Məhkəmə qərarları › İş №3(074)-284/2022

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-284/2022

18.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-284/2022 18.11.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2, Zərərçəkmiş şəxs, Müdafiəçi Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1998-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şamaxı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon İcra və Probasiya Şöbəsində tərtib olunmuş 18 noyabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 izahat verib bildirdi ki, Şamaxı rayon Məhkəməsinin 10 mart 2022-ci tarixli, MTT(074)-3/2022 saylı qərardadına əsasən mülki işə baxılıb, qətnamə qəbul edilənədək Şəxs yetkinlik yaşına çatmayan xx.xx.2016-cı il təvəllüdlü X6, xx.xx.2018-ci il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X1 üçün 10 mart 2022-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 110 manat olmaqla, ümumilikdə 330 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. İcra sənədi şöbənin icraatına daxil olduqdan sonra icraata başlanılmış və icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası üçün bildiriş və inzibati məsuliyyətə veriləcəyi barədə xəbərdarlıqlar təqdim edilmişdir. Borclunun əmlak və gəlirlərinin axtarışları heç bir nəticə verməmişdir. Lakin o, icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədinin icrasından yayınmışdır. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədi üzrə 2640 manat borcu vardır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, o, icra sənədi ilə əlaqədar əvvələr icra şöbəsinə çağrılmamış, yalnız bu gün icra şöbəsinə çağrılmışdır. O, elə bu gün imkanı çatan qədər təxminən 300 manat ödəniş etmək istəmiş və borcunu isə ödəyəcəyini bildirsə də, tələbkar qərəzli şəkildə bütün borcunu ödəməsini tələb etmişdir. O, poçt vasitəsilə borcundan 292 manat ödəniş etmişdir. O, icra sənədinin icrasından boyun qaçırmır. Hazırda işsizdir, tələb olunan alimenti o bir dəfəyə ödəyə bilmir, amma gücü çatanı hər ay ödəyə bilər. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Vəkil izahat verib bildirdi ki, məhkəmənin icra sənədi icra olunmalıdır, amma bugün borclu heç bir yerdə işləmir və başqa heç bir gəlir yeri yoxdur. Eyni zamanda icaarata başlamaq haqqında qərar ona bu gün təqdim edilmiş və o, borcundan 292 manat ödəniş etmişdir. Hesab edir ki, qalan aliment borcunun ödənilməsi üçün ona şərait yaradılmalıdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verib bildirdi ki, borclu Şəxs icra sənədinin icrasından yayınmışdır. Belə ki, hal-hazıra kimi borclu Şəxs heç bir ödəniş etməyib. Üç uşaqdan ikisi xəstədir. Onların bütün xərcləri hazırda onun üzərindədir. Ana kimi o, da uşaqların saxlanılması üçün köməklik etməlidir. Odur ki, onun barəsində qanuna müvafiq qaydada tədbir görülməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin MTT(074)-3/2022 saylı, 10 mart 2022-ci tarixli qərardadının surətindən görünür ki, mülki işə baxılıb, qətnamə qəbul edilənədək Şəxs yetkinlik yaşına çatmayan xx.xx.2016-cı il təvəllüdlü X6, xx.xx.2018-ci il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X1 üçün 10 mart 2022-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 110 manat olmaqla, ümumilikdə 330 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, icra vərəqəsi üzrə icraata başlanılmış və borclu Şəxs 10 gün müddətində icranı dərhal təmin etməsinin təklif olunması qərara alınmışdır. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli № 2079/6 saylı bildirişin surətindən görünür ki, borclu Şəxs icranı könüllü həyata keçirməsi təklif olunmuşdur. İş materiallarında olan icra işi üzrə şəxsi kartoçkadan görünür ki, borclu Şəxs adına tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. İş materiallarında olan qəbzdən görünür ki, borclu Şəxs tərəfindən Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə 292 manat məbləğində pul köçürməsi olmuşdur. Məhkəmə, iş materiallarına və proses iştirakçısının izahatına məcmu halda qiymət verərək hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Proses iştirakçılarının məhkəmə iclasında verdiyi izahatdan və icra işinə əlavə edilmiş sənədlərdən aydın olur ki, borclu Şəxs borcunun ödənilməsinə laqeydlik göstərməmişdir. Belə ki, o, icraata başlamaq haqqında qərarı və tələbin könüllü icrası barədə bildirişi almamış, həmin sənədlər ona bu gün təqdim edilmişdir ki, belə olan halda borcluya tələbin könüllü icrası barədə müəyyən edilmiş müddət keçmədiyindən onun məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd edilən hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərdiyi 2 saat hüquqi yardıma görə 12 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən Vəkil hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərdiyi 2 saat hüquqi yardıma görə 12 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən Vəkil hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar