Məhkəmə qərarları › İş №3(074)-272/2022

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-272/2022

03.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-272/2022 03.11.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Müdafiəçi Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1976-cı ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 2(005)-3523/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasından yayınmış və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verib bildirdi ki, o, hal-hazırda küçə ticarəti ilə məşğul olur. İcra sənədinin icrasından boyun qaçırmır, imkanı olmayıb ona görə də borcunu ödəyə bilməmiş, amma ümumilikdə borcundan 200 manat ödəniş etmişdir. Ona möhlət verilsə borcundan hər ay ödəniş etməyə çalışacaqdır. Buna görə də barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Vəkil bildirdi ki, məhkəmənin icra sənədi icra olunmalıdır. Borclu Şəxs imkansızlıqdan borcunu ödəməyib, amma borclunun dediyinə görə, ona möhlət verilsə borcunu ödəyəcəkdir. Müdafiəçi bunların nəzərə alınaraq işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 izahat verib bildirdi ki, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 2(005)-3523/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən cavabdehlər Şəxs 6000 (altı min) manat məbləğində pul, X1 5400 (beş min dörd yüz) manat məbləğində pul və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 9,50 (doqquz manat 50 qəpik) manat iddiaçı X2 xeyrinə tutulmalıdır. Borclu Şəxs barəsində olan məhkəmə qərarı üzrə yaranmış borcunu ödəməyərək icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. İcra sənədinin icrası ilə əlaqədar olaraq icra məmuru tərəfindən borcluya rəsmi və şifahi qaydada barəsində borcun ödəmədiyi halda məsuliyyət ona izah edilmiş, lakin borcunu ödəməmiş, əmlak və gəlirlərinin axtarışları heç bir nəticə verməmiş, borcunu ödəməsi barədə ona dəfələrlə xəbərdarlıq edilmişdir. Həmçinin Şəxs izahat verərək burcunu tam şəkildə ödəyə bilməməsini bildirmişdir. Beləliklə də o, icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədinin icrasından yayınmışdır. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədi üzrə 5800 manat borcu vardır. İş materialarında olan Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 2(005)- 3523/2021 saylı, xx.xx.2021-ci il tarixli məhkəmə əmrinin surətindən görünür ki, cavabdehlər Şəxs 6000 (altı min) manat məbləğində pul, X1 5400 (beş min dörd yüz) manat məbləğində pul və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 9,50 (doqquz manat 50 qəpik) manat iddiaçı X2 xeyrinə tutulmalıdır. İş materiallarında olan icraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Şəxs 10 gün müddətində icranı könüllü təmin etməsinin təklif olunması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli bildirişin surətindən görünür ki, borcluya barəsində olan borcun icrasını könüllü təmin etməsi təklif edilmişdir. İş materiallarında olan icra işi üzrə şəxsi kartoçkadan görünür ki, borclu Şəxs adına tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, borclu ümumilikdə borcundan 200 manat ödəniş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib və inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs icra sənədi ilə üzərinə qoyulmuş öhdəliyini üzürsüz səbəbdən yerinə yetirməyərək, qanunla müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədinin icrasına səhlənkar yanaşılmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsində qeyd olunur ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, məhkəmə qərarının icra olunmamasındakı müddəti, həmçinin pulun ödənilməsi ilə bağlı icra sənədini icra etməyən şəxsin cərimə edilməsinin lüzumsuz olduğunu nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərdiyi 1 saat hüquqi yardıma görə 6 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən Vəkil hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 11(on bir) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 03 noyabr 2022-ci il tarixdən hesablansın. Şəxs inzibati həbs müddətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müəyyən etdiyi yerlərdə mühafizə altında saxlanılsın. Qərarın icrası Şamaxı rayon Polis Şöbəsinin inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərdiyi 2 saat hüquqi yardıma görə 12 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən Vəkil hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Etibar Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar