Məhkəmə qərarları › İş №3(074)-270/2025

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-270/2025

30.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-270/2025 30.07.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X5 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, şikayət verən - X2 iştirakı ilə, Şamaxı Rayon Polis X1 Bölməsinin İnzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EPQ ******* nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunan X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı Rayon Polis X1 Bölməsinin İnzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EPQ ******* nömrəli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə, saat 08:30 radələrində Şamaxı avtovağzal dairəsinin yaxınlığında olan “Mal bazarı” adlanan əraziyə bazarlıq etməyə getmişdir. Həmin vaxt bir kənarda dayanıb siqaret çəkirdir. Həmin zaman, Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşı ona yaxınlaşaraq, icazə verilməyən ərazidə siqaret çəkdiyini bildirərək, inzibati xəta törətdiyini və İnzibati Xətalar Məcəlləsinin 212.1-ci maddəsi ilə 30 manat cərimə olunduğunu demişdir. O, həmin əməkdaşa törətdiyi inzibati xətanı başa düşdüyünü bildirmişdir. Daha sonra, ona mobil telefonuna zəng olunaraq, onu polis şöbəsinə dəvət etmişdirlər. Polis şöbəsində məlum olmuşdur ki, o, İnzibati Xətalar Məcəlləsinin 212.4-cü maddəsi ilə 300 manat cərimə olunmuşdur. Lakin, o, səhər saatlarında bazar ərazisində olarkən, yalnız siqaret çəkmiş və polis əməkdaşı ona irad bildirərkən, siqareti söndürüb, cibinə qoymuş və heç bir siqareti, yaxud digər tullantını yerə atmamışdır. Odur ki, əməlində İnzibati Xətalar Məcəlləsinin 212.4-cü maddəsinin əlamətləri yoxdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X3 şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etdi. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş Şamaxı Rayon Polis X1 Bölməsinin sahə rəisi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə şikayət verən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şamaxı Rayon Polis X1 Bölməsinin İnzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EPQ ******* nömrəli qərarından görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 08:47-də X3 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 212.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və o, həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 300 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda sadalanan normaların tələblərindən göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, X2 əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 212.4-cü maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən hər hansı bir mötəbər sübut təqdim olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək, yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135-ci maddəsinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi halları müəyyən edildikdə, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilərək, yeni qərarın çıxarılması üçün əsasdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 212.1-ci maddəsinə əsasən, bu Məcəllənin 299, 305, 306.4, 318 və 322.0.4-cü maddələrində nəzərdə tutulan yerlər istisna olmaqla, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş digər yerlərdə tütün çəkməyə görə, otuz manat məbləğində cərimə nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X3 tərəfindən göstərilmiş dəlillər əsaslı olduğundan, şikayət qismən təmin edilməli, Şamaxı Rayon Polis X1 Bölməsinin İnzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EPQ ******* nömrəli qərarı ləğv edilməli, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 212.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 30 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. Şamaxı Rayon Polis X1 Bölməsinin İnzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EPQ ******* nömrəli qərarı ləğv edilsin. X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 212.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 30 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar