandroviç çöldə olmuş, səs-küy eşitdiyi üçün çölə çıxmış, anası X7 Aleksandroviçə “məyər sizə hər şey etmək üçün icazə verilib” sualını verdiyini eşitmiş, bu vaxt Aleksandr Aleksandroviç anasını təhqir etməyə başlamış, atası Nikolay Vladimiroviç çölə çıxmış, Aleksandr Vladimiroviç avtomobili ilə gələrək avtomobili dayandırmış və telefonla onları çəkməyə başlamış, anası ondan çəklişi dayandırmağı tələb etmiş, bu zaman o, anasını təhqir etmiş, atası Nikolay Viadimiroviç əlindəki asanı yuxarı qaldıraraq Aleksandr Vladimiroviçə “sən niyə elə söyüş söyürsən” deyə bildirmiş, həmin vaxt Aleksandr Viadimiroviç atasının üstünə qaçmış atası Nikolay Viadimiroviç insult keçirdiyi üçün onu müdafiə etmək məqsədi ilə Aleksandr Vladimiroviçin üstünə getmiş, atasının üstünə getməməsi üçün onu tutmuş, həmin vaxt onun əynindəki jiletqası sökülmüş, həmin vaxt onlara atasının xəstə olduğunu bildirmiş, Aleksandr Aleksandroviç onun üstünə gəlmiş, o, Aleksandr Aleksandroviçə atasının xəstə olduğuun, onun da uşağının xəstə olduğunu bildirmiş, niyə belə etdiyini, atasının xəstə ola ola onun üstünə niyə gəldiyini, onun da uşağının sağalmamasını bildirmiş, Aleksandr Aleksandroviç “sən niyə mənim uşağıma belə deyirsən” deyərək təkrar üstünə gəlmiş, anası onun əllərindən tutaraq onu dayandırmış, həmin vaxt Aleksandr Viadimiroviç isə onun əlindən çıxaraq atasının üstünə gedərək onu itələmiş, o, atasını müdafiə etmək üçün onun yanına qaçmış, onu saxlamışdır. Aleksandr Vladimiroviç turbanı götürərək yenə atasınının üstünə qaçmış, hadisə təxminən 10-dəqiqə davam etmiş və onlar qaçaraq öz həyətlərinə getmişlər. odur ki, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 izahat verib bildirdi ki, Şamaxı rayonu, Çuxuryurd kəndində ona məxsus yaşayış evi var. Şəxs həmin kənddə onunla qonşuluqda yaşamaqla, həmin şəxslə əvvəllər qonşu kimi münasibətləri yaxşı olmuş, aramızda ədavət, dava-dalaş olmamışdır. Svetlananın yaşadığı ev hazırda ona məxsus evdən bir qədər kənarda olsa da, onun və ailə üzvlərinin onun evinin yanında əlavə bir evləri də vardır. Həmin evlə onun evinin arasında giriş hissədə mişar daşından hasar vardır. Svetlananın adı çəkilən evinin həyətində bir qoca ağac vardır ki, həmin ağacın özü və budaqları böyük olduğu üçün aralarında olan hasara təsir göstərmiş və nəticədə hasarın uçma təhlükəsi yaranmışdır. Bununla bağlı valideyni Aleksandr Svetlananın valideyni Nikolaya ağacı budaması barədə şifahi xəbərdarlıq etmiş, lakin Nikolay həmin xəbərdarlıqlar zamanı ağacı budayacağını desə də, budamamışdır. Sonuncu dəfə 2021-ci ilin aprel ayının sonlarında atası Aleksandr ilə Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən evinə gəlmiş, həyətdəki ağacları budamış, həmin vaxt Aleksandr Nikolaya zəng edərək gəldiklərini, əgər istiyirsə hasara təsir göstərən ağacı budamaqda köməklik edə biləcəyini demiş, Nikolay xəstə olduğunu deyərək gəlməmiş, lakin ağacın onlar tərəfindən budanmasına heç bir etirazının olmadığını, hətta küçə qapısının açarının olduğu yeri telefonda demiş və atası Aleksandr ilə o, həmin ağacı budayıb, daha sonra Bakı şəhərinə getmişdir. Bakı şəhərində yaşadığı üçün Şamaxı rayonu, Çuxuryurd kəndindəki evinə qohumu Mixayıl adlı şəxs nəzarət edir. 07 may 2021ci il tarixdə axşam saatlarında Mixayıl ona zəng edərək bağda olan bir ədəd albalı ağacının budağının kimsə tərəfindən kəsilməsi barədə məlumat vermiş, lakin ağacın kim tərəfindən kəsilməsi barədə heç nə deməmişdir. 09 may 2021-ci il tarixdə günorta saatlarında Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən evinə ailə üzvləri ilə birlikdə gəlib, bir neçə dəqiqə keçdikdən sonra atası Aleksandr ilə küçəyə çıxmış, küçədə olan zaman Nikolay ilə Vladimirin də küçədə olmalarını görmüş, Aleksandr Nikolayı görüb, hər iksini bağdakı albalı ağacının olduğu yerə dəvət etmiş, Nikolay ilə Vladimir onlarla birlikdə bağa gəldikdən sonra Aleksandr Nikolay ilə Vladimirə ağacın budağının kim və ya kimlərsə tərəfindən kəsilməsindən məlumatlarının olub-olmamasını soruşmuş, Nikolay ilə Vladimir ağacın kim və ya kimlər tərəfindən kəsilməsi barədə heç bir məlumatlarının olmamalarını və həmin ağacın onlarından kəsilmədiyini deyib getmişlər. Sonuncular getdikdən təxminən otuz dəqiqə keçdikdən sonra o, həyətdə iş görən zaman Svetlananın onun evi ilə yanaşı olan evin həyətində onun və ailə üzvlərinin barədə təhqiredici sözlər deməsini, qarğışlar etməsini eşidib və həyətinə daş atmasını görüb, Svetlananın niyə belə hərəkətlər etməsini bilmək və onu sakitləşdirmək üçün tel hasardan Svetlananı səsləyib sakitləşdirməyə çalışmış, lakin Svetlana sakitləşməyib onu təhqir etməyə davam edib, yerdə olan mişar daşını üzərinə atmış, o, geri çəkildiyi üçün mişar daşı ona dəyməmiş, lakin o, Svetlanaya heç nə etməyib, həyətdə dayanıb sakitləşməsini gözləmişdir. Lakin Svetlana sakitləşməyib təxminən on beş-iyirmi dəqiqə onun ünvanına söyüşlər söyməyə davam edib, sonradan səsini kəsmişdir. Bir neçə dəqiqə keçdikdən sonra yeddi yaşlı oğlu Çingizi küçəyə çıxarmış, həmin vaxt Svetlananın valideynləri Nikolay və Nadejda ilə evlərinin küçə qapısını bağladıqlarını görmüş, Svetlana onu görən kimi üzərinə qaçaraq sağ qol nahiyyəsindən yapışıb sıxaraq sağ əli ilə sifət nahiyyəsini cırmaqlamağa başlamış, o, isə Svetlanaya sözlə ondan əl çəkməsini deyib, geriyə çəkilməyə çalışmış, hadisə zamanı Nadejda Svetlananı aralamaq istəmiş, lakin Svetlana onu buraxmayıb, yenidən üz nahiyyəsinə cırmaq atıb sağ ayağı ilə sol ayaq nahiyyəsinə bir dəfə təpik zərbəsi vurmuş və ondan sonra onu buraxmışdır. Lakin uzaqlaşmayıb, onun barəsində təhqir və qarğışlar etməyə davam etmiş, həmin vaxt həyətdə olan anası Zərərçəkmiş şəxs2 səsi eşidib nə baş verdiyini bilmək üçün küçəyə çıxmış, Svetlana anası Nadejdanı görüb, onun üzərinə hücum çəkərək sol sinə nahiyyəsinə bir dəfə yumruq zərbəsi vurmuş, həmin vaxt o, Svetlananı Zərərçəkmiş şəxs2 aralaşdırmış, hadisə zamanı atası Aleksandr hadisə yerinə gələrək Svetlanaya etdiyi hərəkətlərlə bağlı irad bildirmiş, lakin Svetlana Aleksandrın sözlərinə fikir verməyib onunla mübahisə etməyə başlamış, o, hadisənin böyüməməsi üçün valideynlərinə həyətə daxil olmalarını xahiş edib, Svetlanadan isə çıxıb getməsini tələb etmiş, bundan sonra Svetana ailə üzvləri ilə birlikdə hadisə yerindən uzaqlaşmışdır. Həmin tarixdə Svetlananın qanunsuz hərəkətləri ilə bağlı polisə məlumat vermək istəməmiş, lakin onun o, və ailə üzvləri barədə etdiyi təhqirlər və qarğışlara, həmçinin Svetlananın onunla və ailə üzvləri ilə ədavətli ola biləcəyini düşünüb ilk öncə 11 may 2021ci il tarixdə Svetlananın bağındakı albalı ağacını kəsməsi və münaqişə etməsi barədə Azərbyacan Respublikası DİN-nin 102 xidmətinə zəng edib məlumat vermiş, həmin vaxt əsəbi olduğundan ağacın kəsilməsi barədə məlumat vermiş, lakin həmin bir ədəd albalı ağacı kəsilməmiş, yalnız ağacın budağı Svetlana tərəfindən mişarla kəsilmişdir. Həmin məlumatı Mixayıl ona 09 may 2021-ci il tarixdə Svetlana ilə aralarında olan hadisədən sonra demişdir. Belə ki Mixayıl 07 may 2021-ci il tarixdə evə nəzarət üçün gəlib evdə iş görüb, həyətə çıxarkən Svetlananın albalı ağacının mişarla kəsməsini gördüyünü, lakin arada mübahisə yaranmaması üçün Svetlanaya heçnə deməməsini, Svetlananın ağacın bir ədəd budağını kəsdikdən sonra həyətdən küçə qapısı ilə çıxıb getdiyini bildirmişdir. 11 may 2021-ci il tarixdə Şamaxı rayon polis şöbəsinə müraciət edərkən Svetlananın onu və anası Zərərçəkmiş şəxs2 döyməsini göstərməmiş, lakin Svetlana hadisə ilə bağlı üzr istəmədiyinə görə izahatında Svetlananın onu və anası Zərərçəkmiş şəxs2 döyməsini göstərmişdir. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən müdafiəçi X9 bildirdi ki, təqdim olunmuş video görüntüyə baxış keçirən zaman da görünür ki, orada kiminsə kimisə vurması olmayıb, sadəcə tərəflərin aralarında mübahisə olub. Başqa orada heç bir döyülmə yoxdur. Əksinə zərərçəkmiş şəxsin atası tərəfindən Svetlanaya və onun anasına qarşı artıq təhqiramiz ifadələr edib. Əsas vurma ilə bağlı sübut olmalıdır, o da yoxdur. Ola bilər ki, bəlkə onlar özləri özlərinə xəsarət yetirlər. Bir cırmağa xəsarət demək olmaz. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan 07.06.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikasının DİN-in 102 xidmətin və Şamaxı rayon Polis Şöbəsinə, Zərərçəkmiş şəxs2, X4, X3 Şamaxı rayon Polis Şöbəsinə müraciəti əsasında toplanılmış materiallar üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surətinin rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinə verilməsi qərara alınmışdır. Həmçinin qərarada Zərərçəkmiş şəxs2mn almış olduğu xəsarətin qarnın ön divarının qançırının küt əşya təsirindən törənməsi, yetirilmə müddətinin 09.05.2021-ci il tarixə uyğun olması, Zərərçəkmiş şəxs2mn almış olduğu xəsarətin sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcələrinin təyin edilməməsi, Zərərçəkmiş şəxs1 almış olduğu xəsarətin sol budun aşağı 1/3-nin qançırının küt əşya təsirindən törənməsi, yetirilmə müddətinin 09.05.2021-ci il tarixə uyğun olması, Zərərçəkmiş şəxs1 almış olduğu xəsarətin sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcələrinin təyin edilməməsi göstərilmişdir. Məhkəmə, inzibati xəta haqqında tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri tədqiq edib, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirildiyindən o, İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyası çərçivəsində barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə inzibati xəta kimi müəyyən edilmişdir. Şəxs tərəfindən İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi, özünün və zərərçəkmiş şəxsin məhkəməyə verdiyi izahat, inzibati xəta haqqında protokol və işin araşdırılmış digər halları ilə tam sübuta yetirilir. Onun inzibati məsuliyyətini istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, onun yaşını, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini məsuliyyətini yüngülləşdirən hal kimi və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində İXM-nin 157-ci maddəsinin sansiyasında nəzərədə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar