Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-287/2025 04.08.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X4 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, şikayət verən - X2 iştirakı ilə, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin İnzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ 29243581 nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunan X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin İnzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ 29243581 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə, saat 09:59-da Bakı- Şamaxı-Yevlax yolunun 130 km-liyində idarə etdiyi özünə məxsus “Hyundai Santafe minik” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman, BDYPİ-nin X1 tərəfindən müəyyən edilmiş hərəkət sürətinin 21-40 km/saat həddində aşmağa görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi əsası ilə ona 50 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Bildirir ki, Bakı-Şamaxı-Yevlax yolunun 130 km-liyində sürət həddi 90 km/saatdır. Odur ki, o, sürət həddini aşmamışdır. Qeyd edilənlərə əsasən, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin İnzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ 29243581 nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X3 şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etdi. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi nümayəndəsi vasitəsilə məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə şikayət verən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli, EQ 29243581 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 xx.xx.2025-ci il tarixdə, saat 09:59-da Bakı-Şamaxı-Yevlax yolunun 130 km “Hyundai Santafe minik” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən, yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmışdır. Nəticədə, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 50 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan görüntüdən müəyyən olunur ki, xx.xx.2025-ci il tarixdə, saat 09:59-da Bakı-Şamaxı-Yevlax yolunun 130-cu km hərəkətdə olarkən, “Hyundai Santafe minik” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü yolda müəyyən edilmiş 60 km/saat sürət həddini aşaraq, nəqliyyat vasitəsini 81 km/saat idarə etmişdir. Digər tərəfdən, məhkəmənin müraciəti əsasında Şamaxı Rayon Polis Şöbəsindən daxil olmuş məlumatda, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 130-cu kilometrliyində müəyyən edilmiş sürət həddinin 90 km/saat olması qeyd olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsinə əsasən, yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə, inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda sadalanan normaların tələblərindən göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materiallarından göründüyü kimi, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 130-cu kilometrliyində müəyyən edilmiş sürət həddi 90 km/saat olduğu halda, sürücü X3 nəqliyyat vasitəsini 81 km/saat idarə etmiş və bununla da, o, yolda müəyyən edilmiş sürət həddini aşmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135-ci maddəsinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması halları müəyyən edildikdə inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X3 tərəfindən göstərilmiş dəlillər əsaslı olduğundan, şikayət təmin edilməli, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin İnzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ 29243581 nömrəli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X3 tərəfindən verilmiş şikayət təmin edilsin. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin İnzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ 29243581 nömrəli qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №3(074)-287/2025
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-287/2025
04.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver