Məhkəmə qərarları › İş №3(074)-270/2023

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-270/2023

01.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-270/2023 01.08.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 26 oktyabr 1982-ci ildə Gürcüstan Respublikası, Dmanisi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, Şamaxı rayonu, Məlcək kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon İcra və Probasiya Şöbəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 izahat verib bildirdi ki, İsmayıllı rayon Məhkəməsinin 22 iyul 2022-ci il tarixli 2(037)-385/2022 saylı icra sənədinə əsasən xx.xx.2022-ci il tarixdən başladaraq Şəxs hər ay hər uşağa 140 manat olmaqla, cəmi 280 manat sabit pul məbləğində aliment alınaraq xx.xx.2008-ci il tarixdə doğulmuş X5 və xx.xx.2009-cu il tarixdə doğulmuş X1 yetkinlik yaşma çatana qədər saxlanılması üçün X2 verilməlidir. İcra sənədi şöbənin icraatına daxil olduqdan sonra icraata başlanılmış və icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası üçün bildiriş və inzibati məsuliyyətə veriləcəyi barədə xəbərdarlıqlar təqdim edilmişdir. Borclunun əmlak və gəlirlərinin axtarışları heç bir nəticə verməmiş, barəsində axtarış elan edilmişdir. Lakin o, icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədinin icrasından yayınmışdır. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədi üzrə 3550 manat borcu vardır. Sonuncu dəfə bu gün, yəni xx.xx.2023-cüi il tarixdə 300 manat ödəniş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verib bildirdi ki, yaranmış aliment borcundan boyun qaçırmır, sadəcə gözdən 2-ci qrup əlildir. Əlilliyi ilə bağlı heç bir yerdə işə götürmürlər. Hazırda işsizdir, amma özü musiqiçidir, toy olanda, imkan düşəndə bacardığı köməkliyi edir. Hal-hazırda o aliment borcundan 300 manat ödəniş etmiş və ona qalan borcundan ödəniş etmək üçün möhlət verilməsini xahiş edir. Zərərçəkmiş şəxs (tələbkar) X4 teleqramla məhkəməyə müraciət edərək məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini və alimentin tam ödənilməsi xahiş etmişdir. İş materiallarında olan İsmayıllı rayon Məhkəməsinin 22 iyul 2022-ci il tarixli 2(037)- 385/2022 saylı icra vərəqəsinin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdən başlayaraq Şəxs hər ay hər uşağa 140 manat olmaqla cəmi 280 manat sabit pul məbləğində aliment alınaraq xx.xx.2008-ci il tarixdə doğulmuş X5 və xx.xx.2009-cu il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün X2 verilməlidir. İş materiallarında olan Şamaxı rayon icra və probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarın və bildirişin surətindən görünür ki, icra vərəqəsi üzrə icraata başlanılmış və borclu Şəxs dərhal icranı təmin etməsinin təklif olunması qərara alınmışdır. İş materiallarında olan borclunun axtarılması haqqında xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, xx.xx.1982-ci il təvəllüdlü, Şamaxı rayonu, Məlcək kəndində qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan qəbzdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə icra sənədi üzrə borcundan 300 manat ödəniş etmişdir. Məhkəmə proses iştraçılarının izahatını dinləyib və inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətaların xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən olunmamasını nəzərə alıb, hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar